Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1145/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 2332 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahından bir övladları – xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur.
2. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5728/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir.
3. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə mediasiyada barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi ilə birgə nikahlarından doğulmuş uşağın ərizəçinin yanında saxlanılması, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün maraqlı şəxs tərəfindən hər ay 350 manat məbləğində aliment ödənilməsi, maraqlı şəxsin övladı ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi ilə bağlı tərəflər razılığa gəlmişlər.
4. Cavabdeh tərəfindən Barışıq sazişinin 2-ci bəndində qeyd edilən aliment iddiaçıya ödənilmir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
5. Ərizəçi Mediasıya prosesi nəticəsində aralarında bağlanmış xx.xx.2022-ci il barışıq sazişinin təsdiq edilməsi, saziş üzrə ödənilməli 350 manat alimentin Maraqlı şəxs hər ay tutulması barədə və ərizəyə görə 50 manat dəyərində ödədiyi pulun maraqlı şəxs tərəfindən ona geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Ərizəçi ərizəsində qeyd etmişdir ki, maraqlı şəxslə rəsmi nikaha girərək ailə qurmuşlar. Bu nikahdan bir övladları dünyaya gəlib. xx.xx.2022-ci ildə MŞB/8-00211 saylı barışıq sazişi bağlanmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 350 manat alimentin ödənilməsinə razılaşmışdır. Lakin heç bir ödəniş etməmişdir. Eləcə də bu ərizəni, qarşı tərəfin üzərinə düşən vəzifədən qaçdığı üçün, yazmağa və buna görə ödəniş etməyə məcbur qalıb.
b) Maraqlı şəxsin iddia ərizəsinə etirazının dəlilləri:
7. Maraqlı şəxs ərizəyə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. Ərizəçi məhkəmə baxışında ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mediasiya prosessində mediator maraqlı şəxsə heç bir təzyiq göstərməyib, maraqlı şəxs özü hər ay 350 manat məbləğində aliment ödəməyə razı olmuşdur.
9. Maraqlı şəxs məhkəmə baxışı zamanı ərizəyə etiraz edərək bildirdi ki, barışıq sazişi bağlanılarkən ərizəçi nikahın pozulması, uşağın onun yanında qalması və aliment tələbi ilə bağlı 8 saylı mediasiya təşkilatına müraciət eləmişdir. Ona da zəng edib həmin təşkilata dəvət etdilər. Orda bildirdilər ki, alimentin 350 manat olmağı, ümumiyətlə şərtlərin bu cür olması məsləhətdir. Əks halda o, uşağını görməyə bilər, hətta atalıqdan məhrum oluna bilər. Bunun real, qanuni olduğuna inanmış və qorxub barışıq sazişinə imza atmışdır. Lakin mediasiya təşkilatından sonra məsləhət almaq üçün dərhal vəkil burosuna müraciət etmiş, orada ona bildirmişlər ki, valideyn hüquqlarından məhrum edilmə üçün əsasların siyahısı qanunvericilikdə tam şəkildə müəyyən edilmişdir. Onu aldadıblar. Bundan sonra o, aylıq gəlirlərini təsdiq edən arayışı və sazişin ləgv olunmasına dair ərizəni mediasiya şurasına təqdim etdikdə, ona bildirdilər ki, artıq sazişi imzalanıb. Ona bunula bağlı heç bir köməklik göstərə bilməzlər. Bu tələb onun aylıq gəlirinə uyğun gəlmir, alimetin şərtləri və məbləği ilə razı deyil. Onun orta aylıq əmək haqqı 400 manatdır, 350 manat alimenti ödəyə bilməyəcək, belə çıxır o, 50 manatla yaşayacaqdır.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəllləsi:
10. Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
12. Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
13. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
14. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
21. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
22. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
23. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
24. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
İşə baxan məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəflərin izahatlarını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən əsaslıdır.
26. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq uşağın saxlanılması üçün alimentin vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır.
27. Məhkəmə maraqlı şəxsin barışıq sazişi bağlanarkən ona təzyiq göstərilməsi və aldadılması ilə bağlı etirazının dəlillərinə münasibətdə qeyd edir ki, məcbur etmə nəticəsində bağlanmış əqdi qanun mübahisələndirilən əqdlərə aid etmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinin mənasından da göründüyü kimi, mübahisələndirilən əqdlər mübahisələndirilənə qədər etibarlı olur. Bu tipli əqdin mübahisələndirilməsi isə əqdi etibarsız hesab edən tərəfin müqavilənin digər tərəfinə etibarsızlıqla bağlı iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göründüyü kimi, qanun birbaşa göstərməsə də, müqaviləni mübahisə edən tərəfin üzərinə əqdin etibarsızlığna səbəb olan halları sübut etmək yükünü qoyur.
28. Maraqlı şəxs barışıq sazişin bağlamağa məcbur edildiyini bildirsə də, bu dəlilini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mübahisənin məhkəmədə araşdırılması zamanı da maraqlı şəxsin həqiqətən də mediasiyada mediator, ərizəçi, yaxud digər şəxlər tərəfindən məcbur edilərək barışıq sazişini iradəsi əleyhinə bağlaması ilə bağlı hallar müəyyən edilməmişdir. Çünki, məhkəmə iclasında verdiyi izahatından da görünür ki, maraqlı şəxs əslində barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləği ilə razı deyil. Belə ki, maraqlı şəxs məhkəmədə barışıq sazişinin etibasız hesab edilməsi barədə dəlilini onunla əsaslandırır ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat aliment ödəyə bilməz, çünki onun aylıq maaşı 400 manatdır.
29. Məhkəmə qeyd edir ki, barışıq sazişinin bu əsasla mübahisələndirilməsi onun etibarsız hesab edilməsi üçün yox, icrasından imtina üçün, yaxud ərizəçi ilə razılıq əsasında yeni barışıq sazişinin bağlanması üçün əsas ola bilər.
30. Digər bir tərəfdən, yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin ödənilməsi valideynin qanunla müəyyən edilmiş öhdəliyidir və onların bu vəzifələri Ailə Məcəlləsində (13-cü fəsil) imperativ olaraq nəzərdə tutulmuşdur. Odur ki, hər hansı bir sazişdə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq maraqlı şəxsin yetkinlik yaşına çatmayan övladını saxlamaq vəzifəsi vardır, əvvəldə də qeyd edildiyi kimi, bu vəzifə hər hansı sazişdən deyil, qanundan irəli gəlir. Mübahisə isə yalnız alimentin miqdarına münasibətdə yarana bilər.
31. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.
32. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinin 2-ci bəndində maraqlı şəxsin ərizəçiyə 2022-ci ilin noyabr ayından başlayaraq övladları xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay 350 manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsi nəzərdə tutulmuşdur.
33. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2-ci bəndi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olduğundan və tərəflər sazişin həmin bəndi ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin 2-ci bəndini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin 2-ci bəndinin alimentin ödənilməsi barədə hissəsinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
34. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2-ci bəndində alimentin ödənilməsini nəzərdə tutan müddəalar qanunvericiliyə uyğun olduğundan, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.
35. Lakin, məhkəmə ərizəçinin ərizəyə görə ödədiyi 50 manat məbləğində pul vəsaitinin maraqlı şəxsdən tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, ərizə həmin hissədə təmin edilməməlidir. Belə ki, ərizəçi ərizənin tərtibatına görə 50 manat məbləğində xərc çəkdiyini iddia etsə də, bu dəlilini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, ərizədə “Qoşma” bölməsində son sırada dövlət rüsumunun ödənilməsi barədə qəbzin ərizəyə əlavə edildiyi qeyd edilsə də, iş materiallarında belə bir qəbz mövcud deyil, ərizəçinin isə tələbi aliment ödənilməsi ilə bağlı olduğundan “Dövlət rüsumu haqqında” AR Qanunun müddəalarına əsasən məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azaddır.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişinin 2-ci bəndi təsdiq edilsin:
1. Maraqlı şəxs yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin noyabr ayından başlayaraq hər ay 350 manat məbləğində alimenti Ərizəçi Leobank **********712680 nömrəli bank hesabına köçürülməsinə razıdır. Ərizə 50 manat məbləğində pul vəsaitinin Maraqlı şəxs tutulması hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı