Məhkəmə qərarları › İş №2(010)-621/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-621/2022

18.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-621/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 və cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın müəyyən edilməsi, miras əmlakın qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dаir ilk, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı və üçüncü şəxs Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən mərhum həyat yoldaşı X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 169.5 m2 olan fərdi yaşayış evinin 3/4 hissəsi üzərində, ** UG *** dövlət qeydiyyat nişanlı, “VAZ 21043” minik markalı və ** DR *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı nəqliyyat vasitələrindən ibarət miras əmlakın hər birinin 1/2 hissəsi üzərində qanun üzrə vərəsə kimi payının müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla mərhum həyat yoldaşı X9 arasında 09.09.2018-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 3303 saylı nikah qeydə alınmışdır. Birgə nikahlarından 12.11.2020-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Həyat yoldaşı Məmmədov Aqil 10.12.2020-ci ildə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona mərhum həyat yoldaşından miras qalmışdır. Həmin fərdi yaşayış evini onlar birgə nikahda olduğu dövrdə əldə etmişlər. Həmin yaşayış evinə dair mərhumun adına 05.04.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmçinin, mərhum həyat yoldaşının adına ** UG *** dövlət qeydiyyat nişanlı, “VAZ 21043” minik markalı və ** DR *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı avtomobillər olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum həyat yoldaşının valideynləridirlər. O, mərhum həyat yoldaşının birinci növbə vərəsəsidir. Bu səbəbdən də qeyd edilən əmlaklara dair mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 35 saylı notariat ofisinə ərizə ilə müraciət etsə də miras əmlaka dair məhkəmə mübahisəsi olduğundan X-428 nömrəli qərar ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Bu səbəbdən də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddianın dəyişdirilməsi. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən X1 miras qalmış ünvan 2 ünvanında yerləşən, iddiaçının mərhum əri ilə birgə nikah dövründə əldə etdikləri fərdi yaşayış evinin 5/8 hissəsində İddiaçı, 1/8 hissəsində övladı X6, 1/8 hissəsində Cavabdeh1, 1/8 hissəsində Cavabdeh2 paylarının müəyyən edilməsi, eləcə də miras əmlaka daxil olan nəqliyyat vasitələri - ** UG *** dövlət qeydiyyat nişanlı, “VAZ 21043” markalı avtomobil və ** DR *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” markalı avtomobillərə münasibətdə 1/4 hissədə İddiaçı Zamit qızının, 1/4 hissədə övladı X6, 1/4 hissədə Cavabdeh1 və 1/4 hissədə Cavabdeh2 qızının paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı və üçüncü şəxs Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X1 miras qalmış əmlakların - Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 2-ci küçə, ev 42A ünvanında yerləşən ümumi sahəsi 169.5 m2 olan fərdi yaşayış evinin, “VAZ 21043” minik markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin, “Mercedes Benz C 200” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin və bankda olan, İddiaçı tərəfindən nağdlaşdırılaraq mənimsənilmiş 30000 manat məbləğində pul vəsaitinin üzərində X2 qanun üzrə birinci növbəli vərəsələri olan atası Cavabdeh1, anası Cavabdeh2, arvadı İddiaçı və övladı X6 paylarının bərabər şəkildə, yəni hər bir əmlakda hər bir vərəsənin payının 1/4 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Cavabdeh2 23.08.1980-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, onların birgə nikahından 10.03.1989-cu ildə oğulları X9 anadan olmuşdur. X9 09.09.2018-ci ildə İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, onların birgə nikahından 12.11.2020-ci il təvəllüdlü X10 anadan olmuşdur. X9 10.12.2020-ci ildə vəfat etmişdir. Mərhum vəsiyyətnamə qoymamışdır. Onun ölümü ilə əlaqədar valideynlərinin və arvadının müraciəti əsasında Bakı şəhəri 35 saylı notariat ofisində qanun üzrə vərəsəlik hüququna dair vərəsəlik işi açılmışdır. X1 bu əmlaklar miras qalmışdır: ünvan 1 ünvanındakı fərdi yaşayış evi, “VAZ 21043” minik markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz C200” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil və bank hesabında pul vəsaiti. “Mercedes Benz C200” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətinə 23.05.2015-ci ildə, yəni nikaha daxil olmazdan əvvəl keçdiyindən, həmin miras əmlak onun vərəsələri olan atası, anası, arvadı və övladı arasında bərabər bölünməlidir. “VAZ 21043” minik markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətinə 18.12.2015-ci ildə, yəni nikaha daxil olmazdan əvvəl keçdiyindən, həmin miras əmlak onun vərəsləri olan atası, anası, arvadı və övladı arasında bərabər bölünməlidir. Miras əmlaka daxil olan pul vəsaiti ilə əlaqədar ilkin iddiaçı həmin pulu bank kartı vasitəsilə nağdlaşdırıb mənimsəmişdir və pul barəsində iddia ərizəsində heç nə göstərməmişdir. Onlarda olan məlumata görə mərhumun bank hesabında 30000 manat məbləğində pul olmuşdur. Həmin miras əmlak - pul vəsaiti də onun vərəsələri olan atası, anası, arvadı və övladı arasında bərabər bölünməlidir. Miras əmlaka daxil olan ünvan 1 ünvanındakı fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində 05.04.2019-cu ildə, yəni formal olaraq tərəflərin birgə nikahı dövründə qeydə alınsa da həmin fərdi yaşayış evi X2 arvadı İddiaçı ilə ümumi birgə mülkiyyətinə daxil deyil, onların ümumi gəlirləri hesabına əldə edilməmişdir. Odur ki, həmin əmlak da mərhumun vərəsələri olan atası, anası, arvadı və övladı arasında bərabər bölünməlidir. Başqa sözlə, mərhumun arvadı həmin fərdi yaşayış evinin yarı hissəsinə mülkiyyət hüququ əldə etməmişdir və miras əmlak tam bölünməlidir. Miras əmlakın yarı hissəsinin mərhumun arvadına verilməsi və yarı hissəsinin qanun üzrə vərəsəlik hüququ əsasında vərəsələr arasında bölüşdürülməsi isə yol verilməzdir. Ona görə ki: 1. İddia ərizəsinə əlavə olunmuş torpaq sahəsinin plan-ölçüsünün surətindən görünür ki, həmin evin yerləşdiyi torpaq sahəsi 26.09.2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə X4 mülkiyyətinə keçmişdir. 2. İddia ərizəsinə əlavə olunmuş layihənin surətindən görünür ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin layihəsi mərhumun nikaha daxil olmasından beş il əvvəl – 21.02.2014-cü ildə təsdiqlənmiş və həmin ildə tikilmişdir. 3. İddia ərizəsinə əlavə olunmuş kommunal xidmətlərə dair sənədlərdən görünür ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin qaz, işıq, su, internet təchizatı 2014 – 2016-cı illər ərzində, yəni nikahdan əvvəl həyata keçirilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qismən qəbul edərək bildirdi ki, o, mərhum həyat yoldaşı ilə ailə quranda Sumqayıt şəhərində yerləşən fərdi yaşayış evi hazır olsa da gəlin gəldikdən sonra evdə müəyyən təmir işləri aparılmış, pilləkən təmir edilmiş, fasadı rənglənmiş, oboyu dəyişdirilmişdir. O, mərhum həyat yoldaşı ilə birlikdə bu evdə yaşamışdır. Cavabdehlər isə heç vaxt həmin evdə yaşamamışdır. Lakin həyat yoldaşı vəfat etdikdən 40 gün sonra sonra cavabdehlər onu evdən qovmuş, ondan vərəsəlikdən imtina etməsini tələb etmişlər. Artıq iki ilə yaxındır ki, evinə girə bilmir. Bu səbəbdən həmin ev üzərində pay tələb edir. Avtomobillərə gəldikdə isə bu avtomobillər həyat yoldaşından miras qaldığından onun və azyaşlı oğlunun avtomobillər üzərində vərəsə kimi payları var. Mərhum həyat yoldaşının 30000 manat məbləğində pulunun olması ilə bağlı qeyd edilənləri isə qəbul etmir. Belə ki, nikahda olduqları dövrdə həm o, həm də yoldaşı işləmiş, onun maaşı 300 manat, yoldaşının maaşı isə 1000 manat olmuşdur. Lakin aylıq gəlirlərinin böyük hissəsi, təxminən ayda 500-600 manat məbləğində pul yoldaşının xəstəliyinin müalicəsinə, eyni zamanda onun hamiləliyi ilə bağlı xərclərə sərf olunmuşdur. Yəni, onların evdə 12000 manat məbləğində pulu heç vaxt olmamışdır. Yalnız həyat yoldaşının ölümündən sonra işçinin ölümünə görə hesabına təxminən 8500 manat məbləğində müavinət köçmüşdür ki, bu pulu da körpə uşağın xərcləri, kirayə xərclərinin qarşılanması üçün xərcləmişdir. Çünki cavabdehlər həyat yoldaşının vəfatından sonra onu və uşağını evdən qovmuşlar. Bu səbəbdən hazırda rayonda anasının evində qalırlar. Halbuki, ərindən miras qalmış əmlakda həm onun, həm də oğlunun payı var. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı mərhum ərindən bir fərdi yaşayış evi, iki avtomobil miras qalmışdır. Bu fərdi yaşayış evi iddiaçı və mərhum ərinin birgə nikahı dövründə əldə edildiyindən həmin ev üzərində 5/8 hissədə iddiaçının, 1/8 hissədə azyaşlı oğlunun, qalan 2/8 hissədə isə ilk iddia üzrə cavabdehlərin payları müəyyən edilməlidir. Avtomobillər üzərində isə miras əmlak kimi hər bir tərəfin 1/4 hissədə payı müəyyən edilməlidir. Bankda olan vəsaitə gəldikdə isə iş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna verilmiş cavabdan görünür ki, mərhumun hesabına ölümündən sonra müavinət köçsə də bu, qarşılıqlı iddiaçıların iddia etdiyi məbləğdə olmamışdır. Hesab edir ki, qarşılıqlı iddia tələbinə bu hissədə münasibət bildirilərkən "xxxx" ASC tərəfindən verilmiş cavab nəzərə alınmalıdır. Hər bir halda qeyd edir ki, ilk iddiaçı və azyaşlı oğlunun ilk iddiaçının mərhum ərindən miras qalmış əmlaklar üzərində mərhumun birinci növbə vərəsələri kimi pay hüququ var. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddianı müdafiə edib, ilk iddianı qismən qəbul edərək bildirdi ki, ilk iddiaçının pay tələb etdiyi fərdi yaşayış evi o, bu evə gəlin köçəndə artıq hazır olmuşdur. Avtomobillər isə mərhum oğlu ilk iddiaçı ilə nikaha daxil olmazdan əvvəl alınmışdır. Bu səbəbdən bu əmlaklar üzərində ilk iddiaçı və oğlunun vərəsə kimi 1/4 hissədə payının müəyyən edilməsinə etirazı yoxdur. Lakin ilk iddiaçı oğlundan miras qalmış pulları mənimsəmişdir. Belə ki, mərhum oğlu hələ sağlığında ona demişdir ki, onun 12000 manat nağd pulu var və evdə mansarda - köhnə paltaryuyan maşının içinə qoymuşdur. Oğlu vəfat edəndən sonra o, yoldaşı və ilk iddiaçı mansarda qalxmış, pulu götürmək istəmişlər. Lakin oğlunun dediyi yerdə pul tapmamışlar. Bu zaman İddiaçı onlara demişdir ki, pulu özü götürmüşdür. Həmin vaxt onlar belə qərara gəlmişlər ki, xanım mərhum övladlarının həyat yoldaşı olduğundan həmin pul onda qalsın. Əgər İddiaçı onlara qarşı iddia qaldırmasa idi onlar da həmin pulu tələb etməzdilər. Bundan başqa oğlunun vəfatından sonra onun bank hesabına müavinət köçmüşdür ki, həmin pulu da ilk iddiaçı götürüb xərcləmişdir. Hazırda onlar bu pulun da üzərində mərhum oğullarının vərəsələri olaraq pay tələb edirlər. Odur ki, məhkəmədən ilk iddianın qismən, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 digər qarşılıqlı iddiaçının izahatına uyğun məzmunda izahat verərək əlavə etdi ki, oğluna məxsus 12000 manat məbləğində pulu ilk iddiaçının saxlamasına razılıq versələr və heç vaxt bu pulu ona bağışlamamışlar. Onlar sadəcə olaraq mərhum oğullarının həyat yoldaşı olduğunu nəzərə alaraq pulun saxlamaq üçün onda qalmasına razılıq vermişlər. Hazırda mərhum oğullarından miras qalmış fərdi yaşayış evi, iki avtomobil üzərində hər birinin 1/4 hissədə payının müəyyən edilməsinə etiraz etmirlər. Lakin bu zaman oğluna məxsus bank hesablarında olan və ilk iddiaçının xərclədiyi pullar da nəzərə alınmalı, bu pullar üzərində də miras əmlak kimi paylar müəyyən edilməlidir. Odur ki, məhkəmədən ilk iddianın qismən, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddianı müdafiə edib, ilk iddianı qismən qəbul edərək bildirdi ki, ilk İddiaçı 2018-ci ildə mərhum X9 ilə ailə qurmuşdur. Onların nikaha daxil olmasından təxminən yeddi ay sonra ilk iddiaçının 5/8 hissədə pay tələb etdiyi fərdi yaşayış evi mərhumun adına qeydiyyata alınmışdır. Evin məhz birgə nikah dövründə mərhumun adına qeydiyyata alınmasına istinad edən ilk iddiaçı bu evin birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu bildirir. Halbuki bu belə deyil. Belə ki, ilk iddiaçı özü də qəbul etmişdir ki, o, həmin evə gəlin köçəndə bu ev artıq tikilmişdi. Həmçinin, iş materiallarında mərhumun bu evlə bağlı bəzi sənədləri hələ nikahdan xeyli əvvəl aldığı görünür. Belə ki, torpaq sahəsinin plan-ölçü sənədlərindən görünür ki, evin yerləşdiyi torpaq sahəsi 2008-ci ildə mərhumun mülkiyyətinə keçmişdir. Bu torpaq sahəsində tikilən evin layihəsi hələ 2014-cü ildə tərtib edilmişdir. Eyni zamanda, ev üçün 2014-2016-cı illər ərzində kommunal ödənişlər edildiyi də iş materiallarından görünür. Bunlardan əlavə iş materiallarına video görüntülər əlavə edilmişdir ki, buradan da ilk iddiaçının özünün də qəbul etdiyi kimi evə gəlin köçəndə evin tam hazır olduğu görünür. Tam hazır vəziyyətdə olan bu evin məhz birgə nikah dövründə rəsmi olaraq mərhumun mülkiyyəti kimi qeydiyyata alınması o demək deyil ki, bu ev birgə nikah dövründə, birgə təsərrüfat hesabına əldə edilmişdir. Həmçinin, ilk iddiaçı mərhum əri ilə qısa müddət nikahda qalmış, özünün də qəbul etdiyi kimi aylıq gəlirləri çox da yüksək olmamış, üstəlik bu gəlirin əhəmiyyətli hissəsi onların müalicələrinə xərclənmişdir. Belə bir vəziyyətdə onların bu evi 6-7 ay ərzində birgə nikah dövründə əldə etdikləri gəlir hesabına tikdirməsi qeyrimümkündür. Həmçinin, nəzərə alınmalıdır ki, hazır evin pilləkənlərinin təmir edilməsi, fasadının rənglənməsi və s. kimi təmir işlərinin görülməsi əsaslı yaxşılaşdırma sayılmır. Hansı ki, tərəflərin nikahda olduqları qısa müddət ərzində bu təmir işlərini gördürmək üçün belə kifayət qədər maddi gəlirinin olması iş materialları ilə sübut olunmur. Bu səbəbdən ilk iddiaçı bu ev üzərində birgə nikah dövründə əldə edilmiş əmlak kimi 1/2 hissədə pay tələb edə bilməz. O, yalnız ev üzərində mərhumun vərəsəsi kimi pay tələb edə bilər ki, qarşılıqlı iddiaçılar buna etiraz etmir. Eyni zamanda, mərhumdan miras qalmış iki avtomobil üzərində də ilk iddiaçının 1/4 hissədə payının müəyyən edilməsinə qarşılıqlı iddiaçılar razıdır. Ev və avtomobillərdən başqa mərhumun ölümündən sonra onun bank hesabına köçürülmüş pul məbləği vardır ki, həmin pul da mərhumun ölümündən sonra miras kütləsinə daxil olmuşdur. Məhkəmə tərəfindən mərhuma məxsus hesablarda nə qədər vəsait olması ilə bağlı həm "xxxx" ASC-yə, həm də "xxxx" ASC-yə müraciət edilsə də hesab edir ki, hazırda "xxxx" ASC tərəfindən verilmiş cavabla kifayətlənmək olar. Hər bir halda mərhuma məxsus hesaba onun ölümündən sonra köçürülmüş pul da miras əmlakın kütləsinə daxildir və həmin pul üzərində də digər miras əmlaklar kimi tərəflərin 1/4 hissədə payları müəyyən edilməlidir. Odur ki, məhkəmədən ilk iddianın qismən, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həm ilk, həm də qarşılıqlı iddia üzrə üçüncü şəxs Bakı şəhəri 35 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.09.2018ci il tarixli, AZ-İİ seriyalı, 296709 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 və İddiaçı arasında 09.09.2018-ci il tarixdə nikah bağlanmış, bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3303 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Ədilova soyadı verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.12.2020ci il tarixli, AZ-İV seriyalı, 538445 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 (atası X9, anası İddiaçı) 12.11.2020ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 22.12.2020-ci il tarixdə 6464 nömrə ilə qeyd edilmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli, AZ-İİ seriyalı, 176809 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 “ağciyər-ürək çatışmazlığının digər dəqiqləşdirilmiş formaları”ndan 10.12.2020-ci ildə Sumqayıt şəhərində ölmüş, bu barədə 16.12.2020-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1978 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 169.5 m2 olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına 05.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən 30.06.2021ci ildə verilmiş komputer çıxarışıdan görünür ki, “VAZ 21043” minik markalı, ** UG *** dövlət qeydiyyat nişanlı və “Mercedes C200” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibi X7r. Bakı şəhəri 35 saylı notariat ofisinin İddiaçı ünvanladığı 02.09.2021-ci il tarixli, X-428 nömrəli məktubda qeyd edilir: “Sizin Bakı şəhəri 35 saylı notariat ofisində X2 miras əmlakına dair məhkəmə mübahisəsi olduğu üçün sizə vərəsəlik şəhadətnaməsinin verilməsi dayandırılır”. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş, 02.04.2019-cu il tarixli, 35906 inventar nömrəli texniki pasportun notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 2-ci küçə, 42 A ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu X4 adına 02.04.2019-cu il tarixdə tərtib edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 17.03.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, X4 adına "xxxx" ASC-də açılmış hesaba 17.12.2020-ci il tarixdə 1094.72 manat, 24.12.2020-ci il tarixdə 9287.41 manat məbləğində pul köçürülmüşdür. İşin faktiki halları. İddiaçı və X9 09.09.2018-ci il tarixdə nikaha daxil olmuşdur. Bu nikahdan 12.11.2020ci il təvəllüdlü X10 doğulmuşdur. Bundan sonra, 10.12.2020-ci il tarixdə X9 ölmüşdür. İddiaçı və X9 nikahda olduqları dövrdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X4 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, X2 mülkiyyətində “Vaz 21043 minik” markalı, ** UG *** dövlət qeydiyyat nişanlı və “Mercedes C 200 minik” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı iki avtomobil olmuşdur. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı mərhum əri ilə birgə nikahları dövründə əldə edilmiş fərdi yaşayış evi üzərində 5/8 hissədə öz payınn, 1/8 hissədə azyaşlı oğlunun, avtomobillər üzərində isə 1/4 hissədə öz payının, 1/4 hissədə isə azyaşlı oğlunun vərəsə kimi paylarının müəyyən edilməsini xahiş etmişdir. X2 valideynləri olan Cavabdeh1 və Cavabdeh2 da öz növbələrində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin mərhum oğulları və ilk iddiaçının birgə nikahı dövründə əldə edilmədiyini bildərərək, ilk iddiaçının və azyaşlı oğlunun bu əmlak üzərində olan payının yalnız vərəsə kimi hər birinə 1/4 hissədə müəyyən edilməsini xahiş etmişdir. Bundan başqa, avtomobillərlə bağlı hissədə ilk iddianı qəbul edərək, mərhum oğullarından miras qalmış avtomobillər üzərində 1/4 hissədə ilk iddiaçının, 1/4 hissədə azyaşlı oğlunun, qalan 2/4 hissədə isə onların bərabər paylarının müəyyən edilməsini xahiş etmişlər. Eyni zamanda, mərhum oğullarına məxsus bank hesablarında 30000 manat məbləğində pul olduğunu iddia edərək, bu pulun da hər birinə 1/4 hissə olmaqla miras əmlakdan pay kimi bölünməsini xahiş etmişlər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Mülkiyyət hüququ. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Maddə 1133. Vərəsəlik anlayışı. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134. Vərəsələr. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Mirasın açılması. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1162. Sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1243. Mirasın qəbul edilməsi. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1244. Mirasın fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən qəbul edilməsi. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Maddə 1246. Mirasın qəbul edildiyi müddət. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 14. Nikaha xitam verilməsinin əsasları. 14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları.

1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: e) işçi vəfat etdikdə. Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları.

7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23.07.2021-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.04.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20.05.2015-ci il tarixli Qərarı: Mirasa daxil olan əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilibedilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 155. Qarşılıqlı iddianın verilməsi. 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Maddə 156. Qarşılıqlı iddianın qəbul edilməsi şərtləri. 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.

Məhkəmənin mövqeyi. İşin faktiki hallarından göründüyü kimi həm ilk, həm də qarşılıqlı iddia tələbinin predmetini X1 miras qalmış əmlakın vərəsələr arasında bölünməsi təşkil edir. Bölünməsi tələb edilən miras əmlaka daxildir: 1) fərdi yaşayış evi; 2) iki avtomobil; 3) mərhumun bank hesabına köçürülmüş vəsait. Məhkəmə bu əmlakların ayrı-ayrılıqda birgə nikah dövründə əldə edilmiş ümumi əmlak, yaxud yalnız miras əmlaka daxil olan əmlak olması, əgər miras əmlakdırsa, hazırkı iş üzrə tərəflərin bu əmlaklardan vərəsə kimi pay tələb etmək hüquqlarının olub-olmaması, əgər belə hüquqları varsa, onların miras əmlakdakı paylarının həcmi kimi məsələrə tək-tək münasibət bildirməyi zəruri hesab edir.

1) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi.

İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 169.5 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına 05.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İlk İddiaçı və X4 09.09.2018-ci il tarixdə rəsmi nikaha daxil olduğu və bu nikahın X4 10.12.2020-ci il tarixdə ölümünədək qüvvədə olduğu nəzərə alındıqda bu fərdi yaşayış evinin İddiaçı və X4 məhz birgə nikahda olduqları dövrdə mərhumun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış olması mübahisəsizdir. Lakin bu əmlakın ərlə arvadın ümumi mülkiyyəti kimi qiymətləndirilə bilməsi üçün mülkiyyət hüququnun məhz nikah dövründə dövlət qeydiyyatına alınmış olması faktı kifayət etmir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarında da qeyd edildiyi kimi ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Bu baxımdan əgər ilk İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum əri ilə ümumi mülkiyyəti olduğunu iddia edirsə, o, bu əmlakın mərhum əri ilə birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə edildiyini sübut etməlidir. Hazırkı işdə isə bunun əksi baş vermişdir. Belə ki, ilk növbədə, məhkəmə iclasında izahat verən ilk iddiaçı özü qəbul etmişdir ki, o, mərhum əri ilə ailə quranda bu ev artıq hazır vəziyyətdə olmuşdur. Bununla belə o, nikahdan sonra ev üzərində bəzi təmir işləri görüldüyünə istinad etmişdir. Məhkəmə qeyd edir ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya arvadın şəxsi əmlakı hesabına ərin öz əmlakının dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) halda ərin əmlakının ərlə arvadın birgə mülkiyyəti kimi qəbul edilməsi mümkündür. Lakin hər bir halda bunu sübut etmək bu halın mövcudluğunu iddia edən tərəfin – yəni hazırkı iş üzrə ilk iddiaçının üzərinə düşür. Lakin iş materiallarından belə görünür ki, ilk iddiaçı bu əmlakın mərhum əri ilə birgə mülkiyyəti olduğunu təsdiq edən sübut kimi yalnız əmlakın ərinin mülkiyyəti kimi dövlət qeydiyyatına alındığı tarixin formal olaraq onların birgə nikahı dövrünə təsadüf etməsinə istinad etməklə kifayətlənmişdir. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi mirasa daxil olan əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, bu cür məsələləri qanunvericiliyin verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Bundan başqa, nəzərə alınmalıdır ki, iş materiallarında sözügedən ünvana müxtəlif kommunal xidmətlərin göstərildiyini təsdiq edən sənədlər mövcuddur. Hansı ki, bu sənədlərdən görünür ki, müvafiq xidmətlər ilk iddiaçı və mərhumun nikahından illər əvvəl, hələ 2014-2015-ci illərdə göstərilmişdir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 169.5 m2 olan fərdi yaşayış evi hər nə qədər birgə nikah dövründə ərin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış olsa da ərlə arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdilmədiyi sübuta yetirildiyindən ərlə arvadın ümumi əmlakı kimi qəbul edilə bilməz. Bu isə o deməkdir ki, bu əmlak X1 miras qalmış əmlakdır. Belə ki, bu əmlak üzərində mülkiyyət hüququ miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququdur. (miras aktivi) Yuxarıda istinad edilmiş qanunvericilik normalarından göründüyü kimi ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi müəyyən edilmişdir. Hazırkı işdə mərhum X9 ölümündən əvvəl mülkiyyətində olan əmlakla bağlı heç bir vəsiyyətnamə tərtib etmədiyindən ondan qalmış miras əmlakla bağlı yalnız qanun üzrə vərəsəlik qüvvədədir. X9 10.12.2020-ci il tarixdə öldüyündən ondan qalmış miras əmlakın açıldığı tarix həmin tarixdir. Hazırkı iş üzrə tərəf olan ilk iddiaçı miras qoyanın arvadı, qarşılıqlı iddiaçılar isə valideynləri olmaqla miras qoyanın birinci növbədə vərəsələridir. Həmçinin, miras qoyanın ilk iddiaçıdan olan yetkinlik yaşına çatmamış bir uşağı vardır ki, bu uşaq da iş üzrə tərəflərlə eyni qaydada miras qoyanın birinci növbədə vərəsəsidir. Beləliklə, miras qoyanın birinci növbədə dörd vərəsəsi vardır və onların hər birinin miras əmlak üzərində bərabər pay hüququ vardır. Belə olan halda ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 169.5 m2 olan fərdi yaşayış evi üzərində bu vərəsələrin hər birinin bərabər payı – hər birinə 1/4 hissə olmaqla müəyyən edilməlidir.

2) “VAZ 21043” minik markalı, ** UG *** dövlət qeydiyyat nişanlı və “Mercedes C200” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobillər.

İş materiallarından görünür ki, “Mercedes C200” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil 23.05.2015-ci il tarixdən, “VAZ 21043” minik markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobil isə 18.12.2015-ci il tarixdən X4 adına qeydiyyata alınmışdır və hazırda da onun adında qeydiyyatda görünür. Deməli, bu avtomobillərin hər ikisi X3 miras qalmış əmlakın kütləsinə daxildir. Belə olan halda yuxarıda müəyyən edilmiş dörd nəfər birinci növbədə vərəsənin hər birinin bu avtomobillər üzərində 1/4 hissədə payı müəyyən edilməlidir.

3) mərhumun bank hesabına köçürülən pul.

Qarşılıqlı iddia tələbindən görünür ki, qarşılıqlı iddiaçılar mərhum X8 məxsus bank hesabında 30000 manat məbləğində pul olduğunu, ilk iddiaçının bu pulu mənimsədiyini bildirərək həmin pul üzərində vərəsə kimi hər birinə 1/4 hissədə paylarlarının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən mərhumun əmək haqqı kartının bağlı olduğu "xxxx" ASC-yə sorğu ilə müraciət edilmiş, Bank tərəfindən müvafiq hesabdan çıxarış məlumatları məhkəməyə təqdim edilmiş və bu məlumatlar əsasında müəyyən edilmişdir ki, X4 ölümündən sonra - 17.12.2020-ci il tarixdə 1094.72 manat, 24.12.2020-ci il tarixdə isə 9287.41 manat olmaqla, cəmi 10382.13 manat məbləğində pul mərhumun hesabına köçürülmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, bu pul işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında ödənilən müavinətdir. Belə olan halda həmin 10382.13 manat məbləğində pul üzərində də yuxarıda qeyd edilmiş dörd vərəsənin bərabər – 1/4 hissədə payı müəyyən edilməlidir. Mərhuma məxsus bank hesabında daha artıq məbləğdə pul olması isə iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda, qarşılıqlı iddiaçıların izahatlarında istinad etdikləri mərhumun evində 12000 manat məbləğində pul olması ilə bağlı qeyd edilənlər də heç bir sübutla təsdiq edilməmişdir.

Məhkəmə xərcləri.

İş materiallarından görünür ki, həm ilk, həm də qarşılıqlı iddia ərizələri üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun rüsumu ödəmiş tərəfə aid edilməsi ilk və qarşılıqlı iddia tələblərinin təmin edilmiş hissələrinə mütənasibdir. Odur ki, həm ilk, həm də qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu rüsumu ödəmiş tərəfə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia qismən təmin edilməli, X3 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 169.5 m2 olan fərdi yaşayış evi, “VAZ 21043” minik markalı, ** UG *** dövlət qeydiyyat nişanlı və “Mercedes C200” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində 1/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə Cavabdeh2, 1/4 hissədə 12.11.2020-ci il təvəllüdlü X6 payları müəyyən edilməli, ilk iddia qalan hissədə təmin edilməməli, X2 vəfatı ilə əlaqədar vərəsələrinə ödənilməsi üçün mərhumun "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına köçürülmüş 10382.13 manat (on min üç yüz səksən iki manat on üç qəpik) məbləğində pul üzərində 1/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə Cavabdeh2, 1/4 hissədə 12.11.2020-ci il təvəllüdlü X6 payları müəyyən edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, ilk və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İlk iddia qismən təmin edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. X3 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 169.5 m2 olan fərdi yaşayış evi, “VAZ 21043” minik markalı, ** UG *** dövlət qeydiyyat nişanlı və “Mercedes C200” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində 1/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə Cavabdeh2, 1/4 hissədə 12.11.2020-ci il təvəllüdlü X6 payları müəyyən edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. X4 vəfatı ilə əlaqədar vərəsələrinə ödənilməsi üçün mərhumun "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına köçürülmüş 10382.13 manat (on min üç yüz səksən iki manat on üç qəpik) məbləğində pul üzərində 1/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə Cavabdeh2, 1/4 hissədə 12.11.2020-ci il təvəllüdlü X6 payları müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş tərəfə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar