Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-164/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 14KD/20 saylı əsas kredit müqaviləsi müqaviləsi bağlanmış, müqaviləyə görə iddiaçı ona 100000 manat məbləğində, illik maksimum 28%, minimum 1 ay, maksimum 120 ay müddətinə, əlavə kredit müqaviləsi bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi çərçivəsində göstərilən tərəflər arasında xx.xx.2020-ci il tarixdə 14KD/20-1 saylı əlavə kredit müqaviləsi bağlanmış, müqaviləyə görə Cavabdeh1 6 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, 63 900 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında eyni tarixdə bağlanmış ödəniş cədvəlində aylıq ödəniş 11 121 manat (sonuncu ay 11 120 manat) müəyyən edilmişdir.
2. Eyni zamanda, iddiaçı ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncuya məxsus ünvan 1, 5 saylı mənzil (bundan sonra – Mənzil) iddiaçıda kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı (iddia tələbinin həcminin azaldılması barədə təqdim etdiyi ərizə ilə) Cavabdeh1 onun xeyrinə xx.xx.2020-ci il tarixli, 14KD/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli, 14K.D/20-1 saylı əlavə kredit müqaviləsi üzrə 12885,37 manat əsas, 96,66 manat faiz borcu, 161,10 manat cərimə olmaqla, cəmi 13143,13 manat, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 40 manat xidmət haqqı məbləğində pulun, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Mənzilə yönəldilməsi, Mənzilin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 12885,37 manat əsas, 96,66 manat faiz borcu, 161,10 manat cərimə olmaqla, cəmi 13143,13 manat, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Mənzilin ilkin satış qiymətinin 130.000 manat məbləğində müəyyən edilməsi, Mənzilə tutma yönəldilərək satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılmaqla, mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14KDİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzil "xxxx" Kommersiya Bankı ASC-yə sonrakı ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “Unibank" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2021-ci il tarixə xx.xx.2020-ci il tarixli 14KD/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 17.364,27 manat, faiz borcu üzrə 151,99 manat, cərimə borcu üzrə 253,31 manat, cəmi 17.769,57 manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzil "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazda qeyd etmişdir ki, o, uzun illərdir ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli M- 2012-01 saylı əsas kredit müqaviləsinə əsasən, ona 60 ay müddətinə 1000 manat kredit verilməsi nəzərdə tutulmuş, həmin müqaviləyə xx.xx.2014-cü il tarixli KK-2013-02 saylı əlavə kredit müqaviləsi ilə 48 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 115 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Ona kredit verilərkən, 1 ABŞ dolları 0,78 manat idi. Respublikada baş vermiş birinci - 21 fevral 2015-ci il tarixli devalvasiyadan sonra da, həmin kredit müqaviləsi üzrə öhdəliklərimi vaxtlı-vaxtında icra etməyə çalışsa da, 21 dekabr 2015-ci ildə baş vermiş ikinci devalvasiyadan sonra biznesində ciddi çöküş baş verdiyi üçün, müqavilə üzrə öhdəliklərini vaxtlı-vaxtında icra etməyi özümdən asılı olmayan səbəblərdən qeyri-mümkün olmuşdur. Bu səbəbdən, cavabdehlə aralarında bundan öncə uzun məhkəmə çəkişmələri baş vermiş, lakin 2020-ci ilin may ayında tərəflər arasında razılıq əldə olunaraq, onun banka olan borcunun ödənilməsi məqsədilə ona kredit ayrılmışdır. Nəticədə, iddiaçı ilə aralarında 14 may 2021-ci il tarixli kredit müqaviləsi bağlanaraq ona 6 ay müddətinə 63 900 manat kredit verilmiş, həmin kredit hesabına banka olan borcum bağlanmış və ona yeni ödəniş cədvəli təqdim edilmişdir. Yeni müqavilənin şərtlərinə görə, 63 900 manat kredit üçün 2825 manat faiz hesablanmış və onun banka ödəməli olduğu məbləğ 66725 manat müəyyən edilmişdir. Bankdan ona bildirilmişdir ki, həmin məbləğə əlavə heç bir və ya cərimə tətbiq edilməyəcək. Müqavilə bağlandıqdan sonra ödəniş cədvəlində göstərilən məbləği tam şəkildə ödəməyi mümkün olmasa da, iddiaçıya 2021-ci ilin iyun ayınadək, yəni iddiaçı məhkəmədə ona qarşı iddia qaldıranadək hər ay təxminən 6000 manat, ümumilikdə isə 63200 manat pul ödəmişdir. İddiaçı ilə aralarında olan razılığa görə, ona ödəməli olduğu 66725 manat borcun 63200 manat hissəsini ödəmiş və qalıq borcum3525 manat təşkil etməlidir. Lakin iddiaçı onunla aralarında əldə olunmuş razılığa əməl etməmiş və ödənilmiş məbləğlərin çox hissəsini əlavə olaraq etdiyi faiz və cərimələrin ödənişinə silmişdir. Nəticədə, iddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq, əsassız olaraq hesabladığı cərimə və faizləri ondan tələb edir. Bank aralarında bağlanmış 3.02.2014-cü il tarixli KK-2013-02 saylı əlavə kredit müqaviləsi üzrə ona hesabladığı cərimə və faiz borclarının ödənilməsi məqsədi ilə onunla xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlamış, ayrılmış yeni kredit hesabına əvvəlki borcları silmiş və yeni müqavilə üzrə borcunu demək olar ki, tam şəkildə ödəməyinə baxmayaraq, iddiaçı həmin məbləğə də əlavə faiz və cərimələr hesablamaqla, əsassız varlanmağa davam etməkdədir. 7.
8. Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
11. Mülki işə tətbiq edilən hüquq:
12. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
13. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
17. Maddə 739.1. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
20. Maddə 36. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı (ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə qeyd olunan) əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
21. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
22. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
29. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
30. Məhkəmənin qənaətinə görə iddia kredit borcunun cavabdehlərdən tutulması hissəsində qismən əsaslıdır.
31. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Kredit müqaviləsi bağlanmışdır.
32. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
33. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Cavabdeh1 verməklə öhdəliyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir (§ 14).
34. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi sonuncu Maliyyə arayışında da cavabdehin xx.xx.2021-ci il tarixə, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 12885,37 manat əsas borcu, 96,66 manat faiz borcu, 161,10 manat cərimə borcu olmaqla, cəmi 13143,13 manat məbləğində borcunun olması qeyd edilmişdir.
35. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir.
36. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun həcminə münasibətdə qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının həm xx.xx.2022-ci il tarixli, 9/7468 saylı, həm də xx.xx.2022-ci il tarixli 9/4118 saylı ekspert rəyləri ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçıya 10384,22 manat məbləğində əsas borcu, 33,17 manat faiz borcu vardır. Habelə xx.xx.2022-ci il tarixli sonuncu ekspert rəyində göstərilmişdir ki, Namiq Hsənovun xx.xx.2021-ci il tarixdən sonra ödədiyi 5000 manat ödəniş nəzərə alındıqda sonuncunun iddiaçıya olan borcu 5417,40 manat müəyyən edilir.
37. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
38. Məhkəmə həmçinin, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.
39. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
40. Məhkəmə, tələbin ipoteka qoyulmuş Mənzilə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsinə dair hissəsələrini də araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissələrdə də əsaslıdır. Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır.
41. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, ipoteka qoyulmuş Mənzil açıq hərracdan satış yolu ilə realizə edilməlidir, çünki bunun üçün hüquqi əsaslar mövvcuddur. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 əsas kredit borcu üzrə ödənişləri qanunla müəyyən edilmiş müddətdən artıq (90 gün) geçikdirmiş və ona ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilməklə, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən alınmışdır. Eləcə də, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirş ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində qeydə alınmışdır.
42. Məhkəmə hesab edir ki, Mənzilinin likvid dəyəri 30 000 manat müəyyən edilməlidir. Məhkəmə likvid dəyərinin göstərilən məbləğdə müəyyən edilməsi barədə nəticəyə gələrkən cavbdehlərin Mənzilin dəyərini mübahisələndirməmələrini nəzərə alır. Belə ki, Cavabdeh1 nə məhkəmə təqdim etdiyi yazılı etirazında, nə də iştirak etdiyi məhkəmə iclaslarında bu məsələyə münasibət bildirməmiş, yalnız kredit borcunun məbləğini mübahisələndirmişdir. Qanunun tələbinə görə isə ilkin satış qiyməti barədə tərəflər əsasında mübahisə olduqda ipoteka predmetinin ilkin satış dəyəri müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (§ 14).
43. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan Mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay ərzində cavabdehlərin Mənzildə yaşayan digər şəxslərin Mənzili boşaltmaları hissəsində iddia təmin edilməlidir. Belə ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı ipoteka predmeti hərracda satıldıqdan 1 ay sonra Mənzilin boşaldılmasını tələb etməkdə də haqlıdır. Həmçinin, digər cavabdehin də Mənzildən çıxarılması ilə bağlı hüquqi əsaslar mğvcuddur. Belə ki, Cavabdeh2 digər cavabdeh olan ərinə məxsus Mənzilin ipotekaya qoyulmasına razı olmaqla bərabər, həm də Mənzilə tutma yönəldikdə və satıldıqda onu tərk etməsi barədə notarial qaydada ərizə vermişdir (§ 21).
44. Məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat iddiaçıya qaytarılmalı, 300 manat ekspertiza xərci iddianın təmin edilməsi nisbətində (iddia 80% nisbətdə təmin edilmişdir) tərəflərə aid edilməlidir.
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, 14 KD/20-1 saylı kredit müqaviləsi üzrə 10384,22 manat əsas, 33,17 manat faiz borcu, 161,10 manat cərimə olmaqla, cəmi 10578,49 manat pul, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat pul Cavabdeh1 alınaraq "xxxx" ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus ünvan 1, 5 saylı mənzilə yönəldilsin. ünvan 1, 5 saylı mənzilin likvid dəyəri 130.000 manat olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına "xxxx" ASC-yə olan cəmi 10578,49 manat pul, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat pul "xxxx" ASC-yə ödənilsin. ünvan 1, 5 saylı mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaqla, mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 80% hissəsi Cavabdeh1, 20% hissəsi isə "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı