Məhkəmə qərarları › İş №2(011)-1742/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1742/2025

18.02.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1742/2025 18.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı2, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin Cavabdeh Firması “Təbrik” Şadlıq Sarayına qarşı musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, müəllif qonorarının və kompensasiyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi Cavabdeh Firması “Təbrik” Şadlıq Sarayına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firması “Təbrik” Şadlıq Sarayı tərəfindən mətnli, yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş müəllif qonorarı olmaqla 33.000 AZN vəsaitin ödənilməsi, 50.000 AZN kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X2 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 30 dekabr 2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrində yenidən qeydiyyata alınmışdır. “Azərbaycan Müəllifləri” İB-yi Ümumdünya Bəstəkar və X1 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri “Azərbaycan Müəllifləri” İB ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə “Azərbaycan Müəllifləri” İB tərəfindən cavabdeh “FAİQ-S" Firması “Təbrik” şadlıq sarayı rəhbərliyinə rəsmi olaraq 19 iyun 2023-cü il tarixli №AM-2023/140 nömrəli məktub-müraciət təqdim olunmasına baxmayaraq bu günə qədər cavab verilməmişdir (Məktubu qəbuldan imtina etmişlər). Dəfələrlə telefon əlaqələrində isə qonorar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh hal-hazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla 5 zaldan ibarət məkanda musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 42 ay ərzində toy şənliklərində istifadə olunan musiqilər üçün 33.000 AZN məbləğində ziyan dəymişdir. “Azərbaycan Müəllifləri” İB əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olaraq müəlliflərin əmlak hüquqlarının təmin edilməsinə xidmət edir. Cavabdeh və eyni zamanda cavabdehin timsalında digər müəllif qonorarı ödəyiciləri tərəfindən musiqi əsərlərindən icazəsiz (lisenziyasız) istifadə, müəlliflərin qanunla onlara çatası qonorarlardan məhrumiyyətinə, dövlət və sosial ödənişlərin ödənilməməsinə səbəbiyyət verməklə, əqli mülkiyyət hüquq sahəsinin inkişafını ləngidir. Bu sahədəki hüquqpozmaların qarşısının alınmasında və müəlliflərin maraqlarının daha etibarlı təmin olunması, onların pozulmuş əmlak hüquqlarının bərpası məqsədilə qanuni və ədalətli məhkəmə qərarlarına ehtiyac vardır. İddia ərizəsi AR Konstitusiyasının 26-cı, 29-cu, 30-cu, 60-cı, 71-ci maddələrinə, AR “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü, 15.2, 15.4-ci, 42.1-ci,2-ci, 43.2-cü, 44.1-ci maddələrinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” AR Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli, 38 saylı Qərarının əlavə 3.Vİ, əlavə 4.1-ci, əlavə 3.31-ci, əlavə 2.5.2, əlavə 3.31-32-ci, əlavə 3 İV qeyd bölməsi 31- 32-ci bəndləri, əlavə 4. 34-35-ci, (maddə 45.2), 4, 5-ci bəndlərinə və AR MPM-nin 165 maddələrinə əsaslandırılmışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddiaya qarşı etiraz ünvanlayaraq, etirazı onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən dəlillər formal mülahizəyə əsaslandırılmış və tələblərin əsası kimi istinad etdilən hallar hər hansı bir sübutla öz təsdiqini tapmamışdır. İddianın əsası kimi istinad olunan halların sübut olunması üçün hər hansı bir təsdiqedici sənəd (mötəbər sübut) məhkəmə iş materiallarına təqdim olunmadığına görə, iddia tələblərinin əsaslı hesab edilməsi yol verilməzdir və qəbul edilən deyil. Bir sözlə, iddia tələbləri formal mülahizədən və iddiaçının nümayəndəsinin dolandırıcı fərziyələrindən başqa bir şey deyildir. Əvvala qeyd olunmalıdır ki, hazırda iddiaçı tərəfindən təqdim edilən sənədlərlə iddianın əsaslı olması deyil, əksinə iddianın əsassız olması və hüquqi əsasının ümumiyyətlə tapılmaması müəyyən edilir. İddia ərizəsində Azərbaycan Respublikası “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci maddəsinin 4-cü hissəsində qeyd olunan norma tam və bütünlükdə deyil, yarımçıq mətni göstərilmiş və həmin müddəanın tələbi təhrif olunmuşdur. Halbuki, Azərbaycan Respublikası “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci maddəsinin 4-cü hissəsi tam və bütünlükdə “Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.”. Deməli, maddi hüquq normasının tələbi olan qonorar almaq hüququ imperativ xarakter daşımamaqla yanaşı, hüquq sahiblərinin yalnz və yalnız iradəsindən irəli gələn hüquqdur. Odur ki, kollektiv əsasda idarə edən təşkilatlar- müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqları ilə bağlı məsələlərin həllində iştirak edə bilərlər. Hazırda isə, həmin səlahiyyətlərin verilməsini təsdiq edən hər hansı bir sənəd məhkəmə iş materiallarına təqdim olunmamışdır. Bundan başqa, cavabdeh toy şənliklərinin keçirilməsi fəaliyyəti ilə məşğul olduğundan, onun göstərilən ödəyicilər siyahısına aid edilməsi ən azından qəbul edilən deyil. Qeyd olunmalıdır ki, toy şənliklərini keçirən toy sahibləri istifadəyə götürdüyü zalda iştirak edən qonaqların qidalanması məsrəflərini cavabdehə ödəyir. Mətnli yaxud mətnsiz musiqili əsərlərin ifaçılarını isə toy sahibləri öz zövqlərinə və maddi imkanlarına uyğun olaraq müstəqil surətdə sifariş edir və həmin ifaçılara ayrılıqda pul ödənişini şəxsən həyata keçirir (əksi sübut edən hər hansı bir sənəd mövcud olsaydı, iddiaçı yəqin ki, iş materiallarına təqdim edərdi). Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil iddiaya etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, “Azərbaycan Müəllifləri” İctimai Birliyi AR Ədliyyə Nazirliyində qeydiyyata alınmış qeyrikommersiya hüquqi şəxsdir, rəhbəri İddiaçı2dur. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, “Azərbaycan Müəllifləri” İctimai Birliyi tərəfindən “Təbrik” Şadlıq Sarayı rəhbərliyinə məktub ünvanlayaraq rəhbərlik etdikləri cəmiyyətin fəaliyyəti nəticəsində lisenziya müqaviləsi olmadan musiqili əsərlərdən istifadə edilməsi və beləliklə mövcud müəllif-hüquq qanunvericiliyinin tələblərinin pozulduğunu bildirilmiş, musiqili əsərlərin istifadəsinin dayandırılması tələb edilmişdir. xx.xx.2025-ci il tarixli vəkil sorğusundan görünür ki, cavabdehin vəkili iddiaçı “Azərbaycan Müəllifləri” İB-nə sorğu verərək, mətnli yaxud mətnsiz musiqili əsərlərinin müəllifləri barədə dolğun məlumatın, yəni adı, ata adı və soyadı göstərilməklə hansı əsərin müəllifidirlər və adlarına olan mətnli yaxud mətnsiz musiqili əsərlərinin müəlliflik hüququ barədə şəhadətnamənin və ya qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş sənədin nüsxələrini; mətnli yaxud mətnsiz musiqili əsərlərinin müəllifləri olan hüquq sahiblərinin əmlak hüquqları ilə bağlı "Azərbaycan Müəllifləri" İB-nə rəsmi qaydada verilən səlahiyyətlərini təsdiq edən sənədlərin nüsxələrinin təqdim edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” xx.xx.1996-cı il tarixli AR Qanunu: 41.1. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir. 41.2. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrıayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. 42.1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir;

43. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələri: 43.2. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: ...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. ... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz... Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, həm iddiaçının vəkili tərəfindən sorğu edilərək, həm məhkəmənin hazırlıq iclasında məhkəmə tərəfindən “Azərbaycan Müəllifləri” İctimai Birliyi ilə müqavilə bağlayaraq özlərinin əmlak hüquqlarının idarəçiliyini iddiaçıya həvalə etmiş müəlliflər və ya digər hüquq sahibləri barədə məlumatın və müqavilələrin məhkəməyə təqdim edilməsi tələb edilsə də, məhkəməyə hər hansı müqavilə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi müqavilələrin olmamasını onunla əsaslandırmışdır ki, “Azərbaycan Müəllifləri” İctimai Birliyi hazırda konkret hər hansı müəllifin hüququnu müdafiə etmək üçün iddia qaldırmamışdır, müəllif hüquqlarını kollektiv əsaslarla müdafiə edən təşkilat kimi İctimai Birliyin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 43.2-ci maddəsinə əsasən müəllif qonorarı yığmaq salahiyyəti verməmiş müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri üçün də qonorar tələb etmək hüququ vardır. İddiaçının həmin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 43.2-ci maddəsi Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələrini əks etdirən 43-cü maddənin 2-ci bəndidir. Odur ki, həmin maddə iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi “müəllif hüquqlarını kollektiv əsaslarla müdafiə edən təşkilat kimi İctimai Birliyin müəllif qonorarı yığmaq salahiyyəti verməmiş müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri üçün də qonorar tələb etmək hüququ vardır” kimi təfsir edilə bilməz. Əksinə, hər hansı əsasla, Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorar yığmaq səlahiyyətini verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin qonorarı Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata ödənilmişdirsə, müəlliflərin onlara çatası qonorarı həmin təşkilatlardan tələb etmək hüququ, təşkilatların isə müəllifə çatası qonorarı ona vermək vəzifəsi vardır. Yəni, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 43.2-ci maddəsində Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların onlara qonorar yığmaq salahiyyəti verməmiş müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri üçün qonorar tələb etmək hüququ təsbit edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Qanunun 41.2-ci maddəsinin sonuncu abzasında da imperativ qaydada göstərilmişdir ki, Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iş materillarında müəlliflərin və ya digər əlaqəli hüquq sahiblərinin özlərinin əmlak hüquqlarının idarəçiliyini “Azərbaycan Müəllifləri” İctimai Birliyinə həvalə etməsi barədə hər hansı müqavilə aşkar olunmadığından iddiaçının hazırki iddia tələbini qaldırmağa subyektiv hüququ olmamışdır. Odur ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar