Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1519/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19.03.1982-ci il tarixdə doğulmuş oğlu X1 16.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum oğlu X3 19.03.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, o, 16 dekabr 2021-ci il tarixdə qəflətən yaşadıqları ünvanda vəfat etmişdir, onun vəfatından sonra növbəti gün Bakı şəhəri, Naxçıvan adına hərbi məktəbin arxa hissəsində olan qəbirstanlıqda dəfn olunmuşdur, ölüm haqqında şəhadətnamənin alınması üçün ərazi üzrə Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından mərhum oğlunun adına ölüm haqqında şəhadətnamə verilməmişdir, oğlunun vəfatı ilə bağlı üzülərkən onun mərasim məclisini verərkən vaxtında qeydiyyat şöbəsinə müraciət etməmişdir, bunla bağlı Xətai rayon Qeydiyyat şöbəsi ona imtina məktubu verilmişdir, orada qeyd edilmişdir ki, məhkəməyə müraciət edə bilər. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin 04.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, mülki işə işin çoxluğu ilə əlaqədar nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, 18.03.2022-ci il tarixli məhkəmə iclasında 14.06.1960-cı il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçinin qonşusudur, ərizəçinin oğlu Nəsimi dekabr ayında, günorta vaxtı rəhmətə getmişdir, dəfndə iştirak etmişdir. 18.03.2022-ci il tarixli məhkəmə iclasında 02.04.1960-cı il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi Ağdamdan qonşusudur, burada da yaxındırlar, ona uşağının öldüyünü demişdir, bu hadisə 2-3 ay əvvəl, yeni ildən əvvəl olub, qış ayı idi, oğlunun adı Nəsimi idi, evli deyildi, subay idi, dəfn Zığda olmuşdur, dəfndə iştirak etmişdir. İş materiallarında olan ХХ-Жг seriyalı 396735 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 mart 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası X4, anası Ərizəçidır. İş materiallarında olan AZE seriyalı 17950932 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 19.03.1982-ci il tarixində, Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyası tərəfindən verilmiş 16.12.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 16.12.2021-ci il tarixdə, saat 14:23-də M.Hadi 73, m 93 ünvanına çağırış üzrə gedən təcili tibbi yardım briqadası X2 ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 17.03.2022-ci il tarixli 099 saylı arayışdan görünür ki, mərhum X3 Bakı şəhəri, Xətai rayonu, 2 №-li Zeytun sovxozu ərazisindəki qəbirstanlıqda 16.12.2021-ci il tarixində dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri X10 07.01.2022-ci il tarixli, 4612-05/15 saylı məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və müraciət edənə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, 19.03.1982-ci il təvəllüdlü X3 16.12.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir, ərizəçi mərhumun anasıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 19.03.1982-ci il təvəllüdlü X1 16.12.2021-ci il tarixində Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19.03.1982-ci il təvəllüdlü X1 16.12.2021-ci il tarixində Bakı şəhərində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1519/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1519/2022
18.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver