Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6199/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X1 ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996- cı il tarixli Qanunu Maddə 3. Fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Ərizədən görünür ki, ərizəçinin məhkəmədən xahişi məhz hüquqi əhəmiyyəti olan faktın – müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi şəxsiyyəti haqqında məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilməsi zamanı sonuncunun Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 9 ünvanında rəsmi qeydə alındığı aşkar edilmişdir. Bundan əlavə, ərizəçi xüsusi icraat qaydasında ərizədə faktiki yaşayış ünvanı kimi Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu 155 qeyd etmişdir. Bununla əlaqədar olaraq ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə və ya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Ərizəçi ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-6199/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6199/2025
28.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver