Məhkəmə qərarları › İş №2(010)-6042/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6042/2025

26.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6042/2025 26.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü Vəzirov Xəyal Hicran oğlunun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü il təvəllüdlü Vəzirov Xəyal Hicran oğlu onun oğludur. Oğlu Azərbaycan Respublikasının vətəndaşı olmuş, onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Oğlu evdə olan zaman xx.xx.2025-ci il tarixdə qəfil halı pisləşmiş, həmin gün onlar təcili tibbi yardım çağırmış, həkimlər gələrək onu müayinə etmiş, sahə həkiminə müraciət edilməsini tövsiyə edərək getmişlər. xx.xx.2025-ci il tarixdə isə oğlu yenə özünü pis hiss etmiş, onlar təcili tibbi yardım həkimlərini yenə çağırmış, təcili tibbi yardım həkimləri gələnədək oğlu ürək tutmasından yaşadıqları evdə vəfat etmişdir. Oğlunu Əmircan qəsəbə qəbiristanlığında dəfn etmişlər. Onun bütün qohumları oğlunun yas mərasimində iştirak etmişlər və həmin şəxslər də oğlunun ölməsi faktını təsdiq edə bilərlər. Lakin, oğlu öləndən sonra onların başı yas mərasiminə qarışmış, oğlunun ölümü barədə şəhadətnamə almaq üçün vaxtında lazımı sənədləri toplayıb müvafiq orqanlara təqdim etməmişlər. Sonradan o, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə gedərək oğlunun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istədikdə qeydiyyat şöbəsindən oğlu Vəzirov Xəyal Hicran oğlunun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydinin tərtib edilməsinin qeyrimümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, yuxarıda tələbinin əsası kimi istinad etdiyi fakt və halları göstərmiş, aşağıda isə bu halları təsdiq edən sübutların siyahısını qeyd etmişdir: 1) Doğum haqqında şəhadətnamə; 2) Təcili və tibii yardım stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsi; 3) Suraxanı rayon qeydiyyat şöbəsinin məktubu. Oğlunun xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. O, oğlu Vəzirov Xəyal Hicran oğlunun ölüm faktının müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən Vezirov Anar Hicran oğlu ifadəsində bildirdi ki, ərizəçi onun anası, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə onun qardaşıdır. 2025-ci ilin oktyabr ayının 11-də qardaşının vəziyyəti pisləşmiş və təcili tibbi yardıma çağırış verilmişdir. Təcili tibbi yardım briqdası çağırış üzrə ünvana gəlsə də, qardaşına hər hansı köməklik göstərilməmişdir. Daha sonra, yəni ertəsi gün oktyabr ayının 12-də qardaşının səhhəti yenə pisləşmiş, təcili tibbi yardıma çağırış verilsə də, həkim briqadası hadisə yerinə gələnədək qardaşı vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra onu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn etmişlər. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.1984-cü il tarixli, İX-JQ seriyalı, 461965 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Vəzirov Xəyal Hicran oğlu (atası Vəzirov Hicran Zəfər oğlu, anası X3) xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. “Respublika Təcili və X2 Mərkəzi” X6 Bakı şəhəri Suraxanı rayon Təcili və X2 Stansiyasının 1 saylı Bölməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadası xx.xx.2025-ci il tarixdə, saat 02:30-da çağırış üzrə ünvan 2 ünvanında yerləşən 10 nömrəli fərdi yaşayış evinə gələrək həkimə qədər ölüm (kişi cinsli meyid) faktını aşkar etmişlər. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə xx.xx.2025-ci il tarixdə ünvanlanmış 3-16-5/7-10-2709/25 nömrəli cavab məktubundan müəyyən olunur ki, Vəzirov Xəyal Hicran oğlunun ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Suraxanı rayon Əmircan Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 01/V-61 nömrəli arayışdan müəyyən olunur ki, ünvan 4 ünvanında qeydiyyatda olan ərizəçinin mərhum oğlu Vəzirov Xəyal Hicran oğlu xx.xx.2025-ci il tarixdə vəfat etmiş, mərhum Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Bakı Baş Səhiyyə Mərkəzi” X7 42 nömrəli şəhər poliklinikası tərəfindən ərizəçiyə xx.xx.2025-ci il tarixdə ünvanlanmış 18-1-1-97/2-V-62-xx-xx/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, vəfat edən xx.xx.1983-cü il təvəllüdlü Vəzirov Xəyal Hicran oğlunun 42 nömrəli şəhər poliklinikasına hər hansısa bir xəstəliklə bağlı heç vaxt müraciət etmədiyi bildirilmiş və ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən üzərində “Xəyal Hicran oğlu 1983 - 2025” qeyd edilmiş məzar və baş daşı aşkar olunur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları Ərizəçi mərhum oğlu xx.xx.1983-cü il təvəllüdlü Vəzirov Xəyal Hicran oğlunun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin oğlunun ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi

Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum oğlu xx.xx.1983-cü il təvəllüdlü Vəzirov Xəyal Hicran oğlunun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü Vəzirov Xəyal Hicran oğlunun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi oğlunun ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs ərizədə qeyd edilənləri öz ifadəsi ilə təsdiq etmişdir. Şahid ifadəsində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum oğlunun ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı xx.xx.1983-cü il təvəllüdlü Vəzirov Xəyal Hicran oğlunun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1983-cü il təvəllüdlü Vəzirov Xəyal Hicran oğlunun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü Vəzirov Xəyal Hicran oğlunun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar