Məhkəmə qərarları › İş №2(011)-163/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-163/2023

30.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-163/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakda payların müəyyənləşdirilməsi və naturada bölünməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (Fərdi yaşayış evi) dair İddiaçının ½ hissədə, cavabdehin isə ½ hissədə payları müəyyən edilmiş, bununla bağlı hər iki tərəfin paylı mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

2. İddiaçı Fərdi yaşayış evinin naturada paylara ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində göstərmişdir ki, hazırda həmin mülkiyyətdən cavabdeh qeyri yaşayış sahəsi kimi istifadə edərək çörək bişirmə sexi kimi fərdi sahibkarlıq fəaliyyəti həyata keçirir. Bununla da onun mülkiyyət hüquqları pozulur. Ümumi mülkiyyətdə olan əmlakdan bu formada istifadə edilməsi təbii aşınmaya, onun əmlakının hesabına varlanmasına və mülkiyyət hüququnun pozulmasına səbəb olur. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh Fərdi yaşayış evinə aid olan yardımçı sahəni başqa şəxsə satmışdır. Bundan başqa çıxarışda ½ hissə göstərilsə də, amma ümumilkdə əmlak paylara ayrılmamışdır. Bu səbəbdən onun mülkiyyət hüquqları pozulur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 220.1 Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

10. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

11. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

12. Maddə 220.5 Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

13. Maddə 220.6 bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

14. Maddə 223.4 Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.Məhkəmə cavabdehin izahatını dinləyərək, iddiaçının və üçüncü şəxsin iddia ərizələrinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiası əsassız, üçüncü şəxsin iddiası isə qismən əsaslıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının vəkili izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

20. Fərdi yaşayış evinin tərəflərin birgə paylı mülkiyyəti olması və hər birinin payının ½ hissədə olmaqla bölünməsi işin mübahisəsiz halıdır.

21. Paylı mülkiyyətdə olan daşınmaz əşyanın bölünməsini və ondan payın ayrılması əsaslarını tənzimləyən Mülki Məcəllənin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

22. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/8197 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tətqiqat obyektinə dair tərtib edilmiş texniki pasportun göstəriciləri ilə faktiki vəziyyət edilərkən tətqiqat obyektinin faktiki vəziyyətinin və ölçülərinin həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki sənədlərə uyğun olmadığı müəyyən edilmişdir. Buna görə də, Fərdi yaşayış evinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasına dair tətqiqat aparılması mümkün deyil.

23. İşin qeyd edilən faktiki hallarından və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli Fərdi yaşayış sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsini müəyyən etmək mümkün olmadığından, tərəflər isə Fərdi yaşayış sahəsinə dair payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən mövcud iddia tələbi təmin edilə bilməz.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. 50 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar