Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1956/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr, pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, ev 27 ünvanında yerləşən 0,03 ha torpaq sahəsində inşa edilmiş 4 mərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 253 kv.m və zirzəmisi ümumi ümumi sahəsi 220 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısının yekunlaşdırılmış hesab olunmaqla əmlakın tam şəkildə ona təhvil verilməsinin cavabdehə həvalə olunması və əmlaka dair ödənməli olan 20000 (iyirmi min) manat pul vəsaitinin satıcının adına notariat orqanının depozit hesabına qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 280000 (iki yüz səksən min) manat pulun alınaraq iddiaçıya qaytarılması, dövlət rüsumu olaraq ödənmiş 152 manat pulun, hüquqi yardıma görə ödənmiş 300 manat pulun, çəkilmiş əlavə xərclər qismində 560 manat pulun və ilkin alqı-satqı müqaviləsinin müddəti bitdikdən sonra əsas pulun qanunsuz saxlanılmasına (gecikdirilməsinə) görə hesablanan illik 5%, mənəvi ziyana görə isə 10000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsində inşa edilmiş 4 mərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 253 kv.m və zirzəmisi ümumi ümumi sahəsi 220 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin gələcəkdə alqı satqısının rəsmiləşdirilməsi üçün İddiaçı və Cavabdeh arasında müqavilə bağlanmış və əmlakın ümumi 300000 (üç yüz min) manat dəyərinin 280000 (iki yüz səksən min) manatı ödənmişdir. Həmin müqavilə Bakı şəhəri 40 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən xx.xx.2022-ci il tarixdə 3M-628 reyestr qeydli “İlkin Alqı-Satqı Müqaviləsi” ilə rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən ödənməli olan 20000 (iyirmi min manat) pul vəsaiti hazırdır və ödənilməsi üçün cavabdehə təqdim edilməlidir, lakin bu barədə cavabdehǝ yazılı məktub göndərilsə də, müqavilə şərtlərinə riayət etməmiş və rəsmiləşdirmə üçün notariat kontoruna gəlməmişdir. İki ilə yaxındır iddiaçının pulu cavabdehdə saxlanılıb və ona maddi ziyan vurulub. Ona görə də, ödənilmiş pul məbləği iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə, çəkilmiş xərclər də geri verilməli, ziyan ödənməlidir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 28 fevral 2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh ilkin izahat verərək bildirmişdir ki, bir bina kompleksinin altında 4 mərtəbəli yer var. Rəşad adlı bir adam həmin yerin ona satılması barədə onunla razılaşmışdır. Ona demişdir ki, oranı girov qoyub pulunu 3 aya bağlayacaq. İlkin olaraq ona bildirdi ki, Namiqin adına ilkin alqı-satqı müqaviləsi bağlasın. Buna qarşılıq 142 sot torpağı Rəşad onun adına keçirtmiş, 3 ay sonra pul bağlanandan sonra yeridən həmin torpağı ayrısının adına keçirilməsinə razılaşmışlar. Rəşad ona cəmi 70 min mənə vermişdir. 380 minə razılaşmışlar, 1-2 ay keçmiş, lakin ona pul verməmişdir. Ona problemlərinin olduğunu demiş və pulu istəmişdir. Rəşad isə pul verə bilməyəcəyini, 142 sot torpağın onda qalmasını və 70 min manatın geri qaytarılmasını təklif etmişdir. O isə 70 minin əvəzinə Rəşada 96 kv.m-lik ev vermişdir. Rəşad ona obyekti istəmədiyini, Namiqlə özünün danışacağını demişdir. Rəşadın onu 3 ay gözlətdiyinə görə 21 min manat da ziyana düşmüşdür. İndi torpaq da onun adında qalıb. Alveri Rəşad eləyib, amma müqavilədə adı yoxdur. 70 mini Namiq Rəşada vermiş, Rəşad da ona vermişdir. İlkin alqı-satqıda heç nə almamış, adına zəmanət kimi torpaq keçirtmişdilər. Torpaq 142 sotdu, Mərdəkandadı, sotu 7-8 mindən olar. Namiqə torpağın ona lazım olmadığını və onun adına keçirməyi təklif etmişdir. İndi də həmin torpağı Namiqin adına keçirməyə razıdır. Sonda Cavabdeh dediklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı (“Alıcı”) ilə Cavabdeh (“Satıcı”) arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhər 40 saylı dövlət notariat ofisində 3M-628 saylı “İlkin alqı-satqı müqaviləsi” bağlanmışdır, müqaviləyə əsasən, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsində inşa edilmiş 4 mərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 253 kv.m və zirzəmisi ümumi ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinə dair gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, göstərilən yaşayış evinin və torpaq sahəsinin qiyməti 300000 (üç yüz min) manat məbləğində müəyyən edilmişdir. 2.2-ci bəndə əsasən, “Alıcı” tərəfindən 280000 (iki yüz səksən min) manat həmin müqavilənin bağlanması anında notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilir, yerde qalan 20000 (iyirmi min manat) manatın isə mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış, texniki pasport) verildikdən sonra ödənilməsi barədə razılığa gəlinmişdir. 2.3-cü bəndə əsasən, Tərəflər xx.xx.2023-cü il tarixdə əsas müqavilənin bağlanması barəda razılığa gəlmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam paylı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10570 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarius Ş.M.Hüseynova tərəfindən Günay Bank ASC 9 saylı filialına göndərilən məktubun surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq ediləcək ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 280000 (iki yüz səksən min) manat pulun müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra notariusun qəbzi əsasında ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün banklarında olan AZ76GUNA******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən təhvil verilmiş 280000 (iki yüz səksən min) manat (depozit) 40 saylı notariat ofisinini xüsusi notariusu X1 tərəfindən Günay Bank ASC 9 saylı filialına (hesab nömrəsi: AZ76GUNA********************) ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən təhvil verilmiş 560 (beş yüz altmış) manat (xidmət haqqı) 40 saylı notariat ofisinini xüsusi notariusu X1 tərəfindən Günay Bank ASC 9 saylı filialına (hesab nömrəsi: AZ76GUNA********************) ödənilmişdir. İş materiallarında olan satıcı Cavabdeh və alıcı İddiaçı notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli Ərizəsinin surətindən görünür ki, tərəflər Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsində inşa edilmiş 4 mərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 253 kv.m və zirzəmisi ümumi ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsini 300000 (üç yüz min) manata razılaşaraq əvvəlcədən 280000 (iki yüz səksən min) manat notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilməsi qalan 20000 ( iyirmi min) manat isə mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış, texniki pasport) verildikdən sonra ödənilməsi barədə razılığa gəlmişlər, aralarında “İlkin alqı-satqı müqaviləsi” rəsmiləşdirilməsini xahiş edirlər. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 5 gün müddətində notariat kontoruna gəlməsi və əmlaka dair müvafiq sənədləri təqdim etməklə alqı-satqı müqaviləsini imzalayaraq qeyri yaşayış sahəsini təhvil verməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardımın göstərilməsi üçün Vəkil hesabına 300 manat vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsində inşa edilmiş 4 mərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 253 kv.m və zirzəmisi ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinə dair gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhər 40 saylı dövlət notariat ofisində 3M-628 saylı “İlkin alqı-satqı müqaviləsi” bağlanmış, “Alıcı” (İddiaçı) tərəfindən 280000 (iki yüz səksən min) manat həmin müqavilənin bağlanması anında notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilmiş, yerde qalan 20000 (iyirmi min) manatın isə mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış, texniki pasport) verildikdən sonra ödənilməsi və əsas müqavilənin xx.xx.2023-cü il tarixdə bağlanması barəda razılığa gəlmişlər, iddiçı ilkin alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulan 280000 manat məbləği cavabdehə ödəmiş, həmin müqavilədə “əmlakın iddiaçıya verilməsi” nəzərdə tutulsa da cavadeh tərəfindən həmin əmlak təhvil verilməmiş, iddiaçı 20000 pul vəsaitinin ödənilməsi və əsas alqı-satqı müqaviləsinin bağlanması üçün cavabdehə yazılı müraciət etmiş, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməməklə - rəsmiləşdirmə üçün notariat kontoruna getməməklə müqavilənin şərtlərini pozmuş, müqavilənin icrasını (xx.xx.2023) məhkəmə qətnaməsi çıxarılana (xx.xx.2023) qədər 358 gün gecikdirmişdir, iddiaçı ilkin alqı-satqı müqaviləsinin bağlanması məqsədilə 560 manat məbləğində əlavə xərc çəkmiş, həmçinin hüquqi yardımın göstərilməsinə görə 300 manat məbləğində vəsait ödəmişdir. İddiaçı hazırda Cavabdeh ilkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 280000 (iki yüz səksən min) manat pulun alınaraq iddiaçıya qaytarılması, dövlət rüsumu olaraq ödənmiş 152 manat pulun, hüquqi yardıma görə ödənmiş 300 manat pulun, çəkilmiş əlavə xərclər qismində 560 manat pulun, ilkin alqı-satqı müqaviləsinin müddəti bitdikdən sonra əsas pulun qanunsuz saxlanılmasına (gecikdirilməsinə) görə hesablanan illik 5%, mənəvi ziyana görə isə 10000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini tələb edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini və bunun nəticəsində vurulmuş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə iddia tələbinin “280000 manat pulun və çəkilmiş əlavə xərclər qismində 560 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən və tərəflər arasında bağlanmış ilkin alğı-satqı müqaviləsi ləğv edildiyindən, ilkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 280000 manat pul və çəkilmiş əlavə xərclər qismində 560 manat pul da cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə, iddia tələbinin “ödənilmiş pulun qanunsuz saxlanılmasına görə illik (358 gün) 5% hesablanmaqla 13731 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyinə və müqavilə üzrə ödənilmiş pul vəsaitini bir il ərzində qanunsuz saxladığına görə, həmin vəsaitin qanunusz saxlanılmasına görə illik (358 günl) 5% hesablanmaqla 13731 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, cabdehin əməli (müqavilə üzrə mübahisəsi yaratmaqla, o cümlədən müqavilə şərtlərinə əməl etməmək, ilkin alqı-satqı müqaviləsi üzrə əmlakı iddiaçıya təhvil verməmək, iddiaçıdan aldığı pulu uzun müddət ərzində özündə saxlamaq və s.) iddiaçının hüquq və mənafelərinə mənfi təsir etmişdir ki, bu da onun öz hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etməsinə, əlavə xərclərin və vaxt itkisinin yaranmasına, bununla da mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 500 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 300 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 300 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Məhkəmə, cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, bu sübutemə yükü ilə bağlı olmaqla, cavabdeh buna dair sübutetmə vəzifəsi daşıyır, lakin o, qeyd etdiyi hallara dair hər hansı bir sübut təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Həmin Məcəllənin 402.6-cı maddəsinə əsasən, niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.1-ci maddəsinə əsasən, müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 569.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Beləliklə, iddia tələbi qismən təmin edilməli, ilkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 280000 manat, çəkilmiş əlavə xərclər qismində 560 manat, pul vəsaitinin gecikdirilməsinə görə illik (358 gün) 5% hesablanmaqla 13731 manat, mənəvi zərərin əvəzi qismində 500 manat və hüquqi xidmətə görə ödənilmiş 300 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və təmin edilən iddia tələbinin həcmi (295091 manat) nəzərə alınmaqla ödənilməli olan dövlət rüsumuna (585,09) görə iddiaçı tərəfindən ödənilmiş 150 manat caavbdehdən alınaraq iddiaçıya, dövlət rüsumunun kəsrini təşkil edən 435,09 manat isə cavabdehdən alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İlkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 280000 manat, çəkilmiş əlavə xərclər qismində 560 manat, pul vəsaitinin gecikdirilməsinə görə illik (358 gün) 5% hesablanmaqla 13731 manat, mənəvi zərərin əvəzi qismində 500 manat, hüquqi xidmətə görə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat olmaqla, ümumilikdə 295091 (iki yüz doxsan beş min doxsan bir) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumunun kəsrini təşkil edən 435 (dörd yüz otuz beş) manat 09 (doqquz) qəpik Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1956/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1956/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver