Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-789/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 və Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və əmlak” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə aralarında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X5 anasının himayəsində qalmaları, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil üzərində iddiaçının 1/2 hissədə pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X13 adında 2 uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri pozulmuşdur və barışıq əldə edilməsi mümkün deyildir. Bununla bağlı nikahın pozulması, uşaqların ananın himayəsində qalmaları, aliment və əmlak bölgüsü tələb etmək fikrindədir. Cavabdehin mülkiyyətində birgə nikah dövründə əldə edilmiş mənzil mövcuddur. Belə ki, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil alınmışdır.
İddia tələbinin ayrılması.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 5399/2024 nömrəli qərardadı ilə “əmlak bölgüsü” tələbinə dair iddia ayrıca icraata ayrılmışdır.
İddia tələbinin həcminin artırılması.
4. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən ilk tələbinə əlavə olaraq, “Tofaş Şahin minik” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddianı müdafiə edərək bildirdi ki, həm mübahisəli mənzil, həm də avtomobil tərəflərin nikahda olduğu dövrdə birgə qazancları hesabına alınmışdır. Bu səbəbdən hesab edir ki, iddia əsaslıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, anası öz mənzilini sataraq, əldə olunan pulun 32000 manatını ev almaq üçün ona vermişdir. Həmin pulla hazırda iddiaçının pay tələb etdiyi mənzil alınmışdır. Buna səbəb o olmuşdur ki, 2012-ci ilin iyul ayında iddiaçı küsüb evdən getmiş, ailələri dağılmaq üzrə olmuşdur. Buna görə də valideynləri öz mənzillərini satıb pulunun bir hissəsini mənzil almaq üçün ona vermişdir. 2012-ci ilin oktyabr ayında mübahisəli mənzil alınmış, dekabr ayında iddiaçı ilə barışıb həmin mənzildə yaşamağa başlamışdır. Hər bir halda həmin mənzil valideynləri tərəfindən məhz ona alınmışdır. Avtomobilə gəldikdə isə həmin avtomobil qardaşının adına olmuş, sonradan qardaşı avtomobili onun adına keçirtmişdir. Lakin aralarında bağışlama yox, alğı-satqı müqaviləsi bağlanmışdır. Hər bir halda həmin avtomobil üçün pul ödəməmişdir. Bu səbəbdən avtomobilə münasibətdə də iddianı qəbul etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mənzil və avtomobil tərəflərin rəsmi nikahı dövründə iddiaçının mülkiyyəti kimi qeydiyyata alınsa da, cavabdehin vəsaiti hesabına alınmamışdır. Bu səbəbdən hesab edir ki, iddia əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
8. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 447938 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1326 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Yusifli soyadı verilmişdir.
9. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 206056 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 2920 nömrə ilə qeyd edilmişdir.
10. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 587727 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 4470 nömrə ilə qeyd edilmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, **********31-05101-093054 reyestr nömrəli, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 45.81 m2 olan, 2 otaqlı, 36 nömrəli mənzil xx.xx.2013-cü il tarixdə Cavabdeh mülkiyyəti kimi qeydə alınmışdır.
12. X7 (Satıcı) və Cavabdeh (Alıcı) arasında xx.xx.2012-ci il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 11/30256 nömrəli arayışa əsasən, ümumi sahəsi 46.9 m2, o cümlədən yaşayış sahəsi 30 m2, köməkçi sahəsi 16.9 m2 olan və ünvan 3 ünvanında yerləşən, 2 otaqlı, 36 saylı xüsusi mənzili “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə həmin mənzilin dəyərini, yəni 30576 manat məbləğini “Satıcı”ya ödəyir.
13. X6 (Satıcı) və X10 (Alıcı) arasında xx.xx.2012-ci il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 11/22368 nömrəli arayışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 saylı evin 15 saylı mənilini “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə həmin mənzilin dəyərini, yəni 73790 manat məbləğini “Satıcı”ya ödəyir.
14. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X11 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X4-Tədqiqat İnstitutu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 2008-ci ilin oktyabr ayından 2012-ci ilin noyabr ayı da daxil olmaqla ümumilikdə 17736.5 manat məbləğində əmək haqqı almışdır.
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası “BHM və partnyorları” vəkil bürosunun vəkili Vəkil2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş DİN Baş X21 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışına əsasən, “Tofaş Şahin minik” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydə alınmışdır. Qeydiyyat üçün əsas: alğı-satqı müqaviləsi. Şahid ifadəsi.
16. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X6 bildirmişdir ki, iddiaçı Səkinə xanım onun gəlini, cavabdeh Etibar isə onun oğludur. X19 üç otaqlı mənzili olmuş, həmin mənzili satıb iki mənzil almışdır. Bu mənzillərdən biri cavabdehə aldığı mənzildir. Belə ki, həmin vaxt gəlini evi tərk edib getmişdir. O, oğlunun ailəsi dağılmasın deyə gəlinin arxasınca çox getmiş, sonra həmin mənzili alıb vermişdir ki, bir yerdə yaşasınlar və ailələri dağılmasın. Oğlu Etibarı başqası ilə evləndirmək fikri olmamışdır. Oğlu özü indi də başqası ilə evlənmək fikrində deyil. Onun iki böyük oğlu var.
İşin faktiki halları.
17. İddiaçı və Cavabdeh xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
18. Tərəflərin ailə münasibətindən iki uşaq – xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X13 doğulmuşdur.
19. Cavabdeh xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili almış, xx.xx.2013-cü il tarixdə mənzil üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
20. “Tofaş Şahin minik” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydə alınmışdır. Qeydiyyat üçün əsas alğı-satqı müqaviləsi olmuşdur.
21. Tərəflər arasında olan nikahın pozulması, uşaqların analarının yanında qalması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan aliment tutulması tələbinə dair İddiaçı tərəfindən Cavabdeh qarşı qaldırılmış iddia üzrə mülki iş e-2(010)- 502/2025 iş nömrəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatındadır (İcraat qəyyumluq və himayə orqanının rəyinin alınması ilə əlaqədar dayandırılmışdır).
Tətbiq edilən hüquq.
22. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
25. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı.
Göründüyü kimi, daşınar əşya olaraq pul vəsaitinin bağışlanması zamanı müqavilə hədiyyə verənin pul vəsaitini hədiyyə alana verməsi və hədiyyə alan tərəfindən həmin vəsaitin qəbul edilməsi anında bağlanmış hesab olunur və bununla bağlı hər hansı forma tələbi nəzərdə tutulmamışdır. Lakin Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailənikah münasibətləri, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir.
26. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı. 5.3. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
28. İşin hallarından görünür ki, iddia tələbinin predmeti iki əmlakla bağlıdır: 1) Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil; 2) “Tofaş Şahin minik” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi.
29. İddiaçıya görə, hər iki əmlak onun cavabdehlə rəsmi nikahda olduğu dövrdə ümumi gəlirləri hesabına əldə edilmiş, cavabdehin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdehə görə isə bu əmlaklar rəsmi nikah dövründə onun mülkiyyəti kimi qeydə alınsa da, iddiaçı ilə ümumi gəlirləri hesabına yox, onun ailə üzvlərinin vəsaiti hesabına alınmışdır. Belə ki, mübahisəli mənzil cavabdehin anasının özünə məxsus mənzilin satışından əldə edilmiş vəsait hesabına, avtomobil isə qardaşının vəsaiti hesabına alınmışdır.
30. Məhkəmə, ilk növbədə, mübahisəli mənzilə münasibətdə qeyd edir ki, bu mənzilin tərəflərin rəsmi nikahı dövründə cavabdehin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, bu qeydəalma üçün əsas yenə tərəflərin rəsmi nikahı dövründə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi olmuş, iş üzrə Cavabdeh həmin müqavilə üzrə alıcı qismində iştirak etmişdir.
31. Bununla belə, cavabdeh iddia edir ki, həmin mənzil hər nə qədər iddiaçı ilə rəsmi nikahı dövründə əvəzli müqavilə əsasında onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış olsa da, həmin əmlakın alınması üçün vəsait anası Gülnar Yusifli tərəfindən ödənilmişdir. Belə ki, həmin mənzilin alğı-satqısından bir neçə ay əvvəl anası özünə məxsus mənzili satmış, əldə edilmiş pulun bir hissəsi hesabına mübahisəli mənzil alınmışdır.
32. İş materiallarına cavabdehin anası Gülnar Yusiflinin öz mülkiyyətində olan mənzili xx.xx.2012-ci il tarixdə 73790 manata satdığını təsdiqləyən daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surəti əlavə edilmişdir. Mübahisəli mənzilin alğı-satqısına dair müqavilənin xx.xx.2012-ci il tarixdə bağlandığı nəzərə alındıqda, cavabdehin anasının mənzilinin satışı ilə mübahisəli mənzilin alınması arasında üç aya yaxın bir müddət fərqi olduğu görünür.
33. Məhkəmə hesab edir ki, bu iki hadisənin bir neçə ay fərqlə baş verməsi bu hadisələr arasında mütləq səbəbli əlaqə olmasının birbaşa göstərici deyil. Yəni mübahisəli mənzilin alınmasından bir neçə ay əvvəl cavabdehin anasının öz mənzilini sataraq mübahisəli mənzilin satış qiymətindən təxminən iki dəfə çox məbləğdə pul əldə etməsi həmin mənzilin başqa vəsait hesabına əldə edilməsi ehtimalını birmənalı şəkildə istisna etmir. Bununla belə, bu hal işin həqiqi halı kimi qəbul edilsə idi belə, yəni mübahisəli mənzilin məhz cavabdehin anası Gülnar Yusiflinin öz mənzilinin satışından əldə etdiyi vəsait hesabına əldə edildiyi sübuta yetirilsə idi belə, hazırkı işin halları baxımından bu, həmin mənzilin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün əngəl təşkil etməzdi.
34. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhz bu məsələ ilə bağlı qeyd edilmişdir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.
35. Yəni hazırkı işin halları baxımından mübahisəli mənzilin cavabdehin anası Gülnar Yusiflinin vəsaiti hesabına əldə edildiyi sübuta yetirilsə belə, həmin vəsaitin ailəyə deyil, məhz cavabdehə bağışlanmış olması sübut edilmədiyi təqdirdə bu vəsait hesabına əldə edilmiş əmlak cavabdehin şəxsi əmlakı hesab edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarındakı mövqeyə uyğun olaraq, məhkəmə qeyd edir ki, bu halın sübuta yetirilməsi üçün əyani sübutlar (yazılı müqavilə və s.) olmalıdır. Lakin hazırkı iş üzrə məhkəməyə belə bir sübut təqdim edilməmiş, yəni cavabdehin anası Gülnar Yusiflinin öz mənzilinin satışından əldə edilmiş vəsaitin bir hissəsini mübahisəli mənzilin alınması üçün məhz cavabdehə bağışlaması heç bir sübutla təsdiq edilməmişdir.
36. Məhkəmə bu nəticəyə gələrkən xüsusən nəzərə alır ki, məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş cavabdehin anası Gülnar Yusifli öz mənzilinin satışından əldə edilmiş pulun bir hissəsini ayrıca mənzil alması üçün oğluna verməsinin səbəbini izah etmiş, həmin vaxt oğlu ilə gəlininin (iddiaçının) ailə münasibətlərinin pozulmaq ərəfəsində olduğunu, iddiaçının küsüb getdiyini, cavabdehin anası kimi dəfələrlə onların barışması üçün səy göstərdiyini, pulu da oğluna bu məqsədlə, yəni barışıb ayrı evdə yaşamaları üçün verdiyini bildirmişdir. Öz növbəsində cavabdeh də izahatında mənzilin alındığı ərəfədə iddiaçı ilə ailə münasibətlərinin pozulmaq ərəfəsində olduğunu, mənzil alındıqdan qısa müddət sonra barışaraq mübahisəli mənzildə yaşamağa başladıqlarını təsdiq etmişdir.
37. Göründüyü kimi, hazırkı işin halları baxımından cavabdehin anası tərəfindən müvafiq vəsaitin özünə şəxsi mənzil alması üçün məhz cavabdehə bağışlanması nəinki sübut edilmir, əksinə, bu vəsaitin məhz ailəyə, onların ailə münasibətlərinin bərpası üçün bağışlanmış olduğu müəyyən edilir.
38. Belə olan halda məhkəmə hesab edir ki, bu mənzil cavabdehin şəxsi əmlakı yox, tərəflərin birgə nikahı dövründə əldə edilmiş ümumi əmlak hesab edilməlidir. Bu səbəbdən iddiaçının mənzil üzərində payı müəyyən edilməlidir. Hazırkı iş üzrə tərəflər arasında payların müəyyən edilməsi ilə bağlı heç bir müqavilə olmadığından və payların qeyribərabər bölünməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən tərəflərin əmlak üzərində payları bərabər hesab edilməli, İddiaçı əmlak üzərində 1/2 hissədə payı müəyyən edilməlidir.
39. İddia tələbinin mübahisəli - “Tofaş Şahin minik” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hissəsinə münasibətdə məhkəmə, ilk növbədə qeyd edir ki, bu avtomobilin də yuxarıda qeyd edilmiş mənzil kimi tərəflərin birgə nikahı dövründə - xx.xx.2023-cü il tarixdə cavabdehin adına qeydiyyata alınması və üstəlik, bu qeydəalma üçün əsasın da alğı-satqı müqaviləsi olması işin mübahisəsiz halıdır.
40. Bu avtomobillə bağlı hissədə cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, avtomobil onun adına olsa da, qardaşının vəsaiti hesabına alınmış, qardaşı sonradan həmin avtomobili onun adına keçirtmiş, lakin aralarında bağışlama yox, alğı-satqı müqaviləsi bağlanmışdır.
41. Məhkəmə isə heç bir sübutla təsdiqlənməyən bu etirazla razılaşmır. Belə ki, yuxarıda da istinad edildiyi kimi, bu avtomobilin tərəflərin birgə nikahı dövründə əvəzli müqavilə əsasında əldə edilmiş olması işin mübahisəsiz halıdır. Bu baxımdan əgər cavabdeh həmin əmlak üzərində iddiaçı ilə birgə mülkiyyətini istisna edəcək hansısa hala istinad edirsə, məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməli idi.
42. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Yuxarıda istinad edilmiş Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri də nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir (“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı).
43. Hazırkı işdə Cavabdeh İddiaçı ilə rəsmi nikahı dövründə əldə edimiş əmlakın ərarvadın birgə mülkiyyəti olmasına dair prezumpsiyanı istisna edən hala istinad etsə də, bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə mübahisəli avtomobilin də tərəflərin birgə nikahı dövründə əldə edilmiş ümumi əmlak olduğu nəticəsinə gəlir və bu qətnamənin 38-ci bəndində nəzərdə tutulan əsasla avtomobil üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməli olduğunu hesab edir.
Məhkəmə xərcləri.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ 50 manat məbləğində ilkin mediasiya sessiyası xərci çıxılmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
46. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
47. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiа təmin edilməli, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil və “Tofaş Şahin minik” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payı müəyyən edilməli, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
48. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiа təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil və “Tofaş Şahin minik” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payları müəyyən edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva