Məhkəmə qərarları › İş №2(010)-982/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-982/2025

16.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-982/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmşid qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmşid qızına qarşı “qızıl və cehiz əşyaları” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh1 və X1 1980 manat dəyərində 22 qram çəkidə 585 əyarlı 1 dəst komplekt (sırğa, üzük, qolbağı, boyunbağı), 800 manat dəyərində 3,5 qram çəkdidə 750 əyarlı brilyant qaşlı nişan üzüyü, 330 manat dəyərində 3 qram çəkidə 583 əyarlı brilyant qaşlı üzük, 2400 manat dəyərində 30 qram çəkidə boyunbağı və qolbağı, 180 manat dəyərində 585 əyarlı 2 qram çəkidə qızıl üzük, 144 manat dəyərində 1,6 qram çəkidə 585 əyarlı qızıl üzük, 225 manat dəyərində 585 əyarlı 2,5 qram çəkidə qızıl üzük, 270 manat dəyərində 3 qram çəkidə 585 əyarlı qızıl üzük, 630 manat dəyərində 7 qram çəkidə 585 əyarlı 1 dəst boyunbağı və klon, 270 manat dəyərində 3 qram çəkidə 583 əyarlı 1 dəst qızıl sırğa, 4000 manat dəyərində mebel dəsti (yataq, qonaq), 140 manat dəyərində 1 ədə 3x5 ölçüdə xalça, 550 manat dəyərində samsung markalı 6 kq-lıq paltar yuyan maşın, 600 manat dəyərində samsung markalı kondisioner, 60 manat dəyərində lüstur, 500 manat dəyərində samsung markalı televizor, 30 manat dəyərində karnizin naturada və ya bu mümkün olmazsa pulla dəyərləri olan 13.109 (on üç min bir yüz doqquz) manat pulun, mediasiya üçün ödədiyi 50 manat mediasiya xərcinin, dövlət rüsumu kimi ödədiyi 79,33 manat pulun alınıb iddiaçıya qaytarılması. İddia tələbinin dəlilləri Cavabdeh1 ilə 25 oktyabr 2011-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, rəsmi nikahlarından 1 uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün 2024-cü ilin yanvar ayında ayrılmışlar. Cavabdeh1 ilə ailə həyatı quran zaman cavabdeh tərəf ona 1980 manat dəyərində 22 qram çəkidə 585 əyarlı 1 dəst komplekt (sırğa, üzük, qolbağı, boyunbağı), 800 manat dəyərində 3,5 qram çəkdidə 750 əyarlı birliyant qaşlı nişan üzüyü, 330 manat dəyərində 3 qram çəkidə 583 əyarlı birliyant qaşlı üzük, 2400 manat dəyərində 30 qram çəkidə boyunbağı və qolbağı, 180 manat dəyərində 585 əyarlı 2 qram çəkidə qızıl üzük, 144 manat dəyərində 1,6 qram çəkidə 585 əyarlı qızıl üzük, 225 manat dəyərində 585 əyarlı 2,5 qram çəkidə qızıl üzük, 270 manat dəyərində 3 qram çəkidə 585 əyarlı qızıl üzük, 630 manat dəyərində 7 qram çəkidə 585 əyarlı 1 dəst boyunbağıvə klon, 270 manat dəyərində 3 qram çəkidə 583 əyarlı 1 dəst qızıl sırğa toy hədiyyəsi alınmışdır. Ailə quran zaman valideynləri tərəfindən iddiaçıya 4000 manat dəyərində mebel dəsti (yataq,qonaq), 140 manat dəyərində 1 ədəd 3x5 ölçüdə xalça, 550 manat dəyərində 6 kq-lıq paltar yuyan maşın, 600 manat dəyərində samsung markalı kondisioner, 60 manat dəyərində lüstür, 500 manat dəyərində samsung markalı televizor, 30 manat dəyərində karniz cehiz verilmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Qanun tələbinə əməl etməklə mediasiya prosesində iştirak etmiş və bu barədə müvafiq arayış (protokol) təqdim edilmişdir. Həmin arayışı iddia ərizəsinə əlavə etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd etdiyi qızıllar toy ərəfəsində ona hədiyyə edilmiş qızıllardır. Evləndikdən sonra kirayə yaşadıqları evə, 8 nəfərdən ibarət ailəyə gəlin köçmüşdür. Həmin kirayə qaldıqları evdə o, 9 ay yaşamışdır. 2015-ci ildə kirayə yaşadığı evdən çıxıb atası evinə gələndə əşyaları ona görə istəməmişdir, çünki həmin vaxt boşanmaq niyyəti yox idi. O, cavabdehlə bir müddət mehriban yaşasa da, 2016-cı ildən faktiki olaraq bir yerdə yaşamırlar. Kirayə borclarını ödəmədiklərinə görə ev sahibi də həmin borcun qarşılığında onun cehiz əşyalarını qaytarmamışdır. Cavabdeh Ramil tez tez Rusiyaya gedib gəlirdi. Hər dəfə gələndə deyirdi ki bu dəfə iddiaçını da özüylə aparacaq. Öz evləri olmayıb, kirayədə yaşamışlar. Hətta bir dəfə Moskvadan gələndə onu və uşağını aparıb bacısının evinə yerləşdirmiş ki, bir az burada qalın sonra aparacam, ancaq yenə də sözünü tutmamışdır. Atası da 3 ay gözlədikdən sonra iddiaçını öz evinə aparmışdır. 8 il gözləmiş, lakin uşaqlarla da maraqlanmamışlar. Hətta bir uşağı xəstəlikdən vəfat etmişdir. Qızıllarını lombarda toydan bir neçə gün sonra qoyublar. Bildirmişlər ki, 10 günə qaytaracaqlar, lakin qaytarmamışlar. Lombardan götürdükləri pulla öz borclarını ödəmişlər. Cehiz əşyaları isə kirayə yaşadığı evdə qalmışdır. Kirayəyə də borcları var idi. Kirayə haqqı əvəzinə onun cehiz əşyalarını vermişlər. Nikahları 2024-cü ildə pozulmuşdur. Uşağın 13 yaşı var hər, şeyi başa düşür. Cavabdehlər onunla maraqlanmadığı üçün uşaq da atası ilə danışmaq istəmir. Məhkəmə iclasında Cavabdeh1 iddianı tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, həmin borc elə onların toy xərclərinə görə yaranmış, belə ki, restorana borclu qalmışlar. Ona görə qızılları lombarda qoyub pul götürüb borcları ödəmək istəyirdilər. Boşanmadan xəbəri olmamışdır. O, 5 il Rusiyada qalmışdır. Nikah dövründə iki övladları olmuş, bir övladı vəfat etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Cəmşid qızı iddianı qəbul etməyərək, cavabdehlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və həmçinin bildirmişdir ki, qızılların lombarda qoyulmasından iddiaçının xəbəri var idi. Borclarını ödəmək üçün qızılları lombarda qoymuş, lakin sonra qaytarmağa maddi imkanları çatmamışdır. İş materialları Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X2 arasında nikah xx.xx.2011-ci il tarixdə bağlanmışdır. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci ildə doğulmuşdur. Bərdə 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli «mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 qıızlzinət cə cehiz əşyaları tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında Cavabdeh1 iştirak etməmişdir. İşə iddiaçı tərəfindən əlavə edilən fotoşəkillərdə tələb edilən və cavabdehdə olması iddia edilən qızıl-zinət əşyalarının fotoşəkilləri əks edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qızıl zinət əşyalarının ümumi dəyəri, 7229 manat, cehiz əşyalarının ümumi dəyəri isə 5880 manat müəyən edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 395 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəəsinin 2(010)-982/2025 saylı xx.xx.2025-ci i tarixli qərardadı ilə qiymətləndirilməsi xahiş olunan qızıl-zinət əşyalarının hazırki tarixə bazar dəyəri 8570 (səkkiz min beş yüz yetmiş) azn müəyən edilmişdir. İşin faktiki halları İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Hazırda tərəflərin nikah münasibətləri pozulduğundan faktiki olaraq 2016-cı ildən ayrı yaşayırlar. İddiaçı ona məxsus qızıl-zinyət əşyalarının və cehiz əşyalarının cavabdehlərdən alınaraq ona verilməsini, mümkün olmadıqda dəyərinin ödənilməsini xahiş edir, cavabdehlər iddia tələbini qəbul etmir və etirazlarını onunla əsaslandırırlar ki, iddia tələbində qeyd edilən cehiz əşyaları kirayə qaldıqları evə aparılmış, sözügedən mənzildə də qalmışdır, cehiz əşyaları cavabdehlərdə deyil. Tələb olunan qızıl-zinyət əşyaları ilə bağlı isə bildirir ki, onlar evləndikdən sonra toyla bağlı restorana borcu olduğu üçün iddiaçının özünün də icazəsi ilə borcu ödəmək üçün qızılları lombarda qoymuşlar. Həm də, iddiaçı həmin qızılları tələb etmək üçün iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 372.2 hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1 Ümumi iddia müddəti on il təşkil edir. 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3 Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi İddiaçı cavabdehlərin ona məxsus qızıl zinət əşyalarını girov qoyaraq əldə olunan məbləğdən öz borclarını ödəmək üçün istifadə etdiklərini iddia edir və həmin qızılları cavabdehlərdən tələb edir. Məhkəmə iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən edir ki, cavabdehlər iddiaçıya məxsus qızıl-zinət əşyalarını girov qoymuş və bunun nəticəsində əldə edilmiş vəsait hesabına əsassız varlanmışlar. Cavabdehlər isə iddia edir ki, qızılların 2011-ci ildə girov qoyulmasından 14 ildən çox vaxt keçdiyindən iddia müddəti ötürülmüşdür. Buna müvafiq olaraq, cavabdehlər mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə vermişlər. Bununla bağlı məhkəm vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızıl-zinət əşyalarını tələb etməkdə haqlı olmuşdur, lakin hazırki iddia tələbi qanunvericiliklə nəzərdə tutulmuş on illik iddia müddəti ötürüldüyündən təmin edilməməlidir. İddia tələbinin cehiz əşyaları ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh həmin əşyaların mövcudluğunu etiraf etmişdir. Lakin, buna baxmayaraq həmin əşyaların cavabdeh tərəfdə olması işin halları ilə sübut olunmur. Belə ki, həmin əşyalar iddiaçının atası evinə qayıtmamışdan əvvəl kirayədə yaşadığı mənzildə qalmışdır. Odur ki, cehiz əşyaları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 deyil, kirayə yaşadığı mənzilin sahibindən tələb edilməlidir. Belə ki, cehiz əşyalarının tərəflərin kirayə yaşadıqları evə aparılması və orada qalması faktına iddiaçı etiraz etməmiş, həmin faktı mübahisələndirməmişdir. Məhkəmənin gəldiyi nəticə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmşid qızına qarşı “qızıl və cehiz əşyaları” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu və mütəxəssis xidməti xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Cəmşid qızına qarşı “qızıl və cehiz əşyaları” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və mütəxəssis xidməti xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar