Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1870/2022 07.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN E T D İ: Ərizəçi 17.02.1994-cü il təvəllüdlü oğlu X1 02.11.1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Lakin iş materialları ilə ərizəçi ünvan 1 ünvanında yaşasa da, ölüm şəhadətnaməsinin verilməsi üçün yaşayış yeri üzrə Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etməmiş və həmin orqan tərəfindən oğluna dair ölüm şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə sübutu ərizəsinə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçinin oğluna dair ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə sənədin əlavə edilməsi göstərilən hüquqi əhəmiyyəti olan fakta Bakı şəhər Xətai Rayon Məhkəməsində baxılması üçün əsas ola bilməz. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarın 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ....lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi 17.02.1994-cü il təvəllüdlü X2 barəsində ölüm haqqında şəhadətnaməsinin verilməsinin başqa qaydada əldə edə bilməməsini təsdiq edən sübutu (Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etməklə) işə əlavə etmədiyindən və onun ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə uyğun olmadığından geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa aid tələblər öz əksini tapmışdır. Həmin tələblərdən biri də ərizəyə əlavə edilən sənədlərin siyahısı ilə bağlıdır (149.2.5-ci maddə). Həmçinin, MPM-nin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 268, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1870/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1870/2022
07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver