Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1315/2024 09.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:
1. Ərizəçi (bundan sonra-ərizəçi) Maraqlı şəxs(bundan sonra – maraqlı şəxs) ilə aralarında rəsmi bağlanmış 473 nömrə ilə qeyd alınmış 11 mart 2018-ci il tarixli nikah münasibətlərinə xitam verilməsi üçün mediasiya qurumuna müraciət etmişdir. Mediasiya prosesində tərəflər arasında barışıq sazişi bağlanılmış, sazişdə tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X7 valideynlərdən hansının yanında qalması, ərizəçinin uşaqla ünsiyyət, aliment, habelə uşağın psixi, fiziki, mənəvi inkişafı və təhsili ilə bağlı məsələlərin ərizəçinin razılığı ilə həll edilməsi, uşağın maddi və mənəvi mənafeyi üstün tutularaq onların heç biri digərinin nüfuzuna xələl gətirməməsi, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəyi barədə razılıq əldə olunmuşdur. Qeyd olunan “Barışıq sazişi”nin 2.1.1-ci bəndinə əsasən maraqlı şəxs ərizəçiyə övladı ilə istənilən vaxt ünsiyyətdə olmağına heç bir maneə törətməməyi öhdəsinə götürmüşdür. Həmin sazişin 2.1.2-ci bəndinə əsasən maraqlı şəxs X8 ərizəçinin yanında həftədə 2 gecə (həftənin günləri tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən olunur) qalmağına razılıq vermişdir (10 yaşına qədər dayə ilə). Lakin maraqlı şəxs müxtəlif bəhanələrlə və heç bir üzrlü səbəb olmadan uşağın ərizəçi ilə görüməsinə maneə törədir, uşaqla nə telefon, nə video zəng, nə də canlı ünsiyyətdə olmasına icazə verir. Bununla bağlı ərizəçi ilə maraqlı şəxs arasında olan smslər sonuncunun sazişin tələblərinə əməl etmədiyini və könüllü icrasından imtina etdiyini tam sübut edir. Uşaqla ünsiyyətə icazə verməməklə yanaşı, maraqlı şəxs ərizəçiyə ümumi qəbul olunmuş etik davranış qaydalarına əməl etməyərək əxlaqsız smslər də yazır. Qeyd olunmalıdır ki, ərizəçi öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirdiyi halda, maraqlı şəxs qərəzli olaraq sazişin tələblərinin icrasından yayınaraq, həmin sənədin 2.1.1-ci və 2.1.2-ci bəndlərinə əməl etmir. Həmçinin, “Barışıq sazişi”nin 2.1.7-ci bəndində göstərilmişdir ki, maraqlı şəxs X7psixi, fiziki, mənəvi inkişafı və təhsili ilə bağlı məsələlərin ərizəçinin razılığı ilə həll edilməsini öhdəsinə götürmüşdür. Belə ki, uşaq ərizəçi ilə razılaşdırılmaqla müvafiq uşaq baxçasında qeydiyyata götürülmüşdür. Lakin maraqlı şəxs heç bir səbəb və əsas olmadan 2023-cü ilin noyabr ayında uşağın baxçaya getməsini təmin etməmiş, müəyyən edilmiş aylıq ödənişi həyata keçirməmişdir. Halbuki Sazişə əsasən uşaq üçün hər ay 4500 manat miqdarında aliment müəyyən edilmiş və vaxtaşırı ödənilməsi təmin olunur. Hər ay ödənilən alimentin isə maraqlı şəxs tərəfindən hara xərcləndiyi də məlum deyildir. Bununla yanaşı, ərizəçi 2023-cü ilin noyabr ayının 22-də uşağın sağlamlığında problem olduğunu, kəskin öskürdüyünü və nəfəs almasında çətinlik çəkdiyini görərək uşağı həkimə aparmışdır. Həkim uşaqdan müəyyən qan analizləri götürüldükdən sonra müalicəsi üçün müvafiq dərman preparatları təyin edəcəyini bildirmişdir. Bundan sonra uşaq maraqlı şəxsə təhvil verilmiş, qan analizləri verildikdən sonra uşağı müayinə edən həkimlə görüşməyi və müalicəni davam etdirməyi tövsiyə etmişdir. Lakin Maraqlı şəxs bu tövsiyələrə əməl etməmiş, uşağın analizlərinin götürülməsini və müalicənin davam etdirilməsini təmin etməmiş, bu barədə ərizəçiyə nə məlumat vermiş, nə də uşaqla ünsiyyətə şərait yaratmışdır ki, ata uşağının sağlamlığı barədə məlumatlı olsun. Artıq ata 2 həftəyə yaxındır ki, uşaqla ünsiyyət yarada bilmir və hər hansı məlumatı yoxdur. Bundan başqa, əvvəllər uşağı ilə ünsiyyət zamanı uşaq atasına bildirmişdi ki, onların yaşadığı evə cavan dayı gəlir, yanımda qısa tumanla (şortiklə) gəzir, gecəni bizdə qalır və səhərlər bizə səhər yeməyi hazırlayır. Bununla bağlı Maraqlı şəxs soruşduqda sonuncu evə gələn şəxsin ona aidiyyəti olmadığını, evin ona məxsus olduğuna görə istədiyi şəxsi gətirmək hüququnun olduğunu bildirirək yenə də təhqiramiz ifadələr işlətmişdir. Evə gələn şəxsin kimliyi tərəfimdən müəyyən edilmiş, onun Maraqlı şəxs 7-8 yaş balaca və evli olduğu müəyyən edilmişdir. Bütün bu sadalanan hallar isə təbii ki, uşağın psixi, fiziki və mənəvi inkişafına mənfi təsir göstərməkdədir.
Ərizəçinin tələbi:
2. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli Barışıq Sazişinin aşağıdakı şərtlərlə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. “2.1.1-ci bənd Babayeva (Qasımova) X6 Azər Tofiq oğluna övladı X9 ilə istənilən vaxt ünsiyyətdə olmağına heç bir maneə törətməsin”; “2.1.2-ci bənd Babayeva (Qasımova) Ramina X2 atasıƏrizəçi yanında həftədə 2 gecə (həftənin günləri tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən olunur) qalmağına razılıq versin (10 yaşına qədər dayə ilə)”; “2.1.7-ci bənd Babayeva (Qasımova) Ramina X1 psixi, fiziki, mənəvi inkişafı və təhsili ilə bağlı məsələləri Ərizəçi razılığı ilə həll etsin”; “2.6-ci bənd Tərəflər övladları X7 maddi və mənəvi mənafeyini üstün tutaraq onların heç biri digərinin nüfuzuna xələl gətirməsin, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməsin.
Maraqlı şəxsin etirazı:
3. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Maraqlı şəxs uşaqla ərizəçinin görüşünə süni maneələr yaradır, uşağın vaxtı-vaxtında bağçaya getməsini təmin etmir, ərizəçi övladı üçün 4500 manat aliment ödəməsinə baxmayaraq uşağın bağça xərcləri də ödənməmişdir. Bunlarla yanaşı qarşı tərəf barışıq sazişi üzrə digər öhdəliklərini də yerinə yetirməmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
6. 29 dekabr 2021-ci il tarixli Mediasiya sessiyasında bağlanmış barışıq sazişi.
7. "xxxx" Məktəbəqədər Tərbiyə Müəssisəsindən Ərizəçi verilmiş arayışın surətinə əsasən, X9 cari ilin noyabr ayında bir neçə gün bağçaya gəlmişdir. Uşağın valideyni Maraqlı şəxs ilə əlaqə saxlanıldığında o, Selinin sağlamlığı ilə bağlı gələ bilmədiyi, amma sağalanda bağçaya davam edəcəyi haqqında məlumat verdi. Cari ilin noyabr ayının ödənişi ödənilməyib.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1438/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən, iddiaçı Ərizəçi ilə cavabdeh X5 arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 473 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.
9. AZ-İV 193259 nömrəli Doğum haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.2019-cu il tarixli X7 atası Ərizəçi, anası X3.
10. Əlavə edilmiş digər materiallar.
Tətbiq edilən hüquq: 11.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 50.4. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.
13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi: 14.Məhkəmə iş materiallarını, tərəfin izahını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin edilməlidir.
15. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2021-ci il tarixli Barışıq Sazişinin “ 2.1.1-ci bənd Babayeva (Qasımova) X6 Azər Tofiq oğluna övladı X9 ilə istənilən vaxt ünsiyyətdə olmağına heç bir maneə törətməsin”; “2.1.2-ci bənd Babayeva (Qasımova) Ramina X2 atası Ərizəçi yanında həftədə 2 gecə (həftənin günləri tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən olunur) qalmağına razılıq versin (10 yaşına qədər dayə ilə)”; “2.1.7-ci bənd Babayeva (Qasımova) Ramina X1 psixi, fiziki, mənəvi inkişafı və təhsili ilə bağlı məsələləri Ərizəçi razılığı ilə həll etsin”; “2.6-ci bənd Tərəflər övladları X7 maddi və mənəvi mənafeyini üstün tutaraq onların heç biri digərinin nüfuzuna xələl gətirməsin, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməsin” hissələrində məcburi icra üçün təsdiq edilməsidir.
16. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Barışıq Sazişinin qeyd edilən bəndlərini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin 2.1.1, 2.1.2, 2.1.7-ci bəndlərinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs Barışıq Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişin qeyd edilən dörd bəndindən üçü məhkəmə tərəfindən təsdiq edilməlidir.
17. Belə ki, məhkəmə Mediasiya sessiyasında bağlanmış barışıq sazişinin şərtlərini ayrı-ayrılıqda nəzərdən keçirərək hesab edir ki, barışı sazişinin 2.1.1-ci və 2.1.2-ci bəndlərində nəzərdə tutulan şərtlər qanunvericiliklə uşağın valideynləri ilə ünsiyyətdə olmaq hüququna əsaslanır. Maraqlı şəxs barışıq sazişinin həmin bəndinə əsasən, birgə nikahdan olan uşağın atası ilə ünsiyyətdə olmasına heç bir maneə törətməməyi öz öhdəsinə götürmüşdür. Həmin bənd qanunvericiliyə uyğun olaraq həm atanın bir valideyn kimi öz uşağı ilə, həm də uşağın öz valideyni ilə birbaşa ünsiyyətdə olmaq hüquqlarının təmin edilməsinə yönəlmişdir. Həmçinin barışıq sazişinin bu şərtlərindən heç birinin tərəflərin və onların birgə nikahdan olan övladlarının hüquqlarının və qanuni mənafelərinin pozması hallarına rast gəlinməmişdir. Odur ki, məhkəmə mediasiya sessiyasında bağlanmış barışıq sazişinin həmin şərtlərinin təsdiq edilməsi qənaətinə gəlir.
18. Barışıq sazişinin 2.1.7-ci bəndinə əsasən, Babayeva (Qasımova) Ramina X1 psixi, fiziki, mənəvi inkişafı və təhsili ilə bağlı məsələləri Ərizəçi razılığı ilə həll etməsini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Göründüyü kimi barışıq sazişinin bu şərti valideynin hüquqlarının müdafiəsinə yönəlmişdir və həmin şərtə maraqlı şəxs tərəfindən əməl edilməməsi son nəticədə ərizəçinin valideynlik hüquqlarının əsassız olaraq məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi barışıq sazişinin 2.1.7-ci bəndinin təsdiq edilməsi hissəsində də təmin edilməlidir.
19. Məhkəmə Barışıq sazişinin “2.6-ci bəndi - Tərəflər övladları X7 maddi və mənəvi mənafeyini üstün tutaraq onların heç biri digərinin nüfuzuna xələl gətirməsin, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməsin” hissəsi ilə bağlı hesab edir ki, ərizə bu hissədə təsdiq edilməməlidir. Belə ki, mülki prosessual qanunvericiliyin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün tələb olunan şərtlərdən biri onun mülki icraat qaydasında məcburi icra edilməsinin mümkün olmasıdır. Barışıq sazişinin 2.6-cı bəndi tərəflərin şəxsi münasibətlərinə aiddir, məcburi icrası mümkün deyil. Qeyd edilənlərə əsasən məhkəmə Barışıq sazişinin 2.6-cı bəndini təsdiq etmir.
Məhkəmə xərcləri: 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə qismən təmin edilsin.
2. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli Barışıq Sazişinin aşağıdakı bəndləri bu məzmunda təsdiq edilsin: 2.1. “ 2.1.1-ci bənd ... Babayeva (Qasımova) X6 Azər Tofiq oğluna övladı X9 ilə istənilən vaxt ünsiyyətdə olmağına heç bir maneə törətməməyi öhdəsinə götürür.” 2.2. “2.1.2-ci bənd ... Babayeva (Qasımova) Ramina X2 atası Ərizəçi yanında həftədə 2 gecə (həftənin günləri tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən olunur) qalmağına razılıq verir (10 yaşına qədər dayə ilə).” 2.3. “2.1.7-ci bənd Babayeva (Qasımova) Ramina X1 psixi, fiziki, mənəvi inkişafı və təhsili ilə bağlı məsələləri Ərizəçi razılığı ilə həll edilməsini öhdəsinə götürür.”
3. Ərizə qalan hissədə təmin edilməsin.
4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova