Məhkəmə qərarları › İş №2(011)-156/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-156/2022

31.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-156/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh1nə və qeyrisinə qarşı “sayğacın quraşdırılması, mənəvi zərərin tutulması və s.” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh1nə və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı – ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının istismara yararlı olub-olmamasının araşdırılması, ekspertiza olunması öhdəliyinin Cavabdeh1 və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə qoyulması, Cavabdeh1 tərəfindən artıq hesablamanın silinməsi və yerinə standartlara cavab verən smart tipli yeni sayğacın quraşdırılmasının təmin edilməsi, Cavabdeh1 və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 100000 manat məbləğində mənəvi ziyanın tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Bakı şəhərində Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi bağlanmışdır (Müqavilə № 13-1532). Müqavilənin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixində, iddiaçının həmin tarixə qədər istifadə etdiyi “Smart-kart” tipli qaz sayğacı istismar müddətinin bitməsi səbəbi ilə əvəzinə Zenner Atmos G4-T (2020, Class 1,5) tipli mexaniki qaz sayğacı (№**********7) quraşdırılmışdır və bununla bağlı eyni tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt bağlanmışdır. Zenner Atmos G4-T (2020, Class 1,5) tipli mexaniki qaz sayğacını quraşdıran Cavabdeh1 mütəxəssisləri sayğacın standartlara tam cavab verdiyini bildirmişlər. Azərbaycan Respublikası Ölçmə Vasitələrinin Dövlət Reyestrindən müəyyən olunmuşdur ki, qaz sayğacının istehlakçısı ÇXR-nın Zenner şirkətidir. İddiaçı əvvəl “Smart-kart” tipli qaz sayğacından istifadə etdiyi zaman evdə istifadə etdiyi cihazlar kombi və QP-3 gözlü qaz piltəsi olmuşdur. İstismara verilən Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı quraşdırılan anda və hazırda da cihazlarda heç bir dəyişiklik olmamışdır, yəni əlavə cihaz qoyulmamışdır. Bu Qaz paylayıcısı ilə fiziki şəxs olan istehklakçı arasında qazın alğı-satqısı barədə xx.xx.2014-cü il tarixli 2/136185 nömrəli müqavilədə öz əksini tapmışdır. İddiaçı Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacını istismara yay ayından qəbul etdiyi üçün qaz sərfiyyatı az istifadə olunduğundan ödəniş məbləği də az olur və sayğacın düzgün işləyib-işləməməsi şübhə doğurmurdu. İddiaçı 2020-ci ilin noyabr ayından başlayaraq qaz sərfiyyatında hədsiz dərəcədə artım müşahidə etməyə başlamışdır. Sonrakı aylarda da iddiaçının müşahidəsi davam etmişdir. Bununla belə, iddiaçı sərfiyyata görə hesablanan məbləğin də ödənilməsini təmin edirdi. İddiaçı ödənişin əvvəlki illərə nisbətdə hədsiz dərəcədə çox olmasını Cavabdeh1 yerlərdə qaz sayğacına baxış keçirən əməkdaşlarına dəfələrlə məlumat vermişdir. İddiaçının məlumatlarına heç bir əhəmiyyət verilmədiyi üçün şəxsən sərfiyyat ilə bağlı araşdırmalara başlamışdır. İlk öncə iddiaçı Cavabdeh1 104 Çağrı xidməti ilə əlaqə saxlayaraq, 2018-ci, 2019-cu və 2020-ci ilin noyabr ayından mart ayınadək istifadə edilən qaz sərfiyyatı və ödənilən məbləğ barədə məlumat istəmişdir. Cavab olaraq bildirilmişdir ki qaz sərfiyyatı; 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart tarixinədək 3695 kub.metr - 569 manat, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart tarixinədək 3240 kub.metr - 447 manat, 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart tarixinədək qaz sərfiyyatı 5098 kub.metr -711 manat təşkil etmişdir. Sərfiyyata və ödəniş məbləğindən açıq göründüyü kimi, Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı quraşdırıldıqdan sonra əvvəlki illərə nisbətdə sərfiyyat və ödəniş 65% çox olmuşdur. Bütün bu rəqəmlər Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının istismara yararsız olmasından irəli gəlmişdir və bununla da istehlakçı olaraq iddiaçının maddi və mənəvi hüquqları pozulmuşdur. İddiaçı tərəfindən Bakı Regional Qazın Satışı Departamentinə və Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentinə xx.xx.2021-ci il tarixində müraciət edilərək, xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nöğmrəli mexaniki sayğacın istismara yararlı olub-olmamasının araşdırılmasını, ekspertiza olunmasını, artıq hesablamanın silinməsini və yerinə "Smart-kart" tipli qaz sayğacının quraşdırılması xahiş edilmişdir. İddiaçının müraciətinə xx.xx.2021-ci il tarixində Bakı Regional Qazın Satışı Departamcnti cavab vermiş və bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, istifadədə olan əvvəlcədən ödənişli G-d markalı 1402AZ**********20 nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək yeni sonradan ödənişli G-4 markalı **********7 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, hazırda istifadədə olan mexaniki qaz sayğacı vasitəsilə iddiaçının mənzilində istifadə edilmiş təbii qaza görə 108,80 manat borc yaranmış (əslində isə 200 manata qədər borc var idi) və iddiaçı tərəfindən ödənilməlidir. xx.xx.2021-ci il tarixli məktub iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir. İstehlakçı olaraq iddiaçının müraciətinə baxılmamışdır. Bundan az müddət sonra, Cavabdeh1 əməkdaşları heç bir rəsmi xəbərdarlıq etmədən Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacına plomb qoymuşdur və 10 günə qədər qazın verilişi dayandırılmışdır. İddiaçı tərəfindən istismara yararsız olan Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının hesabladığı məbləğin ödənilməsinə rəğmən Bakı Regional Qazın Satışı Departamentinə təkrar ərizə ilə xx.xx.2021-ci il tarixində təkrar Cavabdeh1 elektron poçt vasitəsilə müraciət edilərək, xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nöğmrəli mexaniki sayğacın istismara yararlı olub-olmamasının araşdırılmasını, ekspertiza olunmasını, artıq hesablamanın silinməsini və yerinə "Smart-kart” tipli qaz sayğacının quraşdırılması təkrar xahiş edilmişdir. İddiaçının müraciətinə heç bir əhəmiyyət verilməmişdir, istismara yararsız olan Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı isə artıq hesablaması davam etməkdədir. İddia ərizəsində qeyd edilənlər ona əsas vermişdir ki, iddiaçının istehlakçı olaraq hüquqları pozulmuşdur, pozulmuş hüquqlarının bərpası ilə bağlı iddiaçı məhkəmədənkənar qaydada aidiyyəti üzrə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh1 və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hərəkət və hərəkətsizliyi ilə iddiaçıya mənəvi zərər dəymişdir. Belə ki, Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı standartlara cavab vermədiyi üçün dəfələrlə artıq sərfiyyata görə iddiaçıdan əsassız pul alınmış və eyni zamanda artıq hesablanmış məbləği ödəmədiyinə görə sayğaca "Müqəddəs Ramazan" ayında heç bir xəbərdarlıq edilmədən plomb qoyulmaqla iddiaçı və 5 nəfərdən ibarət ailə üzvləri mənəvi və fiziki olaraq əziyyət çəkmiş, iztirab keçirmişdir. Bu ərəfələrdə iddiaçı və ailəsi onlara edilən bu haqsızlığa görə psixoloji sarsıntı keçirmiş və bu da normal iş fəaliyyətlərinə, yaşayışlarına birbaşa təsir göstərmişdir. Plombun qoyulması iddia ərizəsinə əlavə edilən şəkillərdə tam sübut olunur. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, ünvan 2 ünvanında xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli Zenner Atmos G4- T tipli mexaniki qaz sayğacının dövlət standartlarına uyğun olaraq istismara yararlı olubolmamasının müəyyən edilməsi, Cavabdeh1 İB tərəfindən artıq hesablanmanın silinməsi, **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına cavab verən smart tipli yeni sayğacın quraşdırılmasının təmin edilməsi, Cavabdeh1 İB və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 100000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh1 və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda köhnə qaz sayğacı çıxarılaraq, yerində “İtron” G4 tipli sayğac quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda köhnə qaz sayğacı çıxarılaraq, yerində “MSQ” G4 tipli sayğac quraşdırılmışdır. Məhkəmə iddiaçının “ünvan 2 ünvanında xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına uyğun olaraq istismara yararlı olub-olmamasının müəyyən edilməsi, Cavabdeh1 İB tərəfindən artıq hesablanmanın silinməsi və **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına cavab verən smart tipli yeni sayğacın quraşdırılmasının təmin edilməsi” barədə iddia tələblərini araşdıraraq, hesab edir ki, iddia göstərilən hissələrdə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçını mənzilində quraşdırılmış İtron G4 tipli qaz sayğacının istismar müddəti bitdiyi üçün sayğac çıxarılmış və yerinə Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı quraşdırılmışdır. İddiaçı hazırda iddiasını həmin qaz sayğacının düzgün işləməməsi ilə əsaslandırsa da, lakin Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacın düzgün işləməməsini və bunun nəticəsində ona artıq borc yazılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, göstərilən halların subut edilməsi yükü iddiaçının üzərinə düşür. Çünki bir qayda olaraq «sübut etmə yükü təkzibedənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Həmçinin, iddiaçının ünvanda quraşdırılmış Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına uyğun olaraq istismara yararlı olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə təyin edilmiş məhkəmə texniki ekspertizası ilə həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə iddianın “100000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi” barədə hissəsini araşdıraraq, hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Mənəvi zərərin vurulması ilə bağlı qanunvericiliyin tələbləri isə aşağıdakılardan ibarətdir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər( ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yuxarıda qeyd olunanlara əsasən, şəxsin mənəvi cəhətdən ziyana uğraması halı bir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onun digər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasında araşdırılan sübutlarla, tərəflərin verdikləri izahatlarla və mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəm qətetdi: İddiaçı cavabdehlər Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh1nə və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı – ünvan 2 ünvanında xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına uyğun olaraq istismara yararlı olub-olmamasının müəyyən edilməsi, Cavabdeh1 İB tərəfindən artıq hesablanmanın silinməsi, **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına cavab verən smart tipli yeni sayğacın quraşdırılmasının təmin edilməsi, Cavabdeh1 İB və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 100000 manat məbləğində mənəvi ziyanın tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar