Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2086/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bank “xxxx” ASCnin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RP-00006-05/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021 -ci il tarixinə olan 21866,26 manat əsas borc, 890,41 manat faiz borcu, 8743,54 manat dəbbə borcu, cəmi 31500,21 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 iddiaçını xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.6 kv.m olan 30 saylı mənzilə yönəldilərək açıq hərracda satılması, kredit borcunun satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, ənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli RP-00006-05/18A saylı kredit müqaviləsinə əsasən, bank 23486,94 manat məbləğində krediti illik 16 faizlə 72 ay müddətinə borcalanın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən müqavilədə göstərilmiş məqsədlə istifadə etməyi və krediti xx.xx.2024-cü il tarixinədək faiz ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli RPG-00006-05/18A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə ipotekaqoyana məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 30 saylı mənzili İpoteka saxlayana yenidən ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmiş, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 241 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş borcu 21866,26 manat əsas borc, 890,41 manat faiz borcu, 8743,54 manat dəbbə borcu, cəmi 31500,21 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və qeyriləri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RP-00006-05/18A saylı kredit müqaviləsinin surətindən görünür ki, borcalana 72 ay müddətinə illik 16 faiz ödəmək şərti ilə 23486,94 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan Bank “xxxx” ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli RPG-00006-05/18A saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan, tam mülkiyyət hüququ ilə ona məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 30 saylı mənzili İpoteka saxlayana yenidən ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi Bakı şəhəri 29 saylı NK-da təsdiq edilmiş və reyestrdə 3M-692 nömrə ilə qeyd edilmişdir. İpoteka hüququ qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə 27.012.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, RP-00006- 05/18A saylı kredit müqaviləsi üzrə həmin tarixə hesablanmış və ödənilməmiş borcu 21866,26 manat əsas borc, 890,41 manat faiz borcu, 8743,54 manat dəbbə borcu, cəmi 31500,21 manat təşkil edir. Bank “xxxx” ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli RPG-00006-05/18A saylı sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndindən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.6 kv.m olan 30 saylı mənzilin qiyməti 40000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəyə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki Cavabdeh1 xx.xx.2018-ci il tarixli, RP- 00006-05/18A saylı kredit müqaviləsi üzrə 21866,26 manat əsas borc və 890,41 manat faiz borcunun qalması, kreditin ipoteka ilə təmin edilməsi təsdiq olunduğundan iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə və mənzilin boşaldılmasına dair hissələrdə təmin edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetini ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 8743,54 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 8743,54 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 743,54 manat məbləğinədək azaldılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzildə qeydiyyata olan şəxslərin istifadə hüququna xitam verilməsini tələb etmək hüququ həmin mənzili açəq hərracda əldə etmiş şəxsə məxsus olduğundan, iddiaçının həmin tələbi irəli sürmək hüququ yaranmadığından, iddia tələbi həmin hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 75 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun 22,50 manathissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RP-00006-05/18A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 xx.xx.2018-ci il tarixli, RP-00006-05/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 21866,26 manat əsas borc, 890,41 manat faiz borcu, 743,54 manat dəbbə borcu, cəmi 23500,21 (iyirmi üç min beş yüz manat 21 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 22,50 (iyirmi iki manat 50 qəpik) manat hissəsi Bank “xxxx” ASCnin xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.6 kv.m olan 30 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 40000 (qırx min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalan məbləğ Cavabdeh1 tutulsun. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.6 kv.m olan 30 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra sonra boşadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2086/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2086/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver