Məhkəmə qərarları › İş №2(011)-106/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-106/2024

31.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-106/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – Ərizəçi MMC –nin “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə baxaraq, müəyyənetdi: Ərizəçi MMC məhkəməyə müracət edərək, X2 ilə bağlanmış 17 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Maraqlı şəxs ilə Ərizəçi MMC arasında xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-00350 nömrəli barışıq sazişi bağlanmışdır. İddiaçı Maraqlı şəxs tərəfindən cavabdeh Ərizəçi MMC-yə qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 2(011)-3565/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş icraata götürülmüşdür. Maraqlı şəxs X1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-106/2024 nömrəli qərardadı ilə mülki işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barəsində ərizə təmin edilməmişdir. Bakı şəhər Xətai Rayon Məhkməsinin 2(011)-106/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, Maraqlı şəxs nümayəndəsi və vəkili Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-106/2024 saylı qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1706/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-106/2024 nömrəli iş üzrə 23 fevral 2024-cü il tarixli qərardadı ləğv edilərək, iş Maraqlı şəxs məhkəmə aidiyyəti haqqında ərizəsinə yenidən baxılması həmin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mülki , inzibati və digər hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlər mülki icraat qaydasında Kommersiya Məhkəməsinə aid edilir. Məhkəmə qeyd edir ki, subyekt tərkibinə və mübahisənin predmetinə görə kommersiya məhkəmələrinə aid olan işlərə həm də mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiqi ilə bağlı ərizələr də daxildir. Göründüyü kimi tərəflərdən ərizəçi hüquqi şəxsdir, maraqlı şəxs fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir. Tərəflər arasında yaranan mübahisə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı olmuşdur. İş materiallarına əlavə edilmiş, “Azemis” Elektron Məhkəmə informasiya sistemindən vergi ödəyicisinin məlumatları barədə çıxarışdan görünür ki, iddiaçı ********** saylı VÖEN ilə fəaliyyət göstərir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Maraqlı şəxs VÖEN-in statusu “fəaliyyəti müvəqqəti dayandırılmış”dır. Məhkəmə qeyd edir ki, sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş fiziki şəxsin öz fəaliyyətini müvəqqəti dayandırması onu belə statusdan məhrum etmir və onun tərəfi olduğu kommersiya mübahisələrinin xarakterini dəyişmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarın 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1, 32.2 və 32.3-cü maddələrinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətının dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyətı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yenə eyni Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmə aidiyyəti qaydalarının tələblərinə uyğun olaraq hazırki mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 184.4, 44-45 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizəçi MMC –nin “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar