Məhkəmə qərarları › İş №2(011)-221/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-221/2023

06.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-221/2023 06.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın etibarsız hesab olunması və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı məhkəmədə iddia qaldıraraq, ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektin Cavabdeh2 adına dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılması və xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1000 (min) manat olmaqla icarə haqqının hesablanaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, sözügedən fərdi yaşayış evinə dair "xxxx" Mənzil Tikinti Kooperativi ilə aralarında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dair müqavilə bağlanılmışdır. Həmin bağlanılmış müqaviləyə müvafiq olaraq 2006-cı il tarixində isə sözü gedən qeyri-yaşayış obyektinin müqavilə üzrə dəyəri tam şəkildə ödənilmişdir. Bu barədə qəbzlər də əyani sübutdur. Buna baxmayaraq, iddiaçı uzun illərdir ki, öz vəsaiti hesabına almış olduğu obyektindən istifadə edə bilmir, qanunla müəyyən edilmiş qaydada gəlir əldə edə bilmir. İddiaçı tərəfindən dəfələrlə əmlakının boşaldılaraq ona təhvil verilməsini, eyni zamanda iddiaçının xəbəri olmadan ona məxsus əmlakı icarəyə verilməsinin qanun pozuntusu olduğunu Cavabdeh1 bildirsə də, öz hərəkətlərini davam etdirərək iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin bu gün icarə haqqı təxminən 1000 (min) manat təşkil edir. Belə olduğu təqdirdə iddaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılması və xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1000 (min) manat olmaqla icarə haqqının hesablanaraq iddiaçıya ödənilməsi üçün pretenziya ilə Cavabdeh1 müraciət etmişdir. Məsələnin məhkəmə qaydasında mübahisələndirilməsindən də aydın olduğu kimi, Cavabdeh1 öz qanunsuz əməllərini davam etdirərək iddiaçının müraciətinə məhəl qoymamışdır. Bundan başqa, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılaraq ona təhvil verilməsi, obyektin qeyri-qanuni şəxsin istifadəsində olub-olmamasını müəyyən etmək məqsədilə yoxlamanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət etmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin əməkdaşlarının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti artıq başqa şəxsin adına Cavabdeh2 hesabına özəlləşdirilmiş, ********* saylı qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Lakin sözügedən əmlakın hansı əsaslarla dövlət qeydiyyatına alınması iddiaçıya məlum deyildir. O həmin vaxtadək əmlakın Cavabdeh2 adına dövlət qeydiyyatına alınmasından xəbərsiz olmuşdur. Halbuki, yuxarıda qeyd etdiyi kimi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektini öz maddi vəsaiti hesabına almış, cavabdehin əmlaka qanunsuz sahiblik etməsinə qədər öz adına istifadə edərək gəlir əldə etmişdir. Hətta, iddiaçı sözügedən daşınmaz əmlaka dair vergi ödəyicisi kimi qeydiyyata alınaraq qanuni şəkildə vergi ödənişlərini də həyata keçirmişdir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyektinin başqa şəxsin adına özəlləşdirilməsi, ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınması qanunsuz olub bir mülkiyyətçi kimi onun hüquqlarına toxunur. Bütün bunlara əsasən, iddiaçı məsələnin məhkəmə qaydasında tam, hərtərəfli, obyektiv araşdırılmasını, ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin Cavabdeh2 adına dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılması və xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1000 (min) manat olmaqla icarə haqqının hesablanaraq ona ödənilməsini qanuni hesab edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verib, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin Cavabdeh2 adına dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılması və xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1000 (min) manat olmaqla icarə haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyib, iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin nümayəndəsi və işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmis “RUM MTK” (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan qeyri-yaşayış obyektinin təhvil verilməsi və kompensasiyanın ödənilməsi barədə pretenziyadan görünür ki, İddiaçı uzun illərdir ki, oz vəsaiti hesabına almış olduğu obyektindən istifadə edə bilməməsini, qanunla müəyyən edilmiş qaydada gəlir əldə edə bilməməsini qeyd edərək, dəfələrlə əmlakının boşaldılaraq ona təhvil verilməsini, eyni zamanda xəbəri olmadan ona məxsus əmlakın icarəyə verilməsinin qanun pozuntusu olduğunu bildirsə də, öz hərəkətlərini davam etdirərək onun mülkiyyət hüquqlarının pozulduğunu, belə olduğu təqdirdə ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılması və xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1000 (min) manat olmaqla icarə haqqının hesablanaraq ona ödənilməsini tələb etmişdir. İş materiallarında olan 03 aprel 2006-cı il tarixli 110 saylı kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, İddiaçı 04/02-06 №li qeyri-yaşayış sahəsinə görə 20000 ABŞ dolları ödəmişdir. İş materiallarında olan 12 aprel 2006-cı il tarixli 115 saylı kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, İddiaçı 04/02-06 №li qeyri-yaşayış sahəsinə görə 63160 ABŞ dolları ödəmişdir. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətinin Bakı şəhəri X8 Baş İdarəsində vergi ödəyicisi X4 olmaqla ətir mağazası kimi (icarə kontraktı xx.xx.2020-ci il) icarə məbləği 500 manat olmaqla xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkil sorğusuna 27 sentyabr 2022-ci il tarixli 01/xx-xx/6080 saylı cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (abunə kodu 12/49/445) xx.xx.2012-ci il tarixdə "xxxx" ASC tərəfindən Sərxan Əsədovun adına qeydiyyata alıınmış və xx.xx.2012-ci il tarixdə elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin elektron bazasında abonent Sərxan Əsədov ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə, ******* nömrəli elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanmasına dair məlumat vardır. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanılmış yaşayış binasında mənzilin alqı-satqısı haqqında 17 aprel 2006-cı il tarixli xx/xx-2006 saylı müqavilədən görünür ki, “mülkiyyətçi” "xxxx" MTK ünvan 2 ünvanında tikilməkdə olan binanın 2-ci blok 1-ci mərtəbəsində olan mağazanı “alıcı” Cavabdeh1 tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra Cavabdeh1 təhvil verməyi, “alıcı” Cavabdeh1 mənzilin dəyərini vaxtında tam ödədikdən sonra öz mülkiyyətinə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 4-cü bəndinə əsasən, mənzilin ümumi dəyəri 100% ödənilmişdir. İş materiallarında olan “icarəyə verən” İddiaçı ilə “icarəçi” X2 arasında bağlanılmış 07 sentyabr 2015-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən” "xxxx" MTK ilə xx.xx.2011-ci il tarixdə aralarında bağlanmış müqaviləyə əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1-ci mərtəbədə, 2-ci blokundakı, ümumi sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsini “İcarəçi”yə 1 il müddətinə (xx.xx.2016-cı ilədək qüvvədədir) X1 icarəyə vermişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, “İcarəçi” icarəyə götürdüyü sahəyə görə “İcarəyə verənə” 200 (iki yüz) manat icarə haqqı ödəyəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin vəkil sorğusuna 06 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən, İddiaçı (VÖEN: **********) məxsus ünvan 1 ünvanında yerləşən **********-20001 kodlu təsərrüfat subyektinin (obyektinin) olması barədə məlumat müəyyən edilmişdir. Vergi orqanında İddiaçı (VÖEN: **********) məxsus təsərrüfat subyektinin (obyektinin) "xxxx" MMC (VÖEN: **********) və X3 (VÖEN:**********) icarəyə verilməsi və hazırda təsərrüfat subyektinin (obyektinin) icarədarı və icarəçiləri arasında bağlanmış icarə müqavilələri barədə məlumatlar məktuba əlavə olunur. İş materiallarında olan “icarəyə verən” İddiaçı ilə “icarəçi” "xxxx" MMC arasında bağlanılmış 15 yanvar 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” ona məxsus ünvan 2 ünvanında yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1-ci mərtəbədə, 2-ci blokundakı, ümumi sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsini “İcarəçi”yə 3 il müddətinə "xxxx" MMC-yə icarəyə vermişdir. Həmin müqavilənin 4-ci bəndinə əsasən, “İcarəçi” icarə sahəsi üçün növbəti ayın onunadək hər ay 600 (altı yüz) manat icarə haqqı ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan “icarəyə verən” İddiaçı ilə “icarəçi” X4 arasında bağlanılmış 19 sentyabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “İcarəçi”yə 3 il müddətinə icarəyə vermişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən, “İcarəçi” icarə sahəsi üçün növbəti ayın onunadək hər ay 500 (beş yüz) manat icarə haqqı ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna 13 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MTK-nın 2 nömrəli xx.xx.2020-ci il tarixli protokolundan çıxarışa və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 52 saylı DNK-nın 4Ə-953 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan “Yaşayış binasında mənzilin alqı-satqısı haqqında” “alıcı” İddiaçı ilə “mülkiyyətçi” "xxxx" MTK-nın direktoru X7 arasında bağlanılmış 18 aprel 2006-cı il tarixli 04/02-06 saylı müqavilənin surətindən görünür ki, “Mülkiyyətçi” özünə məxsus olan ünvan 2 ünvanında tikilməkdə olan binanın qeyri-yaşayış sahəsini (“Alıcı” tərəfindən tam ödənildikdən sonra) “Alıcı” qeyri-yaşayış sahəsinin dəyərini vaxtında tam ödədikdən sonra öz mülkiyyətinə qəbul etməyi öhdəsinə götürür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası; Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Maddə 150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Maddə 452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "RUM” MTK-nın 2 nömrəli xx.xx.2020-ci il tarixli protokolundan çıxarışa və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 52 saylı DNK-nın 4Ə-953 reyestr nömrəli xx.xx.2022ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Daşınmaz əmlakın dövlət reyestri məlumatlarına əsasən qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququ Cavabdeh2 məxsusdur. Məlum olduğu kimi, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir Bu qayda ona dəlalət edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xeyrinə qeydiyyat aparılmış şəxsin hüquqlarına dair məlumatlar əsaslı, həqiqi və tam sayılır, əşya hüquqları qorunur. Belə olan halda, həmin reyestrdəki qeydin əsaslı olmadığını iddia edən şəxs öz iddiasını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirməlidir. Başqa sözlə, reyestrdə xeyrinə qeydiyyat aparılmış şəxs, həmin əmlak üzərindəki hüququnu sübut etməyə borclu deyil. Mübahisə halında qeydiyyata alınmanı düzgün hesab etməyən tərəf onun düzgün olmadığını sübuta yetirmək yükünü daşıyır. Bu baxımdan hazırkı işdə qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydin həqiqiliyini sübuta yetirmək cavabdehin vəzifəsi deyil. Çünki, əksi sübut edilmədikcə həmin qeydiyyat, habelə onun əsasında duran hüquqi səbəblər etibarlı sayılır. Reyestrdə cavabdehin adına olan qeydin əsaslılığına dair qanuni prezumpsiyanın əksini iddia edən tərəf kimi iddiaçılar istinad etdikləri halları sübuta yetirməlidirlər. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçının çıxarışın etibarsız hesab edilməsi barədə tələbinin əsası ondan ibarətdir ki, qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi ilkin olaraq onunla bağlanmış və dəyərini də özü ödəmişdir. Bu mövqe daşınmaz əşyaların rəsmi reyestrini aparan dövlət orqanı, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindəki məlumatın əsaslı olmadığı iddiasına söykənir. Belə olan halda, həmin hal mötəbər, şübhə yaratmayan və kifayətedici dəlillərlə sübuta yetirilməlidir. Əks halda daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların həqiqiliyi prezumpsiyası dəyişməz olaraq qalır. Buna baxmayaraq, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinə hüququnu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədən tələb edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qaldırdığı iddianın heç bir qanuni əsası yoxdur. Bundan əlavə, qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətinə verildiyindən, o cümlədən alqı-satqı müqaviləsi daha əvvəl Cavabdeh1 ilə bağlandığından iddiaçı hazırkı tələbinin əsasları ilə yalnız "xxxx" MTK-dan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə ki, iş materiallarında görünür ki, İddiaçı "xxxx" MTK-ya 20.000 ABŞ dolları və 63160 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Bundan əlavə, iddiaçı tərəfindən etibarsızlığı tələb olunan çıxarış 52 saylı Dövlət Notariat Kontorunun 4Ə-953 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən verilmişdir. Həmin müqavilənin imzalanmasına əsas isə qeyri-yaşayış sahəsinin ilkin mülkiyyətçisi Cavabdeh1 adına olan çıxarış olmuşdur. Həmin sənədlər qüvvədə olduğu halda onlar əsasında əldə olunmuş çıxarış mübahisələndirilmişdir. Məhkəmə həmçinin iddianın “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılması və xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1000 (min) manat olmaqla icarə haqqının hesablanaraq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbindən törəndiyindən, iddia tələbi həmin hissədə rədd edilməli olduğundan, iddia tələbinin göstərilən hissəsi də rədd edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən və iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, iddia əsassızdır, bu səbəbdən rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın etibarsız hesab olunması və əmlakın boşaldılması” tələbi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar