Məhkəmə qərarları › İş №2(011)-2089/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2089/2024

05.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2089/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və cavabdehin sahədən çıxarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və cavabdehin sahədən çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və Cavabdeh həmin sahədən çıxarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci ildən İddiaçı məxsusdur. Cavabdeh onun mərhum həyat yoldaşı X6 ilk evliliyindən olan oğludur. İddiaçı X2 ilə 2018-ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Mərhum həyat yoldaşı X9 2023-cü ilin sentyabr ayında vəfat etmişdir. Mərhum həyat yoldaşı X9 ilə ölən günə kimi bir ailə kimi yaşamışdır. 2018-ci ilə kimi öz dar günü üçün 25.000 manat pul yığmışdır. Ailə həyatı qurana kimi Gəncə şəhərində yaşamışdır. 2018-ci ildə ailə həyatı qurmaq üçün Bakı şəhərinə mərhum həyat yoldaşı X6 yaşadığı evə gəlmişdir. Mərhum həyat yoldaşı X9 ilə Cavabdeh münasibətləri çox pis idi. Cavabdeh dəfələrlə iddiaçının yanında mərhum həyat yoldaşı X7 döymüşdür. Mərhum həyat yoldaşı X9 insult, şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkmişdir. Cavabdeh bu cür pis xasiyyətli insan olduğunu bildiyi üçün o, gələcəkdə tək yaşamağı üçün Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15/10C üvanında yerləşən fərdi yaşyış evini X4 13.000 manata almışdır. Evi aldıqdan sonra evin daxilini və çölünü təmir etdirmişdir, fasad işlərini gördürmüşdür, asbes şifer ilə dam örtüyünü dəyişdirmişdir və həyətini döşətdirmişdir. Hal-hazırda evin dəyəri 23.700 manat olmuşdur. Mərhum həyat yoldaşı X9 vəfat etdikdən 3 gün sonra Cavabdeh onu evindən qol gücünə çıxartmışdır. İddiaçı 35-ci polis bölməsinə şikayət etmişdir və orada onlardan izahatlar alınmışdır. Orada ona bildirilmişdir ki, bu iş mülki iş olduğundan məhkəməyə müraciət etməlidir. İddiaçı yaşlı insan olaraq məcbur kirayələrdə qalır. Cavabdeh onu hədələyərək öz evindən didərgin salmışdır. Dəfələrlə evinə getmişdir, cavabdeh onu öz evinə girməyə qoymur. Evin bütün kommunal xərclərini iddiaçı ödəyir. İddiaçı hesab edir ki, cavabdeh onun hüququnu məhdudlaşdırır, bu səbəbdən də cavabdeh ona məxsus evdən çıxarılmalıdır və iddiaçı isə evinə köçürülməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi ünvanında yerləşən fərdi yaşayış evini öz vəsaiti hesabına öz adına almışdır. O, X8 baxıcı kimi gəlməmişdir. Onun arvadı olmuşdur. Birgə yaşadıqları illərdə əvvəl cavabdehin ailəsi ilə birlikdə cavabdehin evində yaşamışlar. Daha sonra birgə yaşamaq mümkün olmadıqda məcbur olub mübahisəli tikilini alıb ora köçmüşlər. Atası öləndən sonra cavabdeh onu məcburi şəkildə evindən çıxarmışdır, evini isə bağlı vəziyyətdə saxlamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, İddiaçı X2 ilə ailə həyatı qurmamışdır. Vahid Mehdiyev qəza keçirmişdir və qəzadan sonra əlil olmuşdur, iddiaçı isə ona baxıcı kimi cəlb edilmişdir. Onların arasında heç bir ailə münasibətindən söhbət gedə bilməz. Mübahisəli mənzil Vahid Mehdiyev tərəfindən alınmışdır və ona məxsusdur. İddiaçının həmin mənzili öz vəsaiti hesabına, özü üçün alması barədə dedikləri həqiqət deyildir. Göstərdiklərinə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, X2 insult, şəkər və təzyiq xəstəliyindən əziyyət çəkmişdir, sağ qolu və bədəninin müxtəlif üzvləri amputasiya olunmuşdur. Bu səbəbdən ona baxması və gündəlik işlərdə köməklik etməsi məqsədilə İddiaçı ilə dayə qismində gəlib ona baxması üçün razılığa gəlmişdik. Ona dayəlik elədiyi müddətdə onların yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin kommunal ödənişlərini cavabdeh ödəmiş, bütün təmir və digər xərclərini cavabdeh qarşılamışdır. Bir müddət sonra müvafiq fərdi yaşayış evinin kommunal xərclərinin ödənilməsini asanlaşdırmaq məqsədilə kommunal xidmət müqavilələrini formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir, lakin müvafiq ödənişlər yenə də cavabdeh tərəfindən İddiaçı bu məqsədlə verdiyi pul vəsaitləri hesabına edilmişdir. X2 2023-cü ilin sentyabr ayında vəfat etdikdən sonra İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən öz əşyaları ilə birlikdə çıxmışdır. X2 ilə İddiaçı arasında hər hansı nikah və ya ailə faktı mövcud olmamış, hal- hazırki iddiası isə iddiaçının öz hərbçi yaxın qohumunun sifarişi üzrə cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz şəkildə ələ keçirilməsi məqsədilə irəli sürülmüş əsassız iddiadır. İddiaçı müvafiq fərdi yaşayış evi ilə bağlı hər hansı subyektiv hüququ mövcud deyildir və ona görə də iddiaçının iddası ona əlavə edilmiş sənədlərlə birlikdə şəxsin özünə qaytarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli vəkil K.Nuriyevin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi (özütikili) İddiaçı məxsusdur. İş materiallarında olan Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi (özütikili) İddiaçı məxsus olsa da, həmin özütikiliyə aid heç bir hüququ sənəd 2 saylı MKİS-də yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15/10C ünvanında yerləşən fərdi yaşayış evinə dair ətraflı məlumat və hüquqmüəyyənedici sənədlərin verilməsi və Cavabdeh adına daşınmaz əmlakın olubolmaması barədə məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15/10C ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən obyektin mülkiyyətçisi İddiaçıdır və obyektin inventar dəyəri 23.700 manatdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 adına vərəsəlik işinin açılıb-açılmaması, habelə onun iştirakı ilə aparılmış notariat hərəkətlərinə dair məlumat verilməsi barədə müraciətə baxılaraq, bildirilmişdir ki, “Elektron notariat’’ informasiya sistemində aparılmış araşdırma nəticəsində müraciətdə qeyd edilən şəxsin adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Həmçinin V.Mehdiyevin iştirakı ilə 2 saylı Bakı "ASAN xidmət" mərkəzindəki və Bakı şəhəri 6, 8 və 15 saylı notariat ofislərində notariat hərəkətləri rəsmiləşdirilmişdir. Notariat hərəkətlərinə dair sənədlərin surəti “Notariat haqqında” Qanunun 32-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin notariat ofislərindən əldə edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini ifarəetmə birliyi” publik hüquqi şəxs “Kliniki tibbi mərkəz” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, 1958-ci il təvəllüdlü X9 xx.xx.2017-ci il tarixində saat 21:30-da Kürdəmir rayonu MRX-nın təcili yardım maşını ilə avtoqəzadan sonra bədənin müxtəlif nahiyyələrinin travması, xayanın cırılmış yarası, sol körpücük sümüyünün sınığı ilə X12 gətirilmişdir. Xəstənin deməsinə görə həmin gün avtoqəza nəticəsində xəsarət almışdır. Xəstə xx.xx.2017-ci il tarixində saat 10:00-da yaxşılaşma ilə lazımi məsləhətlər verilərək evə yazılmışdır. Ona “Xayanın və xarici cinsiyyət orqanının əzilmiş-cırılmış yarası. Sol körpücük sümüyünün sınığı” diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:36 radələrində DİN-nin 102 xidmətinə Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15də yaşayan X1 zəng edərək bibisinin ögey oğlu Tofiqin bıçaqla onu hədələməsi barədə məlumat vermişdir. Araşdırma zamanı ərizə və izahatı alınmış İddiaçı bildirmişdir ki, 2018-ci ildə X9 ilə qeyri-rəsmi ailə qurmuşdur və 2021-ci ilə kimi Vahidin ünvan 5 ünvanda yaşamışlar. 2021-ci ildə ünvan 6 başlamışlar. İddiaçı bunu qeyd etmişdir ki, sözügedən mənzili 2020-ci ildə almışlar və fərdi yaşayış evinin sənədləri, eləcə də kommunal xidmətləri onun adına sənədləşdirilmişdir. 2023-cü ilin avqust ayında o, işdə olarkən Vahidin təzyiqi qalxaraq insult keçirmişdir və TTY briqadası tərəfindən 2 saylı Əfəndiyev adına xəstəxanaya yerləşdirilmişdir. xx.xx.2023-cü ildə X9 vəfat etmişdir. Vahidin ölümündən üç gün keçdikdən sonra oğlu Tofiq ailəsi ilə evinə gələrək, atasından qalan əşyaları, pul və qızıl zinyət əşyalarını götürərək aparmışdır. İddiaçı xəstə olduğundan qardaşı onu Ağdam rayonuna aparmışdır və orada olarkən Tofiq onunla əlaqə saxlayaraq nəyə görə ona deməyərək getdiyini bildirərək geri qayıtmasını tələb etmişdir. İddiaçı evə qayıtdıqdan sonra Tofiq əşyalarını götürüb evdən çıxmağı tələb etmiş, əks halda evi yandıracağı ilə hədələyərək evin kilidini dəyişmişdir. Bundan sonra İddiaçı mübahisə olmasın deyə evdən çıxmışdır. Təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2017-ci ildə atası X9 yol qəzası keçirmişdir və həmin vaxt anası vəfat etmişdir. Atası Vahid ağır travma alaraq paralic keçirmiş və ona baxmağa adam axtararkən Gəncə şəhərində çörək sexində işləyən İddiaçı ilə tanış olmuşdur. Bundan sonra İddiaçı onlara gələrək atasına baxmış və çox keçmədən Gülnaz atasına, ona və uşaqlarına isinişərək ailə üzvünə çevrilmişdir. Cavabdeh çörək pulu qazanmaq üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir və bir müddət sonra atası ilə əlaqə saxladıqda uşaqların səsinin onu narahat etdiyini bildirmişdir. Bundan sonra Cavabdeh ünvan 7 ünvanda fərdi yaşayış evini 20.000 manata alaraq atasını və Gülnazı ora köçürmüşdür. Onlar orada yaşayarkən 2023-cü ilin avqust ayında atası Vahidin təzyiqi qalxaraq insult keçirmişdir və 2 saylı Əfəndiyev adına xəstəxanaya yerləşdirilmişdir. xx.xx.2023-cü ildə X9 vəfat etmişdir. Cavabdeh bunu da qeyd etmişdir ki, uşaqları Gülnaza isinişdiklərindən və onunla məktəbə getmək isdədiklərindlən xx.xx.2023-cü il tarixdə dəfələrlə zəng etməsinə baxmayaraq Gülnaz telefonu açmamışdır. Bir neçə gündən sonra Gülnazı görərək harada olduğunu soruşduqda sonuncu Ağdam rayonuna getdiyini bildirmiş və bu sözdən sonra aralarında söz mübahisəsi olarkən Gülnazdan əşyalarını götürərək evdən çıxıb getməsini xahiş etmiş və Gülnaz da özünə məxsus olan əşyaları götürərək çıxıb getmişdir. Cavabdeh fərdi yaşayış evinin atasına məxsus olmasını qeyd etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin bildirişinin surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində sayğac İddiaçı adınadır. İş materiallarında olan "xxxx" ASC-nin bildirişinin surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evində su sayğacı İddiaçı adınadır. İş materiallarında olan “Azəriqaz” İB-nin bildirişinin surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evində sayğac İddiaçı adınadır. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı Dövlət Universitetinin professoru, riyaziyyatçıdır. 12 ildir ki, Vahid Mehdiyevlə qonşu olmuşdur. Mərhum Vahid 2018-ci ildə qəzaya düşmüşdür, həmin qəzada onun həyat yoldaşı ölmüşdür. Qəzaya görə Vahidin məhkumluğu olmuşdur. Bir qolu olmadığına görə Vahidi tutumamışdırlar, amma məhdudiyyəti var idi və ona görə rəsmi nikaha daxil ola bilmirdi. Qəzadan sonra Vahid kimsəsiz uşaq kimi tənha qalmışdır. Qəzadan sonra Vahid əlil idi və ona baxan olmadığı üçün Vahid qonşusu Bəstidən ona arvad tapmağı xahiş etmişdir. Bəsti Gülnazı tapmışdır və 2020-ci ildə Gülnazı Gəncə şəhərindən Vahidin oğlu Cavabdeh ailəsi ilə qaldığı mənzilə yaşamağa gətirmişlər. Cavabdeh ailəsi ilə birlikdə yaşamaq onlara çətin idi. V.Mehdiyevin təqaüdü ailənin kommunal ödənişlərinə çatmırdı. Cavabdeh ailəsi başqa yerdə də yeyirdilər, V.Mehdiyev arvadı ilə ac-susuz qalırdılar. Məcbur olub Gülnaz xanım əlində olan öz pulu ilə bir otaqlı yaşayış evi almışdır. Daha sonra Vahidlə Gülnaz ora köçmüşdülər və orada yaşamışdılar. Tofiq atasına əl qaldıran, ona baxmayan övlad idi. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. İddiaçı cavabdehin mərhum atası V.Mehdiyevlə sonuncunun vəfat etməsi gününədək mübahisəli yaşayış evində birgə yaşamaqları işin mübahisəsiz halıdır. İddiaçı yaşayış evinin ona məxsus olduğunu və Cavabdeh mərhum atası V.Mehdiyevin arvadı olduğunu bildirir, cavabdeh isə mübahisəli evin özünə məxsus olduğunu, iddiaçının isə ataya baxmaq üçün dəvət edilmiş işçi olduğunu qeyd etmişdir. Mübahisəli ev özbaşına tikilidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1.-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Azərbaycan Respublikası MPM-in 13.4 və 13.5-ci maddələrinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 164.1.-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2.-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə ki, Konstitusiyanın 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. İşin faktiki hallarını araşdırarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli yaşayış evinə köçüb cavabdehin mərhum atası ilə birgə yaşamışdır, yaşayış evinin kommunal ödənişləri iddiaçının adından sonuncunun adına quraşdırılmış sayğac göstəricilərinə əsasən ödənilmişdir. İddiaçının cavabdehin mərhum atası ilə rəsmi nikahı olmamışdır. Tərəflərin arasında mübahisəli evin kimə məxsus olduğuna dair mübahisə vardır. Məhkəmə qeyd edir ki, cavabdehin iİddiaçının yaşadığı sahədən məhrum olunmasına yönəlmiş hərəkətləri qanunsuzdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Əksinə, tərəflərin izahatları və iş materialları ilə təsdiq olunur ki, mübahisəli sahə özbaşına tikili olmaqla tərəflərin sahəyə dair əmlak hüquqları qeydə alınmamışdır. Odur ki, iddiaçının mübahisəli evdə yaşamaq hüququnu təmin edilməklə iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə iddia tələbləri təmin edilməlidir. Məhkəmə qeyd edir ki, yaşayış evinin özbaşına tikili olması özü-özlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə cavabdehin mübahisəli yaşayış sahəsindən çıxarılması barədə iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edilmiş hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, mübahisəli yaşayış evi özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, bununla da mübahisəli evə dair tərəflərdən hər hansı birinin üstün hüququ müəyyən edilmədiyindən, iddia tələbi cavabdehin mübahisəli sahədən çıxarılması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15/10C ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Digər hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələblərinin qismən təmin edilməsi nəzərə alınaraq, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15/10C ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar