Məhkəmə qərarları › İş №2(011)-2181/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2181/2025

11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2181/2025 11.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1983-cü il tarixdə doğulmuş qardaşı X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X6 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfat etdiyi gün xx.xx.2020-ci il tarixdə Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. Hal-hazırda vərəsəliyin müəyyənləşdirilməsi, dəfn pulunun alınması üçün qardaşı X2 ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır.Ölüm haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmiş lakin ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün mərhum qardaşı X2 adına ölüm haqqında şəhadətnamə verilmədi. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, ona zəng edərək qardaşının vəziyyətinin pisləşdiyini, özündə olmadığını və yerə yıxıldığını demişlər. Bundan öncə qardaşı ilə əlaqə saxlayanda ona demişdir ki, temperaturu yüksəkdir, ərizəçi ona xəstəxanaya aparmağı təklif etmişdir. Xəstəxanaya apardıqdan sonra onu, əvvəlcə terapiya şöbəsinə yerləşdirmiş daha sonra isə virusla əlaqəli olduğunu bildirərək digər şöbəyə keçirmişlər. Kəskin meningoensefalit diaqnozla vəfat etmişdir. Şəxsiyyət vəsiqəsini yeni alıb kiməsə verdiyindən həmi anda şəxsiyyət vəsiqəsi üzərində olmamışdır. Ölüm haqqında şəhadətnaməni necə alacaqlarını bilməmişdirlər. Şəhadətnamə barədə soruşduqda ona şəxsiyyət vəsiqəsi olmadan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirmişlər. Daha sonra ərizəçi qardaşı X2 şəxsiyyət vəsiqəsinin kopyasını gətirmiş, polisdən forma gətirmişdir laki yenə də ölüm haqqında şəhadətnaməni verməmişlər, təkrar şəxsiyyət vəsiqəsini tələb etmişlər. Suraxanı rayonu, Koroğlu qəsəbəsi, Dədə Qorqud qəbristanlığında dəfn olunmuşdur. İş üzrə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan şəxsiyyət vəsigəsinin surətindən görünür ki, X6 xx.xx.1983cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında Seyran oğlu qeyd edilmişdir. İş materiallarında olan, şəxsiyyət vəsigəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə anadan olmuş, ata adı qrafasında Seyran oğlu qeyd edilmişdir. İş materiallarında olan, 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 3-16-5/7-M-15-493/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarında olan, Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Dədə Qorqud qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan, X11 tərəfindən dəfn üçün verilən xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Yoluxucu reanimasiya şöbəsinə daxil olmuş, kəskin meningoensefalit, beyin ödemi Xr v/h.C, qaraciyər sirrozu klinik diaqnozu ilə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, X2 qəbirüstü daşı da vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, mərhumun qohumudur, dayısı qızıdır. Yas mərasimində iştirak etmişdir, ölüm xəbəri ona pis təsir etmişdir. Bir müddətdir, mərhumun qaraciyərində problem olduğunu və xəstə olduğunu bilmişdir, onun birdən birə vəfat etdiyini və dəfn mərasimində yox, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Ərizəçi arvadıdır. X6 yanvarın 6-sı gecə vəfat etmişdir. Xəstəxanada ona kəskin meningoensefalit diaqnozu qoyulmuşdur. Mərhum xəstəxanada olduğu zaman xəstəxanada gözləmiş, daha sonra isə dəfn və yas mərasimlərində iştirak etmişdir. Hövsanda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, mərhumun əmisi oğludur. X1 xəstə olmuş və müalicə almışdır, lakin hansı xəstəlikdən əziyyət çəkdiyini bilmir. Təxminən 2-3 ildən çoxdur ki, vəfat etmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhum Hövsanda dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidi dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahidlərin ifadələri və işin digər materialları ilə xx.xx.1983-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar