Məhkəmə qərarları › İş №2(010)-946/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-946/2022

30.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-946/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi və mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı “borcun silinməsi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz mənzilə qoyulmuş, abonent kodu **********00270 olan sayğaca əsassız olaraq borc kimi yazılmış olan 432 manatın “Azəriqaz” İB tərəfindən silinməsi, ona və ailəsinə vurulmuş mənəvi ziyanın - 1000 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki: “Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz mənzil faktiki olaraq mənim və ailə üzvlərimin istifadəsindədir. Həmin ünvanın abonent kodu **********00270 olmaqla cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfimdən qaz sərfiyyatına görə borc vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. 2021-ci ilin 20 sentyabr tarixində cavabdehin əməkdaşları mənim ünvanıma gələrək sayğacın istismar müddəti bitdiyi üçün onun dəyişdirilməli olduğu bildirmişdir. Buna görə də sayğac dəyişdirilmiş və bildirilmişdir ki, sayğacın istismar müddəti başa çatdığı üçün yenisi qoyulmalıdır. Bu barədə aktda qeyd aparılmışdır. Sonradan mənə məlum olmuşdur ki, istismar müddəti başa çatmış sayğac mənim iştirakım olmadan yoxlanılmış və müəyyən olunmuşdur ki, sayğacın əsas çap vərəqinin üzərində maye qalığı aşkar olunur. Elektron hissə işlək deyil. Sayğacın hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir. Mən bununla əlaqədar “Azəriqaz” İB-yə müraciət etmiş, mütəxəssislər gəlib müəyyən etmişlər ki, mənim heç bir təqsirim yoxdur. Mənə məhkəməyə müraciət etməyi təklif etmişlər. Bunu da qeyd edim ki, sayğac həyətdə deyil, küçədə qoyulmuşdur. Mən ona nəzarət edə bilməzdim və bu mənim vəzifəm deyildir. Aktdan da görünür ki, sayğac istismar müddəti başa çatdığı üçün dəyişdirilmişdir. Lakin mənə əsassız olaraq 432 manat borc yazılmışdır. Guya mənim həmin aktı imzalamaqdan imtina etdiyim bildirilmişdir. Halbuki mən sayğac yoxlanılarkən orada olmamışam. Ümumiyyətlə, həmin vaxt heç kim nə yaşadığım ünvana gəlmiş, nə də mən harasa dəvət olunmamışam. 432 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Bir daha bildirmək istərdim ki, sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azərbaycan Respublikası DNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Ona görə də hesab edirəm ki, əsassız olaraq borc kimi yazılmış olan 432 manatın X2 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Əsassız və qanunsuz borcun hesablanması nəticəsində mən və ailəm əsəbləşmiş, ruhi sarsıntı keçirmiş və müxtəlif dövlət orqanlarına və X1 müraciət etməklə vaxt itirmişəm. Mənə və ailəmə vurulmuş mənəvi ziyanı 1000 manat dəyərində qiymətləndirirəm. Məhkəmə mənəvi ziyanı təmin edərsə bu ədalətli olar və cavabdeh tərəfindən gələcəkdə baş verə biləcək qanun pozuntularının qarşısını almaqla digər şəxslərin hüquqlarının pozulmasının qarşısını alar”. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 2021-ci ilin sentyabr ayında cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları yaşadığı ünvana gələrək qaz sayğacını dəyişdirmiş və həmin vaxt ona bildirmişlər ki, qaz sayğacının istismar müddəti bitmişdir. Birliyin əməkdaşları həm də elektron sayğacı mexaniki sağacla əvəz etməli olduqlarını demişlər. Hansı ki, bu hadisədən bir ay əvvəl özü qaz idarəsinə müraciət edərək sayğacın rəqəmlərinin qarışdığını demiş, idarənin əməkdaşları bundan sonra gəlib sayğacı dəyişmişlər. Yeni sayğac quraşdırıldıqdan sonra o, sərf etdiyi qaza görə ödəniş etməyə davam etmişdir. Lakin bir dəfə qaza görə pul ödəyəndə görmüşdür ki, qəbzdə 432 manat borcunun olması göstərilmişdir. Bundan sonra, qaz idarəsinə yaxınlaşmış, qəbzi onlara göstərmişdir. İdarədə qəbzin kompüterlə yoxlanılmasından sonra ona bildirilmişdir ki, sayğacı dəyişdirildikdən sonra köhnə sayğac laboratoriyaya aparılmış və müəyyən edilmişdir ki, sayğaca müdaxilə olunub. Buna görə də dəymiş ziyan kimi 432 manat borc hesablanmışdır. Halbuki onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. O, bununla bağlı qaynar xəttə də müraciət etmiş, qaz idarəsindən mütəxəssislər gələrək, sayğaca baxış keçirmiş, bu zaman müəyyən etmişlər ki, sayğac küçədə yerləşir. Bütün bunlara baxmayaraq, cavabdeh “Azəriqaz” İB tərəfindən qanunsuz hesablanmış bu borc ondan tələb edilir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki: “1402AZ**********48 nömrəli sayğacın yoxlanması barədə 29/1710-03885-1 nömrəli akt əsasında “Yivli birləşmə korroziyaya uğrayıb. Sayğacın LCD ekranında informasiya əks olunmur. Əsas çap vərəqinin üzərində maye qalığı aşkar olundu. Elektron hissə işlək deyil, informasiya oxunmadı. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” şəklində rəy verilmişdir. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” “Azəriqaz” İB-nin direktoru tərəfindən 18 oktyabr 2018-ci il tarixdə təsdiq edilmiş təlimatın məişət qaz sayğaclarına aid olan hissəsinə uyğun olaraq yuxarıda qeyd edilən qüsur sayğaca müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 oktyabr 2021-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 432 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. Saldoya nəzər salaq, qaz sayğacına müdaxilənin baş verdiyi təsbit olunan dövrlə 2020-ci ilin oktyabr-dekabr ayı üzrə cəmi sərfiyyat 910 m3, müdaxilədən sonrakı dövrün eyni dövrü isə (2021, 9-12-ci ayları) sərfiyyat 5434 m3 təşkil etmişdir. Təbii qazın sərfiyyat göstəriciləri arasında kəskin fərq olduğu asanlıqla görünür. Qeyd edilən hal sayğaca müdaxilə edilməsi nəticəsində real istehlak edilən təbii qaz sərfiyyatının sayğacdan keçən sərfiyyatdan qat-qat artıq olduğunu sübut edir. Sayğaca müdaxiləyə maraqlı olan şəxs və faydalanan yeganə şəxs istehlakçı olmuşdur. Yəni, istehlakçı sayğaca müdaxilə etməklə faktiki istehlak etdiyi qaz sərfiyyatını sayğac tərəfindən dəfələrlə (təxmini 5 dəfə) az qeyd edilməsinə nail olmaqla, tam ödənişdən yayınmış, qanunvericiliyin tələblərini pozmuş, beləliklə də birliyə təqsirli hərəkəti ilə ziyan vurmuşdur. İddiaçının 1000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi də əsassız tələbdir”. Cavabdeh “Azəriqaz” İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, iddiaya etirazı, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 20.09.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki: “Sayğacın plombunun çıxarılma səbəbi: İstismar müddəti bitib. Sayğacın ekranı qarışıb”. **********00270 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı 2021-ci il üçün qalıq və aktlara əsasən 432 manat məbləğində borc hesablanmışdır. 29.10.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 22.10.2021-ci il tarixli, 29/1710-03885-1 nömrəli aktına əsasən G-4 markalı, 1402AZ**********48 nömrəli sayğacın əsas şap vərəqinin üzərində maye qalığı aşkar olunmuşdur. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4x12x90=4320 m3) Əsas: 29.10.2021-ci il tarixli, ******* №-li akt. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “Azəriqaz” İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı evində quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmiş, bu zaman 20.09.2021-ci il tarixli akt tərtib edilərək, sayğacın istismar müddətinin bitdiyi, ekranının qarışdığı aktda qeyd edilmişdir. Bununla belə çıxarılmış sayğaca laboratoriyada baxış keçirilmiş və sayğacın əsas çap vərəqinin üzərində maye qalığı aşkar olunduğu qeyd edilərək, təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt tərtib edilmişdir. Bundan sonra, cavabdeh orqan tərəfindən həmin akta əsasən itirilmiş təbii qazın dəyəri olaraq 432 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan da görünür ki, həqiqətən istehlakçıya həmin dövrdə qalıq və akta görə 432 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı ona əsassız yerə borc hesablandığını bildirərək bu borcun silinməsini tələb edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; ... məhkəmənin qərarı ilə;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə, iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının əsas çap vərəqinin üzərində maye qalığının aşkar olunmasının müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, qaz sayğacının çıxarılmasına dair aktda sayğacın istismar müddətinin bitdiyinə görə sayğacın çıxarıldığı, sayğacın ekranın qarışdığı, bu səbəbdən yenisi ilə əvəz edildiyi qeyd edilmişdir. Yəni, sayğac dəyişdirilərkən sayğaca hər hansı müdaxilə edilməsinə istinad edilməmiş, əksinə, sayğacın istismar müddətinin bitməsinə istinad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edildiyi sübuta yetirilmədiyindən bu müdaxilə nəticəsində dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir. Lakin məhkəmə iddianı mənəvi zərərlə bağlı hissədə əsassız hesab edir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə 29 oktyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəalarının olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. Adı çəkilən qərarın mənası məhkəmələrin Konvensiyanın zərərçəkən tərəfə ədalətli təzminatın kəsilməsi haqqında 41-ci maddəsinə birbaşa müraciətidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsində qeyd edilir ki, əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. Göründüyü kimi, mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə müraciət etmək məhkəmələrə tövsiyə edilmişdir. “Kletsova Yusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X5 Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, pozuntunun xarakteri nəzərə alınaraq, cavabdeh “Azəriqaz” İB tərəfindən iddiaçıya akta görə hesablanmış borcun silinməsi ona dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmil edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 29.10.2021-ci il tarixli akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat borc onun hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar