Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1241/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «X3 Bakı Filialı»nın cavabdehlər Cavabdeh və Zamin qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərdən 17.12.2021-ci il tarixinə olan 14061,18 manat əsas, 322,17 manat faiz borcu olmaqla, cəmi 14383,35 manat məbləğində pulun, 133,15 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, tələbin Zamin məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə (bundan sonra – Mənzil) yönəldilərək hərrac vasitəsi ilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra iddiaçıya olan kredit borcunun ödənilməsi və Mənzil satıldıqdan sonra bir ay müddətində boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehlərdən 17.12.2021-ci il tarixinə olan 9648,34 manat əsas, 123,06 manat faiz borcu olmaqla, cəmi 9771,40 manat məbləğində pulun, 133,15 manat dövlət rüsumunun, Mənzilin qiymətləndirilməsi üçün 300 manat xidmət haqqının tutulması, tələbin Zamin məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə (bundan sonra – Mənzil) yönəldilərək hərrac vasitəsi ilə satılması, hərrac vasitəsilə satıldıqdan sonra iddiaçıya olan kredit borcunun ödənilməsi və Mənzil satıldıqdan sonra bir ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh arasında 24.02.2020-ci il tarixdə 20 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 18% dərəcəsi olmaqla 20 000 məbləğində kredit verilmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh Zamin arasında 24.02.2020-ci il tarixdə zaminlik müqaviləsi, eyni zamanda həmi tarixdə ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Zamin məxsus Mənzil kredit müqaviləsi üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü 27.02.2020-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: **********), bu barədə Çıxarış verilmişdir. İpoteka predmetinin bazar qiyməti 65000 manat, likvid qiyməti isə 59000 manat müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində və iddia tələbinin həcminin azaldılması barədə ərizədə qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.02.2020-ci il tarixdə kredit müqaviləsi, digər cavabdeh Zamin arasında isə eyni tarixli zaminlik və ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonra başalayaraq hər ayın həmin günü Bankda ssuda hesabının qalığı hesablanmış faizlər də daxil 723,05 manat ödəməli idi. Borcalan (Cavabdeh) tərəfindən kredit müqaviləsinin hər hansı şərti pozulduqda Bankın verilmiş krediti hesablanmış faizlərlərlə birlikdə vaxtından əvvəl tələb etmək hüququ vardır. Borcalan cədvəl üzrə 17.12.2021-ci il tarixə Banka 15.184,05 manat ödəməli idi. Lakin həmin tarixə kimi borcalan tərəfindən 11.090 manat ödəniş edilmişdir. Borcalan tərəfindən öhdəliyi pozulduğundan hər bir hün üçün Banka illik 28% ödəməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı borcun həddən artıq şişirdilməsini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh arasında 24.02.2020-ci il tarixdə Kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq, cavabdeh Zamin ilə eyni tarixli həm zaminlik, həm də sonuncuya məxsus Mənzilə dair ipoteka müqaviləsi bağlanmış, Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyini tam icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi 25.04.2022-ci il tarixli Maliyyə arayışında Cavabdeh əsas borc üzrə 9648,34 manat, faiz borcu üzrə 123,06 manat olmaqla, cəmi 9771,40 manat məbləğində borcunun olması qeyd edilmişdir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdeh Zamin aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, qeyd edilən borcun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, Zamin alınmış kreditə görə zamin olduğundan, Cavabdeh isə pul öhdəliyini icra etmədiyindən və onlar hər ikisi iddiaçı qarşısında birgə məsuliyyət daşıdığından iddia tələbi zamindən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş yaşayış sahəsinə yönəldilməsinə, əmlakın hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan 1 ay sonra Mənzilin boşaldılması hissəsində də iddia əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdehnun iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini, ipoteka predmeti hərracda satıldıqdan 1 ay sonra Mənzilin boşaldılması tələb etməkdə haqlıdır və iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş yaşayış sahəsinə yönəldilməsi ipoteka ilə yüklü edilmiş həmin yaşayış sahəsinin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmeti olan Mənzilin likvid qiyməti 59.000 manat müəyyən edilməlidir. Belə ki, "xxxx" MMC-nin mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Mənzilin nazar qiyməti 65000 manat, likvid qiyməti isə 59000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əmlakın qiymətləndirilməsinə görə 300 manat pulun tələb edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, həmin xidmət haqqı iddiaçı tərəfindən könüllü olaraq ödənilmişdir. Məhkəmə, həmçinin iddianın 133,15 manat məbləğində dövlət rüsumunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı sonradan iddia tələbinin həcmini azaldaraq cavabdehlərdən cəmi 9771,40 manat tələb etmişdir. Qeyd edilən iddia tələbinə görə isə 117 manat rüsum ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24.02.2020-ci il tarixli Kredit müqaviləsi üzrə əsas borc görə 9648,34 manat, faiz borcuna görə 123,06 manat olmaqla, cəmi 9771,40 manat məbləğində pul və 117 manat məbləğində dövlət rüsumu Cavabdeh və Zamin alınaraq «X3 Bakı Filialı»na ödənilsin. Tələb Zamin məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə yönəldilsin və həmin mənzilin likvid qiyməti 59.000 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin mənzilin satılmasından əldə edilən vəsaitdən «X3 Bakı Filialı»na olan borc ödənilsin. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil satıldıqdan 1 ay sonra boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1241/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1241/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver