Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6086/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, MŞB/20/2020-00513 nömrəli barışıq sazişinin 2-ci bəndinin (Tərəf 2 (Maraqlı şəxs ) hər ayın 10-dək, 235 manat miqdarında aliment ödəməyi öz öhdəsinə götürür) təsdiq edilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat pulun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbinin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, o - Ərizəçi cavabdeh Maraqlı şəxs ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur və nikah 17 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 adlı övladı doğulmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlarda cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozularaq, aralarında tez-tez mübahisələr baş vermişdir. Belə ki, cavabdeh mütəmadi evdə səbəbsiz yerə söz-söhbət yaradaraq, evdə gərginlik yaratmış, bu da onların münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Hazırda ər-arvad münasibətləri faktiki olaraq pozulmuşdur və hal-hazırda sadəcə formal xarakter daşıyır. Ailə münasibətlərinin bərpası və barışmaqları mümkün deyildir. Onunla cavabdeh arasında birgə nikahdan doğulmuş övladları onun yanında qalır. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, bundan sonra mediasiya şurasına müraciət etmişdir. Aralarında xx.xx.2024-cü il tarixdə MŞB/20/2020-00513 nömrəli barışıq sazişi bağlanmışdır. Belə ki, barışıq sazişinin 1-ci bəndi məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Lakin maraqlı şəxs hazırda həmin barışıq sazişinin 2-ci bəndini yerinə yetirmir. Hesab edir ki, cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşağının qeydinə qalmır. Cavabdeh Maraqlı şəxs bir ata kimi uşağın səhhəti, yaşayışı, gündəlik tələbatları ilə maraqlanmır. Onlar artıq faktiki olaraq ər-arvad kimi yaşamır. Bu vaxt ərzində cavabdeh uşağının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmamışdır. Valideynin uşağını saxlamaq vəzifəsini yadından çıxarmış və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməmişdir. Hal- hazırda uşağın bütün maddi xərclərini ərizəçi özü çəkir. Bütün bunlara əsasən hesab edir ki, uşağın diqqətəlayiq mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşağının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanuna uyğundur. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, tərəflər Ərizəçi və Maraqlı şəxs fevralda boşanmışdırlar. Alimentlə bağlı aralarında razılaşma olmuşdur. Lakin, Maraqlı şəxs pulunun olmadığını bildirərək alimenti ödəməmişdir. Qeyd edir ki, Maraqlı şəxs maaşından kredit borcunun tutulduğunu demişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənişi edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 521117 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 204 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-662/2025 saylı xx.xx.2025-ci il tarixli qətanməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs arasında Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2016-cı il tarixdə 17 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Bakı 20 saylı Mediasiya Təşkilatının X1 vasitəsilə Ərizəçi və Maraqlı şəxs arasında aşağıdakı məzmunda xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00513 nömrəli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:
1. Tərəf 1 (Ərizəçi) və Tərəf 2 (Maraqlı şəxs xx.xx.2016-cı il tarixdə 140715 № bağlanmış nikahın pozulmasına qarşılıqlı razıdırlar.
2. Tərəf 2 (Maraqlı şəxs) hər ayın 10-dək, 235 manat miqdarında aliment ödəməyi öz öhdəsinə götürür.
3. Tərəf 2 (Maraqlı şəxs), Tərəf 1 (Ərizəçi) ilə birgə nikahından doğulmuş övladı X3 ana Ərizəçi ilə qalmasına etiraz etmir.
4. Tərəf 1 ( Ərizəçi), Tərəf 2 ( Maraqlı şəxs ) ilə birgə nikahından doğulmuş X4 ata Maraqlı şəxs ilə istənilən vaxt görüşməsinə etiraz etmir.” Tətbiq edilən hüquq. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından aydın olur ki, sazişin müəyyən hissəsi maraqlı şəxs tərəfindən icra edilsə də, aliment hissəsində maraqlı şəxs barışıq sazişin şərtlərini yerinə yetirmir. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin müvafiq hissəsində təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə birgə nikahdan anadan olan övladlarının aylıq xərclərinin qarşılanması ilə bağlı barışıq sazişi imzalamışlar. Saziş könüllü qaydada icra edilmədikdən, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edib, məhkəmə isə, yuxarıda sadalanan halları nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, ərizəçinin ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-20 – 355-25, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi müvafiq hissədə aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: “Tərəf 2 ( Maraqlı şəxs ) hər ayın 10-dək, 235 manat miqdarında aliment ödəməyi öz öhdəsinə götürür.” Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva