Məhkəmə qərarları › İş №2(011)-1686/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1686/2022

15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1686/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası İcbari tibbi Sığorta üzrə X8 Ərazi bölmələri X6 hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsini göstərməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası 1939-cu il təvəllüdlü X1 25 noyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum anası X4 1939-cu ildə Lerik rayonunda anadan olmuşdur. O, 1974-cü il tarixdən 25 noyabr 2021-ci il tarixədək ərizəçiyə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 46, 23 saylı mənzildə yaşamışdır. Ərizəçinin anası uzun illər onkoloji xəstəlikdən əziyyət çəkmişdir. O, son bir ildə yataq xəstəsi olmuşdur. Ərizəçinin anası uzun sürən xəstəlikdən sonra 25 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Ərizəçiyə anasının ölümü barədə ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. O, həmin gün Lerik rayon Ləqmərüq kənd qəbiristanlığında dəfn edilmişdir. Daha sonra ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs qismində olan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi şəxsin əsl maraqlı şəxs olan Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Xətai rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 öz izahatında bildirdi ki, ərizəçi onun atasıdır. Nənəsi xərçəng xəstəsi olmuş, 2021-ci ilin dekabr ayında Bakı şəhərində rəhmətə getmişdir. O, Lerikdə dəfn edilmiş, yas mərasimi də orada keçirilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında bildirdi ki, ərizəçi onun əmisidir. Nənəsi uzun müddət xərçəng xəstəsi olmuş, həmin xəstəlikdən qış ayında vəfat etmişdir. O, Lerikdə dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin 23 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X4 XX.XX.1939-cü il tarixdə Lerik rayonunda anadan olmuşdur. O, Ərizəçi anası olmuşdur. Təcili və X3 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X4 25 noyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi anasının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1939-cu il tarixdə anadan olmuş X1 25 noyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1939-cu il tarixdə anadan olmuş X1 25 noyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar