Məhkəmə qərarları › İş №2(011)-2238/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2238/2022

16.03.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2238/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 09 oktyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə 27 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 04 iyul 2008-ci il tarixdə Davud Ələkbərli və 04 fevral 2011-ci il tarixdə isə Nuray Ələkbərli anadan olmuşdur. Ərizəçi və maraqlı şəxs hal-hazırda boşanma prosesindədir. Eyni zamanda onların normal münasibətləri var. Sessiyanın gedişatında maraqlı şəxsə uşaqların ərizəçinin himayəsinə qalması və maraqlı şəxsdən heç bir aliment ödənişi olmaması təklif edilmişdir. Maraqlı şəxs sonradan buna müəyyən şərtlər əsasında razılıq vermişdir. Tam mediasiya sessiyasının yekununda qarşı tərəflə barışıq sazişi imzalanmışdır. Ərizəçiyə və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı madəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda; 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” AR Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Məhkəmə belə hesab edir ki, mülki-prosessual qanunvericiliyin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. İş materiallarında olan 09 oktyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, sazişin şərtlərində tərəflər aralarında bağlanmış 27 noyabr 2006-cı il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların Ərizəçi himayəsində qalması, Ərizəçi qarşı tərəfdən heç bir aliment tələb etməməsi, hər həftənin cümə günü saat 19:00-dan bazar günü 12:00-dək uşaqların Maraqlı şəxs yanında qalmaları göstərilmişdir. Barışıq sazişi Ərizəçi və Maraqlı şəxs tərəfindən imzalanmışdır. Məhkəmə qanunvericiliyin tələbinə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə Ərizəçi məhkəməyə Maraqlı şəxs ilə aralarında bağlanmış 09 oktyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin ərizəçi həmin barışıq sazişinin Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə iclasında işin hər hansı halı ilə aşkarlanmamışdır. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, ərizəçi ərizəsində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsum ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 09 oktyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar