Məhkəmə qərarları › İş №2(011)-1527/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1527/2023

11.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1527/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və ya dəyərinin pulla ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Mübahisə predmeti olan cilalama aparatı iddiaçıya məxsusdur. O, həmin əmlakını gündəlik kirayəyə verməklə məşğul olmuşdur. İddiaçı sonuncu dəfə şifahi razılaşma əsasında cilalama aparatını Cavabdeh2 kirayəyə vermiş, sonuncu cilalama aparatı ilə digər Cavabdeh1 sifarişi əsasında onun evində taxta döşəmənin cilalanması ilə məşğul olmuşdur. Cilalama aparatı hazırda Cavabdeh1dır.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı ona məxsus cilalama aparatının cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa cavabdehlərdən müştərək qaydada əmlakın dəyəri olan 4000 manat manat məbləğində pulun və ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 4060 manat pulun alınıaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bir müddət bundan əvvəl cavabdehlər ona məxsus 4000 manat dəyərində olan cilalama aparatını götürmüşlər. Bundan sonra o, dəfələrlə cavabdehlərə cilalama aparatının ona qaytarılmasını tələb etməyinə baxmayaraq onlar müxtəlif bəhanələrlə həmin aparatın ona qaytarılmasından boyun qaçırırlar.

5. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi.

9. Cavabdeh1 məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, Yaşar onun evində təmir işlərini görürdü, həmin aparatı da onun evinə Yaşar gətirib. Sonradan Yaşar təmir işlərini yarımçıq qoyaraq aparatı da onun evində qoyub getmişdir. Cilalama aparatının iddiaçıya məxsus olmasını o, sübut edə bilmir.

10. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

11. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

13. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

14. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

15. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

22. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır

23. Məhkəmə hesab edir ki, iddia tələb üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

24. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

25. Birinci dispozitiv şərtlə bağlı məhkəmə qeyd edir ki, cilalama aparatı daşınar əşyadır və daşınmaz əmlaklardan fərqli olaraq daşınar əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün xüsusi bir qayda qanunvericilikdə müəyyən edilməmişdir. Yuxarıda göstərilən müddəların da mənasından görünür ki, daşınar əşyanın mülkiyyətiçisi ona həqiqi sahiblik hüququnu həyata keçirən şəxs hesab edilir. Ona görə də, əgər iddiaçı özünü əşyanın mülkiyyətçisi hesab edərək bu istiqamətdə addımlar atırsa, məhkəmə hesab edir ki, iddiaçının əşyanın mülkiyyətçisi olması güman edilməlidir. Həmçinin, cilalama aparatının iddiaçıya məxsus olmasını istisna edən hər hansı sübut da iş materilları ilə müəyyən edilmir.

26. İkinci dispozitiv şərtin olması, yəni əmlakın başqa şəxsin sahibliyində olması, yəni Cavabdeh1 sahibliyində olmasını sonuncu məhkəmə iclasında etiraf olunur. Belə ki, Cavabdeh1 sonuncu məhkəmə iclasında da bildirmişdir ki, cilalama aparatı hazırda onun evindədir. Həmçinin bu hal sonuncu tərəfindən məhkəməyə təqdim olunmuş optik daşıyıcıda olan fotoşəkillərlə də öz təsdiqini tapır.

27. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, tələb edilən əşyaya mübasibətdə də Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan ikinci dispozitiv şərtin mövcud olması da öz təsdiqini tapır.

28. Məhkəmə hesab edir ki, əmlakın cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü şərt də mövcuddur. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsində daşınar əşyanın sahibliyiə verilməsi üç meyarla şərtləndirilir: birincisi, əşyanın özünün, yəni natura olaraq verilməsi, ikincisi, əşyanın verilməsinin əvvəlki sahibin iradəsi olması, üçüncüsü, yeni sahibin əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olması (buna imkanının olması).

29. İşin yuxarıd qeyd edilən faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ona məxsus olan cilalama aparatını Cavabdeh1 evində döşəməni cilalaması üçün Cavabdeh2 şifahi razılıq əsasında kirayəyə vermişdir. Göründüyü kimi, cilalama aparatı iddiaçının iradəsi ilə Cavabdeh1 deyil, Cavabdeh2 istifadəsinə verilmiş və sonuncu tərəfindən də qəbul edilmişdir. Cavabdeh1 isə həmin cilalama aparatını Cavabdeh2 onun evinin təmirini tam yerinə yetirməməsinin əvəzi olaraq saxlamışdır. Beləliklə, cilalama aparatının Cavabdeh1 olması iddiaçının iradəsi ilə olmadığından və Cavabdeh1 əvvəldə qeyd edilən məqsədlə həmin əşyanı saxladığından, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli daşınar əşya Cavabdeh1 qanunsuz sahibliyindədir.

30. Məhkəmə iddianın Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı əşyanın Cavabdeh1 olması müəyyən olunduğundan iddia yalnız Cavabdeh1 aid hissədə təmin edilməlidir.

31. Həmçinin, əşyalar olmadıqda onların dəyərinin cavabdehdən tutulmasına gəldikdə isə məhkəmə hesab edir ki, əşyanın Cavabdeh1 olduğu məhkəmə araşdırması zamanı müəyyən edildiyindən onların dəyərinin cavabdehdən tutulmasına zərurət yoxdur. İddia ərizəsində də, əmlak olmadığı halda onun dəyərinin ödənilməsi xahiş edilmişdir.

32. Beləliklə, bütün şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cilalama aparatı Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cilalama aparatı Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar