Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1088/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası xx.xx.1949-cu il təvəllüdlü X3 xx.xx.2024cü il tarixdə qəflətən vəfat etmişdir. O, vəfatından sonra növbəti gün dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin, mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə, ünvan 1 ünvanında X2 həkimə qədər ölümü müəyyən edilmişdir. 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, AR Səhiyyə Nazirliyinin “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” haqqında Qərarının 4.3 və 4.8-ci bəndlərinə əsasən X2 ölümünü təsdiqləyən ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. Bakı şəhər Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X1 rayon Xətai Bələdiyyəsinin ərazisində yerləşən Cavanşir küçəsindəki qəbiristanlıqda dəfn edilmişdir. Arayışa mərhumun qəbrinin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi əmisidir, uzun müddət onunla və mərhum anası X3 ilə bir həyətdə yaşamışlar, mərhum xəstə idi, xx.xx.2024-cü il tarixdə həyətə gəlmiş, onun ölüm xəbərini eşitmişdir. Həmi gün təcili tibbi yardım da çağırmışlar. O, mərhumun dəfnində və yas mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə qonşudurlar, mərhum vəfat edən günü toyda olmuş, başqa bir qonşu zəng edib Emilin anasının ölüm xəbərini vermişdir. O, bu xəbəri aldıqdan sonra toydan çıxıb yas yerinə gəlmişdir, dəfndə və yasda iştirak etmişdir. Mərhumu Xətai rayonu ərazisində Cavanşir küçəsindəki qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Ərizəçi iş yoldaşıdır, işdə olarkən onun anasının vəfat etdiyini eşitmiş, yas yerinə gələrək dəfndə iştirak etmişdir, mərhumu Xətai rayonu ərazisində Cavanşir küçəsindəki qəbiristanlıqda dəfn etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə xx.xx.1949-cu il təvəllüdlü, Bakı şəhərində anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1949-cu il tarixdə, Bakı şəhərində anadan olmuş X2 10 noyabr 2024-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli