Məhkəmə qərarları › İş №2(010)-845/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-845/2022

22.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-845/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 ədəd qiyməti 2000 manat, əyarı 583, 30 qram dolama quruluşlu sarı qızıl boyunbağının, 1 ədəd qiyməti 500 manat, əyarı 583, sarı qızıldan ibarət olan (ortasında qırmızı qaşı olan) qızılların qaytarılması, naturada olmadıqda isə onun dəyərinin və 55 manat dövlət rüsumunun alınaraq ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 127 saylı binada yaşayan Cavabdeh onun qonşusudur. O, Cavabdeh uzun müddətdir ki, tanıyır. Üç il bundan öncə Fəridə ondan üzük və digər qızılzinət əşyalarını toyda taxa bilməsi üçün istəmişdir. O Fəridəni tanıdığı üçün ona inanmış və özünə məxsus olan bir neçə qızıl-zinət əşyasını Fəridənin yaşadığı evə aparmışdır. Orada olarkən Fəridə ondan bir ədəd qızıl ortasında qırmızı qaşı olan üzüyü və 30 qram dolama quruluşlu boyunbağını verməyini istəmişdir. Onunla şifahi razılaşaraq iki ədəd özünə aid olan qızıl-zinət əşyasını Fəridəyə təqdim etmişdir. Cavabdeh qızılları bir neçə gün sonra toy mərasimindən dərhal sonra geri qaytaracağını bildirsə də, qaytarmamış və qarşıdakı ay ərzində bir neçə toy olduğunu, dərhal sonra geri qaytaracağını təkrar söz vermişdir. O, bir neçə müddət sonra o qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb etsə də, Fəridə ona həmin qızıl-zinət əşyalarının çox yaraşdığını, bir müddət də onda qalmasını istəmişdir. O, yenə də onunla razılaşmışdır. Bir müddət keçdikdən sonra Fəridə gah qızılzinət əşyalarını itirdiyini, gah da başqa şəxsə verdiyini deyərək, müxtəlif bəhanələrlə əşyalarını verməkdən yayınmışdır. Bir müddət sonra Fəridənin əri Elşad adlı şəxs həmin əşyaları qaytaracağını bildirsə də, təkrar olaraq müxtəlif bəhanələrlə yayınmağa nail olmuşdur. O, bununla bağlı xx.xx.2021-ci il tarixdə Suraxanı RPİ-nə müraciət etmiş, lakin DİN-in Bakı şəhər BPİ-nin Suraxanı RPİ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Təhqiqat müddəti ərzində qarşı tərəf olan Cavabdeh izahatı alınmaqla materiala əlavə edilmişdir. İzahatında o, ondan qızıl-zinət əşyası olan bir ədəd boyunbağını toy mərasiminə geyinmək məqsədi ilə aldığını, daha sonra itirdiyini etiraf etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Suraxanı RPİ-nin 33-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarın surətindən görünür ki, Cavabdeh ərizəsi əsasında araşdırma aparılmış, toplanılmış material əsasında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2.-ci (cinayət hadisəsi olmadıqda) maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-845/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/2127 nömrəli ekspertiza rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2800.0 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş təhqiqatçı, polis baş leytenantı Qasım Poladlının Cavabdeh aldığı izahatdan müəyyən olunur ki, Cavabdeh özü etiraf edərək bildirmişdir ki, həqiqətən toya getmək üçün qonşuluqda yaşayan İddiaçı bir ədəd boyunbağı almış və daha sonra onu itirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus olan bir ədəd qızıl boyunbağını qonşusu Cavabdeh vermiş, o isə həmin boyunbağını geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan ona məxsus qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iclasında iddiaçının izahatından və cavabdehin polis bölməsində verdiyi izahatdan müəyyən olunur ki, iddiaçıya məxsus olan 1 ədəd boyunbağı (583 əyarlı, çəkisi 30 qram dolama quruluşlu sarı qızıl) cavabdehə verilmiş və həmin boyunbağının geri qaytarılması barədə sübut təqdim olunmamışdır. Məhkəmə, belə qənaətə gəlir ki, iddiaçıya məxsus olan 1 ədəd boyunbağının (583 əyarlı, çəkisi 30 qram dolama quruluşlu sarı qızıl) cavabdehə verilməsi iş üzrə sübutlarla təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, həmin qızıl-zinət əşyası – 1 ədəd boyunbağı (583 əyarlı, çəkisi 30 qram dolama quruluşlu sarı qızıl) cavabdehdən alınıb İddiaçı verilməlidir. İddia tələbi ilə bağlı qalan hissədə sübut təqdim olunmadığından həmin hissədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh qızıl-zinət əşyası- 1 ədəd boyunbağı (583 əyarlı, çəkisi 30 qram dolama quruluşlu sarı qızıl) alınıb İddiaçı verilsin. Qətnamə icra olunan zaman əmlakın naturada mövcud olmadığı aşkar olunarsa onun dəyəri - 2000 (iki min) manat pul və 55 (əlli beş) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar