Məhkəmə qərarları › İş №2(011)-107/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-107/2022

10.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-107/2022 10.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində pay hüququnun tanınması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində pay hüququnun tanınması tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilmnəsinə dair ərizə ilə məhkəməyə müracət edərək Bakı şəhəri, Azərbaycan prospekti-10 ünvanda yerləşən, Mərkəzi Univermaq (MUM) adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsində, mərhum X4 məxsus olan satış bölməsindəki bütün geyim əşyalarının onunla X1 birgə mülkiyyəti hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X5 ilə 27.02.2017-ci il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Birgə nikahlarından 01.02.2018-ci ildə Əzizağa adlı uşaqları doğulmuşdur. X5 11.07.2020-ci ildə vəfat etmişdir. Arvadından qalan miras əmlakın qəbul edilməsi barədə notariat ofisinə müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında 13.01.2020-ci il və 07.04.2020-ci il tarixli şəhadətnamələr almışdır. Qeyd olunan şəhadətnamələr əsasında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 241 saylı evin 52 saylı mənzilinə və “Hyundai Accent” markalı, **-TS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə onun və azyaşlı övladı X6 hər birinin 1/3 hissədə payları müəyyən edilmiş, həmin əmlakların digər 1/3 hissəsi isə açıq saxlanılmışdır. Bundan başqa, birgə nikah dövründə Bakı şəhərində yerləşən, "Caspian Shop" ticarət mağazasında və Mərkəzi Univermaq (MUM) adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsində müvafiq yer götürərək, orada geyim əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. Yaranmış məlum pandemiya ilə əlaqədar olaraq sonradan "Caspian Shop" ticarət mağazasındakı fəaliyyətlərini dayandırmağa məcbur olmuş və oradakı bütün geyim əşyalarını Mərkəzi Univermaq (MUM) adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsindəki, özlərinə məxsus olan satış bölməsinə daşımışlar. Hazırda Bakı şəhərində yerləşən, Mərkəzi Univermaq (MUM) adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsindəki, mərhum X7ma məxsus olan həmin satış bölməsində onların təqribən 350.000 dollar dəyərində geyim əşyaları vardır. X1 bacısı Cavabdeh həmin mağazada satıcı kimi çalışırdı. Hazırda o, X3 vəfatı ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edərək, müxtəlif bəhanələrlə, iddiaçının həmin əşyalar üzərində sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirməsinə mane olur. Prosesin gedişində iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilmnəsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırda yenidən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Dövlət Gömrük Komitəsinin 02.07.2021-ci il tarixli, 1000-170/170-24 010576 nömrəli cavab məktubu ilə mərhum həyat yoldaşı X3 2005, 2006, 2009, 2012, 2013 və 2015-ci illər ərzində yerinə yetirdiyi idxal əməliyyatları haqqında məlumat və vergi ödəyicisi kimi qeydiyyatdan keçərək əldə etdiyi ********** VÖEN də həyat yoldaşı ilə birlikdə biznesinin olduğunu tam sübuta yetirir. Bacısının vəfat etməsindən istifadə edən cavabdehin Bakı şəhəri Azərbaycan pr 10 ünvanında yerləşən Mərkəzi Univermaq (MUM) adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsində mərhum həyat yoldaşı X4 məxsus olan satış bölməsindəki satış məhsullarını qanunsuz və özbaşına sahiblənməsi nəticəsində o, həm həmin əşyalar üzərində vərəsəlik hüququndan, həm də əşyaların satışından əldən çıxmış faydadan məhrum olmuşdur. Əlavə işlə məşğul olduğundan mağazada birbaşa satışla məşğul olmamışdır. Malların daxil olması və s. bütün hərəkətlər məhz həyat yoldaşı X5, vergi hesabatları və bəyannamələrin təqdim edilməsi isə həyat yoldaşının mühasibi İsrail tərəfindən həyata keçirilmiş, mühasibin əmək haqqısı da həyat yoldaşı tərəfindən ödənmişdir. Bəzi satış məhsullarının Binə və Sədərək Ticarət Mərkəzindən seçilərək alınması və gətirilməsi hər ikisi tərəfindən həyata keçirildiyindən və bir çox hallarda mağazada ola bilməmələri səbəbindən Cavabdeh əmək haqqı ödənməsi əsasında satıcı kimi fəaliyyət göstərirdi. Hazırda isə Cavabdeh bacısının vəfatından və formal olaraq kirayə müqaviləsinin, eyni zamanda VÖEN-nin öz adına olmasından istifadə edərək onların birgə nikah dövründə əldə etdiyi satış məhsullarını və qazancı mənimsəmişdir. Cavabdehin məhkəmə iclaslarında malların alış, əldə etmə mənbəyini göstərə bilməməsindən və özünün isə malların alınma mənbəyini göstərən sənədlərindən də sübut olunur ki, iddia tələbi tam haqlıdır və təmin edilməlidir. Onu da qeyd etmək istəyir ki, Xətai Rayon Məhkəməsinin qərardadı ilə həmin məhsullar icra məmuru tərəfindən siyahıya alınmış və bu barədə 14.01.2022-ci il tarixli akt tərtib edilmişdir. Bütün bunları nəzərə alaraq mərhum həyat yoldaşı X2 miras qalmış Xətai Rayon Məhkəməsinin qərardadı ilə icra məmuru tərəfindən siyahıya alınmış 14.01.2022-ci il tarixli aktda qeyd edilən məhsulların üzərində 1/2 hissədə onun pay hüququnun, digər 1/2 hissəyə onun və birgə nikahdan anadan olmuş X6 pay hüququnun müəyyən edilməsi, həmin məhsulların dəyərinin ona və oğluna düşən hissəsinin alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan digər bir işlə bağlı hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, göstərdi ki, iddiaçının məhkəmə iclasına gəlməməsi yalnız mübahisəyə baxılmasının uzadılması məqsədi daşıyır. Bu səbəbdən də mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Bakı şəhəri Azərbaycan pr.10 ünvanında yerləşən Mərkəzi Univermaq Ticarət Mərkəzinin 4-cii mərtəbəsində mərhum X4 məxsus satış bölməsi mövcud deyil və heç vaxt da olmamışdır. Qeyd olunan satış bölməsi (ticarət sahəsi) ilə bağlı 2012-ci ildən etibarən bügünə kimi bütün icarə müqavilələri yalnız cavabdeh, Cavabdeh ilə bağlanmış, ticarət sahəsi isə onun istifadəsində olmuşdur. Qeyd olunan satış bölməsində (ticarət sahəsində) olan kassa aparatı və pos terminal, geyim mallarının satışı üzrə VÖEN, o cümlədən ticarət obyektinin vergi uçotu 2012-ci ildən bügünə kimi yalnız Cavabdeh adına rəsmiləşdirilmiş və onun istifadəsində olmuşdur. İddia ərizəsində qeyd olunan satış bölməsinin mərhum X4 məxsusluğu iddia olunsa da, buna dair hər hansı sənəd, sübut məhkəməyə təqdim edilməmişdir, çünki belə sənədlər mövcud deyil. Göründüyü kimi mübahisəli satış bölməsinin və orada olan geyim əşyalarının mərhum X4 hər hansı məxsusluğu və ya aidiyyəti yoxdur. Qeyd edir ki, mərhum Hüseynova S.O. iddiaçı ilə ancaq 2017-ci ildən 2020-ci ilə kimi nikahda olmuşdur. Bu o deməkdir ki, iddiaçı hazırki iş üzrə iddia tələbində tamamilə haqsızdır və belə bir tələbin heç bir hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 1990-cı ildən Mərkəzi Univermağın 3-cü mərtəbəsində xırdavat bölməsində işləmiş, daha sonra 4-cü mərtəbəyə keçmişdir. Cavabdeh 2012-ci ildə qeyd olunan mağazanın 4-cü mərtəbəsində işləyir. Paltar satır. Bir birilərini tanıyırlar. Güllünün mərhum Simuzəri də tanımışdı. Mərhum univermaqda paltar satışı ilə məşğul olmamışdır. Eyni zamanda onun ərini də tanıyır. Simuzər və Vüqarın nə Mərkəzi Univermaqda işləmələrini, nə ki, orada işləyənləri malla təchiz etmələrini görməmişdir. Onlar sadəcə hərdən gəlib Güllünün qohum kimi oturub çay içirdilər. Eşitmişdir k, Simuzər başqa yerlərə mal verir və "Caspian Shop" ticarət mərkəzində mağazası var. Heç vaxt Simuzərin mallarının Güllüdə olması barədə kimsədən eşitməmişdir.. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlnı, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında və doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 arasında nikah 27.02.2017-ci il tarixdə bağlanmış və tərəflərin birgə nikahlarından 01.02.2018-ci il təvəllüdlü X9 anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 11.07.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 13.01.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 07.07.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri- X9 və İddiaçıdur və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri,Nəsimi rayonu,Dilarə Əliyeva küçəsi, ev 241, 52 saylı mənzildən ibarətdir. Qeyd-göstərilən miras əmlakın 1/3 hissəsi açıq saxlanılır. Şəhadətnamə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq olunaraq, reyestrdə 1S-3922 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 07.04.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 07.07.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri- X9 və İddiaçıdur və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Hyundai Accent” markalı, **-TS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Qeyd-göstərilən miras əmlakın 1/3 hissəsi açıq saxlanılır. Şəhadətnamə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq olunaraq, reyestrdə 2V-150 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********2 saylı arayışdan görünür ki, X8 VÖEN **********, 1005 ünvan 4 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə 13.07.2012-ci il tarixdə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışdan görünür ki, X8 VÖEN **********, 1005 ünvan 4 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə 13.07.2012-ci il tarixdə uçota alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu Azərbaycan prospekti 10 ünvanda yerləşən Mərkəzi Univermaq adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən tərəflər arasında mübahisə olunan satış bölməsindəki geyim əşyalarının (növü, çeşidi, sayı, miqdarı göstərilməklə) siyahıya alınması qərara alınmışdır. 14.10.2022-ci il tarixli aktın surətindən görünür ki, qeyd olunan qərarın icrası məqsədi ilə Səbail Rayon İcra şöbəsinin əməkdaşları tərəfindən, hazırki iş üzrə tərəflərin və hal şahidlərinin iştirakı ilə göstərilən ünvanda olan 73 adda qadın geyim və bijuteriya əşyaları siyahıya alınmış və bu barədə akt tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Dövlət Gömrük Komitəsinin 02.07.2021-ci il tarixli, 1000- 170/170-24 010576 nömrəli məktubundan görünür ki, X5 (VÖEN **********) 2005, 2006, 2009, 2012, 2013 və 2015-ci illər ərzində yerinə yetirdiyi idxal əməliyyatları haqqında məlumat iddiaçıya təqdim edilmiş, Dövlət Gömrük Komitəsinin məlumat bazasında qeyd olunan fiziki şəxsin 2002-2004, 2007, 2008, 2010, 2011, 2014 və 2016-2020-ci illər ərzində idxal əməliyyatları haqqında məlumatlar olmadığı bildirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı mərhum həyat yoldaşı X3 mülkiyyətində olduğunu iddia etdiyi, Səbail Rayon İcra şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14.10.2022-ci il tarixli akt əsasında siyahıya alınmış, Bakı şəhəri, Səbail rayonu Azərbaycan prospekti 10 ünvanda yerləşən Mərkəzi Univermaq adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən satış bölməsindəki mübahisəli geyim əşyalarının hər hansı hüquqla ona və mərhum həyat yoldaşına məxsus olması, həmçinin həmin əşyalara dair digər əmlak hüquqların olması müəyyən edilməmişdir. İddiaçının iddiasının əsaslandırdığı sübutlara əsasən mübahisəli geyim əşyalarının iddiaçının mərhum həyat yoldaşının sahibliyində olması da təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. Çünki iddiaçı mübahisəli geyim əşyalarının üzərində mərhum həyat yoldaşının qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu halda, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Azərbaycan prospekti-10 ünvanda yerləşən, Mərkəzi Univermaq (MUM) adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsində, mərhum X2 miras qalmış məhsulların üzərində 1/2 hissədə onun pay hüququnun, digər 1/2 hissəyə onun və birgə nikahdan anadan olmuş X6 pay hüququnun müəyyən edilməsi, həmin məhsulların dəyərinin ona və oğluna düşən hissəsinin alınaraq onlara verilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar