Məhkəmə qərarları › İş №2(011)-163/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-163/2022

11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-163/2022 11.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Mahmudova Zeynəb Əmirxan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh3, onun və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xursay qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı – cavabdehlərdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 09/19SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 09-2/19SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 36000 manat, faiz borcu üzrə 1636,38 manat, cəmi 37636,38 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2021-ci il tarixli 09-2/19SU saylı əlavə kredit müqaviləsi üzrə 37636,38 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 çıxarılmaqla, mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 09/19SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 09-2/19SU saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə xx.xx.2023-cü il tarixədək, illik 18% ödəmək şərtilə 36000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 09İ/19SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzil "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (qeydiyyat №**********). Bundan əlavə xx.xx.2021-ci il tarixli 09-2/19SU saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kim "xxxx" KB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 09Z-2/19SU saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh3 zamin kimi qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqavilələrinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2021-ci il tarixə xx.xx.2021-ci il tarixli 09-2/19SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 36000 manat, faiz borcu üzrə 1636,38 manat, cəmi 37636,38 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3, onun və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatlarında 7000 manat ödəniş etdiyini bildirmişdirlər. Odur ki, məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Digər cavabdehlər Cavabdeh2 Xursay qızı və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 minimum 1 ay maksimum 60 ay müddətində, illik 28% ödəmək şərti ilə ******* manat məbləğində kredit xətti açılmışdır. İş materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən bank Cavabdeh1 24 ay müddətinə, illik 18% ödəmək şərti ilə 36000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, Cavabdeh1 bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan "xxxx" KB ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 22B nömrəli evin 5 nömrəli mənzilinə dair ipoteka müqaviləsi bağlanmışdır. İşin materiallarında olan UB-BANK/PİKMD/962405 saylı xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə 36000 manat məbləğində əsas, 1636,38 manat faiz, cəmi 37636,38 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1, mənzil 5 nömrəli fərdi yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarından görünür ki, ipoteka predmetinə yönəldilməsinə dair bildiriş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan "xxxx" KB ASC tərərfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 göndərilmiş pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında görünür ki, Bakı şəhəri Xətai Rayon məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6355 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 "xxxx" KB ASC-nə xx.xx.2021-ci il tarixinə 36000 manat məbləğində əsas və 1708,38 manat məbləğində faiz borcu vardır. Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 09-2/19SU saylı əlavə kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən sonra kredit üzrə 1098,18 manat məbləğində ödəniş edilmişdir. Hazırkı tədqiqatla müqavilə üzrə borc qalığı xx.xx.2021-ci il tarixədək hesablandığından sonradan ödənilən 1098,18 manat məbləğində kredit ödənişi hal hazırkı hesablamalarda nəzərə alınmamışdır. İş materiallarında görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə ipoteka predmeti olan göstərilən daşınmaz əmlakın bazar qiymətinə və likvid qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-nə həvalə olunmuş və MMC-nin ünvan 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilin likvid dəyərinin müəyyənləşdirilməsi üzrə 347/BTB/21 saylı, xx.xx.2021-ci il tarixli hesabatla qeyd edilən mənzilin likvid dəyərinin 53000 manat olması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən 7000 manat məbləğində kredit ödənişi "xxxx" KB ASC-nə ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması qaydasına görə əsaslı olsa da, lakin həcminə görə qismən əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh tərəf cəmi 1098,18 manat və 7000 manat məbləğində ödənişlər etmişdir. Odur ki, məhkəmə edilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, həmin ödənişlər cavabdehin əsas borcundan çıxılmalı və qalan 27901,82 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditin geri qaytarılmasına görə zamin olduğundan, qeyd edilən məbləğin ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən, digər Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, kredit müqaviləsi üzrə borc həm Cavabdeh1, həm də Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin Cavabdeh3 məxsus ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, hazırda ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən ünvan 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilin likvid qiyməti 53000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməli və qalan vəsait Cavabdeh3 qaytarılmalıdır. Məhkəmə eyni zamanda, iddia tələbinin “ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 çıxarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci olan 200 manat və daşınmaz əmlakın qiymətləndirilməsi xərci olan 300 manat Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tutulmalıdır. Belə ki, ekspertiza tədqiqatından göründüyü kimi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat, mənzilin qiymətləndirilməsi xərclərinin dəyəri isə müvafiq olaraq 300 manat məbləğindədir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza xərcinə daxil olan 200 manat cavabdehdən alınaraq dövlət büdcəsinə, mənzilin qiymətləndirilməsi xərclərinin dəyəri olan 300 manat pul vəsaiti isə cavabdehdən alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 27901,82 (iyirmi yeddi min doqquz yüz bir manat səksən iki qəpik) manat məbləğində əsas borc, 1636,38 (min altı yüz otuz altı manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu, cəmi 29538,2 (iyirmi doqquz min beş yüz otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat müştərək qaydada Cavabdeh1 və Cavabdeh3 alınaraq "xxxx" KB ASC-nə ödənilsin. Tələb Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilə yönəldilsin. ünvan 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilin likvid qiyməti 53000 (əlli üç min) manat məbləğində olmaqla, mənzil açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 29538,2 (iyirmi doqquz min beş yüz otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat borc "xxxx" KB ASC-nə ödənilsin. Borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğ Cavabdeh3 qaytarılsın. ünvan 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. 200 (iki yüz) manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri Cavabdeh1 və Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilsin. 300 (üç yüz) manat məbləğində qiymətləndirmənin aparılması üçün çəkilmiş xərclərin dəyəri Cavabdeh1 və Cavabdeh3 alınaraq "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar