Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2047/2022 03.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2 qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi onunla Maraqlı şəxs1 MMC-nin direktoru Maraqlı şəxs2 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, ona ödənilməli olan 9000 manat pulun, gecikdirilmiş hər təqvim gününə görə 1 faiz məbləğində dəbbə pulunun və mediasiyaya ödədiyi 400 manat xərcin Maraqlı şəxs1 MMC-dən və onun direktoru Maraqlı şəxs2 tutulmalı olmasına qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi cavabdehin əvəz edilməsi (cavabdeh əsl cavabdeh Maraqlı şəxs2 ilə əvəz edilməsi barədə) və iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əvvəlki iddia tələbləri ilə bərabər 3050 manat dəbbə pulunun da Maraqlı şəxs2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış yazılı podrat müaviləsi əsasında ərizəçi maraqlı şəxsə evini təmir etmək məqsədilə sifariş vermiş, lakin maraqlı şəxs öhdəliyini pozamsı nəticəsində tərəflər arasında mediasiyada xx.xx.2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə maraqlı şəxs ərizəçiyə xx.xx.2022-ci il tarixdək 4 dəfəyə hissə-hissə olmaqla, 13.000 manat pulun qaytarılmasını öhdəsinə götürmüşdür. Barışıq sazişi ilə qaytarılmaslı pulun 4000 manatı maraqlı şəxs tərəfindən ödənilmiş, qalan hissəsi isə qaytarmamışdır. Ərizəçi yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək ərizəsində qeyd etmişdır ki, xx.xx.2021-ci il tarixli, N11173 saylı podrat müqaviləsinə əsasən evini təmir etmək məqsədilə Maraqlı şəxs2 30000 manat pul vermiş, lakin maraqlı şəxs üzərinə düşən öhdəliyi nə yerinə yetirməmiş, nə də pulu qaytarmadığına görə xx.xx.2021-ci il tarixdə mübahisənin mediasiya qaydasında həll edilməsini qarşı tərəfə təklif etmiş və o, xeyli güzəştə getmişdir. Aralarında barışıq sazişi imzalanmışdır. Qarşı tərəf 4000 manat ödəniş etmiş və bundan sonra barışıq sazişinin şərtlərini pozmuş və borcunu bu günədək borcunu qaytarmamışdr. Ərizəçi məhkəmə baxışında ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəçinin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən əsaslıdır. Tərəflər arasında barışıq sazişinin bağlanması, habelə sazişin şərtlərinin tam icra olunmaması və ödənilməsi razılaşdırılmış pul vəsaitinin 4000 manat hisəsinin qaytarılması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralrında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı ilə maraqlı şəxs aralarında əvvəllər bağladıqları podrat müqaviləsinin şərtlərinin yerinə yetirilməməsi ilə bağlı mövcud olmuş mübahisəni həll edərək xx.xx.2021-ci il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişnini şərtlərinə görə maraqlı şəxsin ərizəçiyə vurmuş olduğu ziyanın məbləği 13.000 manat müəyyən edilməklə, 4 dəfəyə - ilkin 4000 manatın sazişin bağlanıldığı gündən 13 təqvim günü ərzində, 3000 manatın 2022-ci ilin yanvar ayının 5-dək, qalan 6000 manatın isə 2022-ci ilin yanvar ayının 20-dək – ödənilməsi nəzərdə tutulmuşdur. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun bağlanmış və tərəflər həmin saziş ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini qismən icra etməklə öhdəliyini pozmuş, ərizəçiyə ödəməli olduğu 13.000 manat pulun 4000 manatını ödəmiş, 9000 manatını isə barışıq sazişi ilə müyyən edilmiş müddət ərzində ödəməmişdir. Məhkəmə iclasının vaxtı barədə məlumatlandırılsa da maraqlı şəxs öhdəliyini tam icra etməsi barədə məhkəməyə sübutlarını təqdim etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindn və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli barışıq sazişi qanunvericiliyə uyğun tərtib edildiyindən, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, tələb mediasiya xərci olaraq ödənilmiş 400 manat pulun tutulması hissəsində də əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi mediator X1 xx.xx.2021-ci il tarixdə ilkin mediasiya sessiyası üçün 200 manat, tam mediasiya sessiyası üçün 200 manat olmaqla, cəmi 400 manat pul ödəmişdir. Məhkəmə hesab edir ki, ərizçinin çəkdiyi xərc pozulmuş hüququnun müdafiəsi üçün çəkdiyi xərcdir və o, həmin xərci ona dəymiş maddi zərər kimi tələb etməkdə haqlıdır. Maddi zərərin anlayışını və əsaslarının müəyyən edən Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.1 və 21.2). Bundan baqa, tərəflər arasında bağlanmış barışıq sazişinin 2.3-cü bəndində qeyd edilir ki, əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq xərclər və msrəfləri digər tərəf ona ödəməlidir. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində tələb qismən əsaslıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Barışıq sazişi üzrə maraqlı şəxsin tərəfindən öhdəliyin pozulması işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə ərizə tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, barışıq sazişində cərimənin qalıq məbləğin hər gecikdirilən təqvim günü üzrə 1% miqdarında hesablanmalı olması nəzərdə tutulsa da, məhkəmə bunu ağlabatan hesab etmir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış barışıq sazişi ilə müəyyən edildiyini nəzərə alaraq tələb edilən cərimənin 900 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Prosessual Məcəllə müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355- 25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişi ilə müəyyən edlmiş 9000 manat pul, 400 manat mediasiya xərci və 900 manat dəbbə pulu, cəmi 10300 manat məbləğində pul Maraqlı şəxs2 tutularaq Ərizəçi ödənilsin. Ərizə 2150 manat dəbbə pulunun tələb edilməsi hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2047/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2047/2022
03.03.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver