Məhkəmə qərarları › İş №2(011)-1894/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1894/2020

15.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1894/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin açıq hərracdan satılması və satış pulunun bölüşdürülməsi” barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BMW 540” markalı, **- XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı avtomobilin hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə ½ hissədə ona, qalan ½ hissədə cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5553/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı iddia tələbi qismən təmin edilmiş, “BMW 540” markalı, **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak kimi tərəflər arasında bərabər paylarla bölünməsi və həmin avtomobil üzərində ½ hissədə iddiaçıya, qalan ½ hissədə cavabdehə verilməsi qət edilmişdir. Daha sonra həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı hal-hazırda ümumi paylı mülkiyyətdə olan sözügedən avtomobilin özünə məxsus ½ hissəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Həmin əmlaklardan payların ayrılması və bölgüsü barədə cavabdeh ilə aralarında mübahisə yaranmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, izahatında cavabdehin maşını başqasının adına keçirdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. O, izahatında avtomobilin evli olduqları dövrdə 6.700 manata alındığını, onun adına olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5553/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə “BMW 540” markalı, **-XR- *** (**-UO-***) dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə olunan əmlak kimi tərəflər arasında bərabər paylarla bölünməsi və həmin avtomobil üzərində İddiaçı ½ və Cavabdeh ½ pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən avtomobil cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh birgə nikahları müddətində əldə edildiyindən, həm də bu avtomobil ailə büdcəsindən maliyyələşdirilməklə, dəyəri ödənilərək əvəzli sürətdə əldə edildiyindən göstərilən avtomobil tərəflərin birgə ümumi mülkiyyəti olmaqla, məhkəmə qətnaməsi ilə qeyd edilən avtomobilə dair onların hər birinin ½ pay haqqı tanınmışdır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa əməl etmiş, lakin onun payına aid edilmiş mülkiyyətin naturada ayrılması mümkün olmadığından və cavabdehin onun payına düşən hissəni almaq niyyətinin olmaması nəzərə alınaraq paylı mülkiyyətdə olan avtomobilin açıq hərracdan satılması barədə məhkəməyə müraciət etmişdir. Eyni zamanda mübahisəli avtomobil tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş avtomobilə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, məhkəmə hesab edir ki, mübahisəli avtomobil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan “BMW 540” markalı, **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı, qara rəngli, 2001-ci il buraxılışlı avtomobil açıq hərracdan satılsın. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan “BMW 540” markalı, **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı, qara rəngli, 2001-ci il buraxılışlı avtomobilin satılmasından əldə edilən vəsaitin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar