Məhkəmə qərarları › İş №2(011)-2039/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2039/2024

19.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2039/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs1 arasında bağlanılmış MŞB/2-03881 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında mediasiya qaydasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi Maraqlı şəxs1 tərəfindən icra olunmur. Buna görə də barışıq sazişinin təsdiq olunması barədə qətnamənin qəbul edilməsinə zərurət yaranmışdır. İş materiallarına əlavə edilmiş Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2-ci maddəsinə görə tərəflər razılaşırlar ki, İkinci tərəf Maraqlı şəxs1 ərazi üzrə müvafiq notariat ofisinə getməklə mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,02 ha torpağın 60% hissəsini (üzərində yaşayış evi tikilən hissəsini) İkinci tərəf Ərizəçi mülkiyyətinə bağışlama müqaviləsi əsasında keçirdəcək. Həmin Sazişin 3-cü maddəsinə görə Tərəflər razılaşırlar ki, sazişin 2-ci bəndində göstərilən razılaşmanı (bağışlama müqaviləsini) 10 dekabr 2023-cü il tarixə qədər icra edəcəklər. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında bildirmişdir ki, Maraqlı şəxs1 onunla birlikdə xx.xx.2023-cü il tarixli barışıq sazişinin icra olunması üçün notariat orqanına getmişdir. Lakin notariatda müəyyən edilmişdir ki, sazişdə qeyd edilmiş torpaq sahəsi üzərinə həbs qoyulduğundan notarius müqaviləni təsdiq etməkdən imtina etmişdir. Həmin torpaq birgə nikah dövründə əldə edilmişdir və onun həmin əmlakda payı vardır. O, həmin payını tələb edir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, Qasımov X2 rayonu, Məmmədli kəndində yerləşən 0,02 ha torpağın 60% hissəsini (üzərində yaşayış evi tikilən hissəsini) Ərizəçi adına bağışlama müqaviləsi əsasında keçirmək istəsə də, əmlakın üzərinə qoyulmuş həbsin mövcudluğuna görə notariat ofisində müqavilə bağlamaq mümkün olmamışdır. Maraqlı şəxs1 məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etdi. O bildirmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,02 ha torpağın 60% hissəsini (üzərində yaşayış evi tikilən hissəsini) Ərizəçi adına bağışlamaqdan imtina etmir. Mediasiyada bağlanılmış sazişin könüllü icrası üçün notariat ofisinə getmişdir, lakin torpağın üzərində həbsin olduğuna görə müqavilə təsdiq edilməmişdir. Torpağın üzərinə həbsin hansı səbəbdən qoyulduğunu dəqiq bimir, əvvəllər X1 ilə Tovuz Rayon Məhkəməsində məhkəmə çəkişməsi olmuşdur. Məhkəmə qərarına əsasən ondan 12.500 manat borc tutulmuşdur. Ehtimal edir ki, həbs borca görə qoyula bilər. Bakı 2 saylı Mediasiya Təşkilatı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mülki-Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanunun tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış sazişin könüllü icra olunmaması və ya icrasında imtina hallarında şəxslər hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Barışıq sazişinin icra olunmaması və ya icrasından imtina halları olmadıqda, mediasiya prosesi nəticəsində tərəflərin öz aralarında qarşılıqlı razılıq əsasında həll etdiyi eyni məsələ ilə bağlı yenidən məhkəməyə müraciətin olunması Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən istisna edilir. Həmin müddəada göstərilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinin pozulduğu halda, yəni əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün Mülki Prosessual Məcəllənin 40-7-ci fəslinə uyğun olaraq xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, Maraqlı şəxs1 barışıq sazişinin icrasından imtina etməmişdir. Bunun əksinə olaraq, tərəflər barışıq sazişində qeyd edilmiş bağışlama müqaviləsinin bağlanılması üçün notariat orqanına müraciət etmişlər və sazişin bağlanmaması onlardan asılı olmayan səbəblərdən baş vermişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi sazişinin könüllü qaydada icra edilməməsi və ya könüllü icrasından imtina hallarında şamil edilir. Mediasiya prosesi nəticəsində bağlanılmış sazişin təsdiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmadığından ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1., 263, 264 və 355-23.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən işə baxılması ilə əlaqədar "xxxx" ASC vasitəsilə məhkəməyə ödənilmiş dövlət rüsumu olan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar