Məhkəmə qərarları › İş №2(011)-215/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-215/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-215/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx xxx 2019-cu il tarixli 017UG/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxx 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə əsas məbləği 53.718,3 manat, faiz borcu üzrə 2.778,64 manat, cərimə borcu üzrə 114,52 manat olmaqla, cəmi 56.611,46 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (ümumi sahəsi 45.2 kv.m) yönəldilməsi, bu əmlakların hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxx 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsi üzrə 56.611,46 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” İKB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinin ilkin satış qiymətinin 100.000 manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) ilkin satış qiymətinin 17.000 manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (ümumi sahəsi 45.2 kv.m) ilkin satış qiymətinin 19.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (ümumi sahəsi 45.2 kv.m) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixli 017UG/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxx 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx xxxx 2022-ci il tarixədək illik 15 faiz ödəmək şərtilə 62.265 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli 017UGİ/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzili, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli 017UGİ-1/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 45.2 kv.m), “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli 017UG-2/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqavilələri xx xxxx 2019-cu il tarixdə və xx xxxx 2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Əsas kredit müqaviləsinə Əlavələrdə nəzərdə tutulan ödəniş qrafiki üzrə dövri olaraq “xxxx” Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx xxx 2020-ci il tarixli maliyyə arayışına əsasən xx xxxx 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsinə görə əsas məbləği üzrə 53.718,3 manat, faiz borcu üzrə 2.778,64 manat, cərimə borcu üzrə 114.52 manat olmaqla, cəmi 56.611,46 manat borcu təşkil edir. xx xxx 2019-cu il tarixli 017UG/19 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə xx xxx 2019-cu il tarixli 017UGİ/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzili banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 100.000 manat məbləğində, xx xxx 2019-cu il tarixli 017UGİ-1/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 45.2 kv.m) banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 17.000 manat məbləğində, xx xxx 2019-cu il tarixli 017UG-2/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 19.000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə cavabdehdən tutulmalı olan əsas borcun, faiz və cərimə borclarının məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə əsas kredit borcu üzrə əsas məbləği 53.718,3 manat, faiz borcu üzrə 2.778,64 manat, cərimə borcu üzrə 114,52 manat olmaqla, cəmi 56.611,46 manat borc tutulmalıdır. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin “xxxx” KB ASC-yə ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzil, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 45.2 kv.m), Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) ipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx xxxx 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli rəylərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinin likvid dəyəri 105.500 manat; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) likvid dəyəri 31.500 manat; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (ümumi sahəsi 45.2 kv.m) likvid dəyəri 30.000 manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə “xxxx” MMC tərəfindən verilmiş mənzilin və qeyri-yaşayış sahələrinin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəylərdə müəyyən edilmiş likvid qiymətlərin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və qeyri-yaşayış sahələrinə tutma yönəldikdə onların boşaldılması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar Maddənin dispozisiyasından aşkar şəkildə görünür ki, mənzildə yaşayan və ya qeydiyyatda olan şəxslər ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş mənzili həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, sözügedən şəxslərin mənzili tərk etməsi üçün hüquqi fakt, mənzili alan şəxsin mülkiyyət hüququnun rəsmi şəkildə qeydə alınması deyil, mənzilə tutmanın yönəldilməsi və mənzilin satılmasıdır. Mübahisəli mənzili açıq hərracdan satın almış şəxsin mülkiyyət hüququ rəsmi şəkildə qeydə alınmamış, həmçinin cavabdehlər mənzili könüllü şəkildə tərk etməkdən imtina etməmiş onların mənzildən çıxarılmasının qət edilməsi düzgün deyildir və bu hal “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə ziddir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdehlərin könüllü şəkildə mənzildən çıxmaqdan imtina etməsi, onların məcburi qaydada çıxarılması və s. kimi xüsusatlar qətnamənin qüvvəyə minməsi və icraya yönəldilməsindən sonrakı mərhələyə aid məsələlərdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx xxx 2019-cu il tarixli 017UG/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxx 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə əsas məbləği 53.718,3 manat, faiz borcu üzrə 2.778,64 manat, cərimə borcu üzrə 114,52 manat olmaqla, cəmi 56.611,46 manat borc tutulmalı, tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (ümumi sahəsi 45.2 kv.m) yönəldilməli, bu əmlaklar hərracda satılmalı və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxx 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsi üzrə 56.611,46 manat borcu iddiaçı “xxxx” İKB ASC-yə ödənilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinin ilkin satış qiyməti 105.500 manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) ilkin satış qiyməti 31.500 manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 45.2 kv.m) ilkin satış qiyməti 30.000 manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 90 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin hesab-fakturasından görünür ki, keçirilmiş ekspertizaların dəyəri cəmi 900 manat təşkil edir. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat və ipotekaya tutma yönəldilməsinə dair iddiaçı tərəfindən ödənilmiş 90 manat Cavabdeh1 alınıb iddiaçı “xxxx” KB ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 900 manat Cavabdeh1 alınaraq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxx 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsi əsasında Cavabdeh1 53.718,3 (əlli üç min yeddi yüz on səkkiz manat otuz qəpik) manat əsas borc, 2.778,64 (iki min yeddi yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat faiz borcu, 114.52 (yüz on dörd manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 56.611,46 (əlli altı min altı yüz on bir manat qırx altı qəpik) manat pul vəsaiti, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat və ipotekaya tutma yönəldilməsinə dair ödənilmiş 90 (doxsan) manat alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (ümumi sahəsi 45.2 kv.m) yönəldilsin, bu əmlaklar hərracda satılsın və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-yə olan borcu ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinin ilkin satış qiyməti 105.500 (yüz beş min beş yüz) manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) ilkin satış qiyməti 31.500 (otuz bir min beş yüz) manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 45.2 kv.m) ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh1 iş üzrə daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 900 (doqquz yüz) manat alınaraq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar