Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-66/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Kazımov Cavabdeh qarşı kompensasiya ödənilməklə əmlaka pay hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Kazımov Cavabdeh qarşı kompensasiya ödənilməklə əmlaka pay hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsini, həmin torpaq sahəsində inşa edilmiş və müvafiq məhkəmə qətnaməsi ilə dəyəri 50000 (əlli min) manat müəyyən edilmiş fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərəflərin həmin torpaq sahəsinə və fərdi yaşayış evinə olan paylarına mütənasib surətdə (yəni 2/3 iddiaçının, 1/3 cavabdehin) bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Kazımov Cavabdeh ilə 01.07.2004-cü il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikahdan onların 15.08.2005-ci il təvəllüdlü Kazımzadə Nəzrin Cavabdeh qızı və 24.11.2007-ci il təvəllüdlü Kazımzadə Ləman Cavabdeh qızı adlı iki övladları vardır. Cavabdehlə aralarında olan nikah Suraxanı Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli, 2(010)-110/2017 saylı qətnaməsi ilə ləğv edilmiş, uşaqların onun himayəsində saxlanılması və yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-4901 /2017 saylı, 24 iyul 2017- ci il tarixli qətnaməsinə əsasən onun cavabdeh Kazımov Cavabdeh qarşı "payda mülkiyyət hüququnun tanınması tələbinə dair" iddiam təmin edilərək cavabdeh Kazımov Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları əmlak hesab edilməsi, iddiaçı olaraq onun və cavabdeh Kazımov Cavabdeh arasında paylı mülkiyyət kimi bölünməsi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsinin 2/3 hissəsinə onun və 1/3 hissəsinə cavabdeh Kazımov Cavabdeh pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bundan sonra isə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(010)-809/2018 saylı qətnaməsinə əsasən onun cavabdeh Kazımov Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair" iddiam təmin olunaraq Suraxanı rayonu, Əmircan qəsəbəsində olan 0,015 ha torpaq sahəsində tikilmiş ekspertiza rəyinə əsasən bazar qiyməti ilə 50000 (əlli min) manat məbləğində qiymətləndirilmiş fərdi yaşayış evin onun 2/3 payı və cavabdeh Kazımoz Cavabdeh isə 1/3 payının müəyyən edilməsi qət edilmişdir. Qeyd edilir ki, torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ev və tərəflərin paylı mülkiyyət hüquqları məhkəmə qaydasında müəyyən edilmişdir. Lakin cavabdeh mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Hazırda cavabdehlə münasibətləri kəskin sürətdə pis olduğundan o, həmin torpaqdan və torpaqda inşa edilmiş evdən istifadə edə bilmir. Ümumiyyətlə, onun cavabdehlə orada bir yaşamağı mümkün deyil və belə olan halda gələcəkdə xoşagəlməz hadisələr, hətta cinayət hadisəsi baş verə bilər. Daha doğrusu cavabdeh barəsində müvafiq məhkəmə hökmü də mövcuddur. Belə olan şəraitdə payların real bölünməsi zərurəti yaranmışdır və əgər bölgü mümkün olmazsa məhkəmə tərəfindən açıq hərrac vasitəsi ilə mübahisəli evin satılaraq paylara uyğun olaraq pulun verilməsi təmin edilməlidir. Ona görədə hesab edir ki, həm torpaq sahəsi, həm də torpaq sahəsində inşa edilən dəyəri 50000 manat qiymətləndirilmiş fərdi yaşayış evi hərrac yolu ilə satılmalı və hərracdan əldə olunmuş pul vəsaiti tərəflərin paylarına uyğun olaraq bölünməlidir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən cavabdeh Kazımov Cavabdeh xüsusi mülkiyyətində olan 0,015 ha torpaq sahəsinin mövcud bazar qiyməti müəyyən edildikdən sonra cavabdehin Suraxanı Rayon Məhkəməsinin 2(010)-4901 /2017 saylı, 24 iyul 2017ci il tarixli qətnaməsinə əsasən həmin daşınmaz əmlak üzərində 1/3 hissədə müəyyən edilmiş payının iddiaçı tərəfindən kompensasiya edilərək cavabdehin həmin mülkiyyət hüquqlarına xitam verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi üzərində inşa edilmiş, müvafiq ekspertiza ilə dəyəri 50.000 manat qiymətləndirilən fərdi yaşayış evinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(010)-809/2018 saylı qətnaməsinə əsasən cavabdeh Kazımov Cavabdeh 1/3 hissədə müəyyən edilmiş payının – yəni 16.667 manat pulun iddiaçı tərəfindən cavabdehə ödənilməklə (kompensasiya edilməklə) cavabdehin həmin əmlak üzərindəki pay hüququnun xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh Kazımov Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: - Suraxanı Rayon Məhkəməsinin 2(010)-4901/2017 saylı, 24.07.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Kazımov Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsinin tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları əmlak hesab edilərək iddiaçı Əhədova (Kazımova) Leyla Faiq qızı və cavabdeh Kazımov Cavabdeh arasında paylı mülkiyyət kimi bölünməsi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsinin 2/3 hissəsinə iddiaçı Əhədova (Kazımova) Leyla Faiq qızının və 1/3 hissəsinə cavabdeh Kazımov Cavabdeh pay hüquqları üzrə mülkiyyət hüququnun tanınması qət edilmişdir. - Suraxanı Rayon Məhkəməsinin 2(010)-809/2018 saylı, 25.09.2018-ci il tarixli qətnaməsindən görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində olan 0,015 ha torpaq sahəsində tikilmiş, ekspertiza rəyinə əsasən bazar qiyməti ilə 50.000 (əlli min) manat məbləğində qiymətləndirilmiş fərdi yaşayış evinə İddiaçı 2/3 payı və cavabdeh Kazımov Cavabdeh 1/3 payı müəyyən edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 29.10.2021-ci il tarixli, 10/5174 nömrəli ekspert rəyindən görünür ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin tərəflər arasında 2/3 və 1/3 hissədə naturada bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti -X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır. - "xxxx" MMC-nin 11.03.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsinin müqayisə yanaşması ilə bazar dəyəri 21 450 (iyirmi bir min dörd yüz əlli) manat, likvid dəyəri isə 15.000 (on beş min) manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, məhkəmə qətnamələri ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsinə 2/3 hissədə İddiaçı və 1/3 hissədə cavabdeh Kazımov Cavabdeh pay hüquqları müəyyən edilmiş həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi isə 50.000 manat dəyərində qiymətləndirilmişdir. Fərdi yaşayış evi ilə bağlı qəbul edilən qətnamədən müəyyən olunur ki, evin tikintisinə sərf olunan məbləğə tərəflərin payları müəyyən edilmişdir. Hazırda İddiaçı cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının pozulduğuna və AR MM-nin 220.4-cü maddəsinə istinad edərək cavabdehin 1/3 hissədə payının dəyərinin, yəni 16.667 manatın iddiaçı tərəfindən cavabdehə ödənilməklə (kompensasiya edilməklə) onun pay hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. AR Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli “AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair qərarına əsasən, Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür. Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konket halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür:mülkiyyətçinin payı cüzi olduqda, naturada ayrılması mümkün olmadıqda, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Məhkəmə bildirir ki, yuxarıda qeyd olunan normanın tələbindən də göründüyü kimi iddianın Mülki Məcəllənin 220.4-cü maddəsinə görə əsaslı olması üçün mübahisələndirilən pay cüzi olmalı, real surətdə ayrıla bilməməli və payın mülkiyyətçisinin əmlak üzərində mühüm mənafeyi olmamalıdır. Başqa sözlə cüzi pay sahibinin payı digər payçılara nisbətdə hər hansı əhəmiyyətli rol oynamamalı, əmlakın idarə edilməsində hər hansı əhəmiyyət kəsb etməməlidir. Yalnız bütün bu amillərin eyni zamanda mövcud olduğu təqdirdə iddia tələbi 220.4 maddə baxımından əsalı ola bilər. Hazırkı işdə isə bu amillərin yalnız biri mövcuddur. Ekspert rəyinə görə payların naturada ayrılması mümkünsüz hesab edilmişdir. Qalan amillər isə mövcud deyildir. Məhkəmə hesab edir ki, cavabdehə məxsus 1/3 hissədə payı heç bir halda cüzi hesab etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Faı̇ q qızının cavabdeh Kazımov Cavabdeh qarşı kompensasiya ödənilməklə əmlaka pay hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və keçirilmiş ekspertiza ilə əlaqədar qiymətləndirmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-66/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-66/2022
27.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver