Məhkəmə qərarları › İş №2(010)-90/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-90/2022

27.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-90/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən hər iki ev arasında olan qanunsuz tikilmiş hasarın sökülməsi, cavabdehlər tərəfindən ona məxsus olan zəbt edilmiş 60 santimetr hissənin boşaldılması, cavabdehlərə məxsus evin damının ona məxsus olan evin damının üzərindən götürülməsi, aspiratorun sökülməsi, həmçinin ona məxsus olan fərdi yaşayış evinə giriş-çıxışa maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinə dəqiqləşmə edərək, cavabdehlər tərəfindən ona məxsus olan zəbt edilmiş 60 santimetr hissənin boşaldılması, aspiratorun sökülməsi və onun istifadəsində olan həyətinə sərbəst maşınla 2 m 60 sm girib-çıxmağının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onların babaları qardaş olublar və cavabdehlər də o vaxtdan həyəti almaq niyyətində olublar. Onların daima bu həyət məsələsinə görə davaları olmuşdur. Belə ki, babası əvvəl balaca evdə yaşayıb, sonradan isə 2 otaq tikib və həmin bu ev 2010-cu ildə rəsmiləşdirilib. Babası vəfat etdikdən sonra cavabdehlər onların həyətinə müdaxilə etməyə başlamışlar. Sənədlərə görə onun evinin divarı 13x11,5 metr olmalıdır. Arxa tərəfdən evin uzunluğu 13 metr olsa da qarşıdan 13 metr deyil. Həyətin yuxarı tərəfində olduqları və ilk olaraq onun babası ev tikdiyi üçün onlara torpaqdan çox hissə düşmüşdür, lakin hər iki tərəfin öz çıxarışı var. Bu səbəbdən onun atası ilə cavabdehlər arasında da elə mübahisələr var idi. Onlar həyətin qarşısında dalan kimi boş yer saxlamışdılar və həmin hissə neytral hissə idi. Cavabdehlər isə qapılarını həmin hissəyə açıblar. Divarın arxa hissəsində onların hamamı var. Hasarın arxasında isə sanuzel qovşağı yerləşir və standartlara uyğun olmadığı üçün sökülməlidir. Təqdim etdiyi fotoşəkillərdən də görünür ki, cavabdehlərin sanitar qovşağı onun həyətinə 60 sm daxil olub. Bu səbəbdən onun həyətə girişində problem yaşanır, hər dəfə maşın ilə içəri daxil olduqda maşının yan şüşəsi sınır. Çünki, əslində onun giriş hissəsi 2.60 sm olmalıdır. Həyətdə Sanilin tikdirdiyi isə əlavədən olan hamamdır. Ona mane olan Sanilə məxsus hamamdır. Həmçinin, orada çən də var ki, o, Bobaya məxsusdur və ona maneə yaradır. Bundan əlavə, cavabdehlərə məxsus aspirator da onun həyətinə çıxarılmışdır. O, dəfələrlə aspiratorun sökülməsini xahiş etsə də, cavabdehlər ona məhəl qoymamışlar. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 iddia tələbini qəbul edərək və ərizə təqdim edərək, iddiaçının xahiş etdiyi və yerli baxış zamanı da müəyyən edilmiş aspiratorun sökülməsinə, iddiaçının giriş-çıxış avtomobil yoluna mane olan hasarın sol tərəfdən çəkilərək çıxışına razı olduğunu və buna görə də qeyd olunanların nəzərə alınaraq iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 (torpaq sahəsinin ölçüsü 0,01324 kv.m.) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 08.05.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 21029 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 07.05.2013-cü il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanının hüquq subyekti İddiaçıdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 05.04.2021-ci il tarixli, ******* №-li arayışından görünür ki, İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ünvan 3 ünvanında qeydiyyatdadır. Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən vətəndaş X3 ünvanlanmış 05.10.2020-ci il tarixli məktubdan görünür ki, hasar üzərində narazılığa səbəb olan tikinti işlərinin aparılması haqqında elektron müraciət ilə bağlı yaranmış mübahisənin həlli məqsədilə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmək tövsiyyə olunur. Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən vətəndaş X3 ünvanlanmış 20.11.2020-ci il tarixli məktubdan görünür ki, hasar üzərində narazılığa səbəb olan tikinti işlərinin aparılması haqqında elektron müraciət ilə bağlı yaranmış mübahisənin həlli məqsədilə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmək tövsiyyə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 (torpaq sahəsinin ölçüsü 0,005489 kv.m.) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 07.09.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 398 nömrəli reyestr kitabının 37260 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli, 10/5057 №-li ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 5 ünvanda yerləşdiyi evin dam örtüyü Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* Çıxarışa əlavə edilmiş texniki pasportda daş hasarın və yolun ölçüləri göstərilməmişdir. Bundan əlavə qeyd olunur ki, əvvəlki 18 dekabr 1961-ci il tarixli texniki pasportda (səh. 14) göstərilən ölçülər aydın deyil. Bu səbəbdən həmin daş hasarın və giriş-çıxış yolunun texniki pasport üzrə ilkin ölçülərini müəyyən etmək mümkün olmamışdır. Buna görə də evə və evin yerləşdiyi sahəyə müdaxilə olub-olmaması, hasarın və yolun taktiki vəziyyətinin texniki pasporta uyğun olub-olmaması üzrə tədqiqat aparmaq mümkün olmadı. Bununla belə, Dövlət Şəhərsalma Norma və Qaydalarının AzDTN 2.6-1 bəndinin 9-cu cədvəlində göstərilmişdir ki, məhəllə daxilində yerləşən yaşayış evlərini küçə ilə birləşdirən dalanın eni minimum 2.75 metr, maksimum 3 metr olmalıdır. Bu səbəbdən, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* Çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi 83 saylı evin giriş-çıxış (avtomobil yolu) yolu Cavabdeh2 tərəfindən inşa edilmiş hasarın 0.60 metrə sol tərəfə çəkilməsi yolu ilə təmin edilə bilər. Cavabdeh tərəfindən inşa edilmiş daş hasara dair hər hansı bir layihə sənədi aşkar edilməmişdir. Bu səbəbdən həmin hasarın tikinti-norma və qaydalarına uyğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh2 tərəfindən yaşadığı ünvan 5 ünvanda yerləşdiyi evinin damının inşa edilməsi nəticəsində Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* Çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi 83 saylı evinin damına müdaxilə və ya zədələnmə faktı aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları hesab olunur. Həmin Məcəllənin 158.2.-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu normalar, həmçinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı yuxarıda qeyd edilən qanunverilik aktları iddiaçıya hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüquq verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı hazırkı iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malikdir. Belə ki, onun qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində hazırda qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən ona məxsus olan torpaq sahəsinin 60 santimetr hissənin zəbt edilməsini və onun giriş-çıxışının (avtomobil yolu) məhdudlaşdırılmasını iddia edir. Cavabdehlər tərəfindən ona məxsus olan torpaq sahəsinin 60 santimetr hissənin zəbt edilməsininin onun mülkiyyət hüququnu həyata keçirməsinə məhdudiyyət yaradıbyaratmaması hissəsinə münasibət bildiriən məhkəmə hesab edir ki, bununla bağlı iş üzrə verilmiş ekspert rəyi əsaslıdır və nəzərə alınmalıdır. Belə ki, ekspert rəyində qeyd edilir ki, baxış zamanı müəyyən edilmişdir ki, həmin dalanın uzunluğu 8.40 metr, eni isə 2 metr təşkil edir. Həmin dalandan həyətyanı sahəyə avtomobil ilə girmək mümkün deyil. Həmin dalandan həyətyanı sahəyə avtomobil ilə daxil olmaq üçün həmin dalanın eni 2.60 metr olmalıdır. Bundan əlavə, Dövlət Şəhərsalma Norma və Qaydalarının AzDTN 2.6-1 bəndinin 9-cu cədvəlində göstərilmişdir ki, məhəllə daxilində yerləşən yaşayış evlərini küçə ilə birləşdirən dalanın eni minimum 2.75 metr, maksimum 3 metr olmalıdır. Bu səbəbdən, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* Çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi 83 saylı evin giriş-çıxış (avtomobil yolu) yolu cavabdehlər tərəfindən inşa edilmiş hasarın 0.60 metrə sol tərəfə çəkilməsi yolu ilə təmin edilə bilər. Həmçinin məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı mübahisəli evin yerləşdiyi həyətdən içəri daxil olarkən sol tərəfdə hasarın normal ölçüsündən kənara çıxıntıların olduğu və bir qədər irəlidə yerləşən İddiaçı məxsus olan evin hamamının arxasında həyətə baxan aspiratorun yerləşdiyi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin hasarın əvvəldən bu vəziyyətdə olduğunu və əslində sökülməli olduğunu etiraf etmişdir. Cavabdeh2 isə aspiratoru söküb başqa yerdə quraşdıracağını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb üzrə iddia Cavabdeh2 tərəfindən etiraf edildiyindən, yəni cavabdeh aspiratorun sökülməsinə və iddiaçının giriş-çıxış avtomobil yoluna mane olan hasarın sol tərəfdən çəkilərək çıxışına razı olduğundan və iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, əksinə iddiaçının maraqlarına uyğundur, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalı və iddia təmin edilməlidir. Beləliklə, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* Çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi 83 saylı evin giriş-çıxış (avtomobil yolu) yolu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş hasarın 0.60 metrə sol tərəfə çəkilməsi yolu ilə təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı məxsus olan həyətdə quraşdırılmış aspirator sökülməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* Çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi 83 saylı evin giriş-çıxış (avtomobil yolu) yolu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş hasarın 0.60 metrə sol tərəfə çəkilməsi yolu ilə təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı məxsus olan həyətdə quraşdırılmış aspirator sökülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** X7 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar