Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2242/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 6 Saylı Bakı “ASAN Xidmət” Mərkəzini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:
1. Ərizəçi əri X6 xx.xx.2024-cü il tarixində dünyasını dəyişmişdir. Əri dünyasını dəyişməzdən əvvəl, vəziyyəti pisləşən zaman Təcili və X8 Stansiyasını çağırmış, xəstənin vəziyyəti barədə xəbərdar etmişdirlər. Lakin Təcili və X8 Stansiyası gəldiyində artıq əri dünyasını dəyişmişdir. Bundan sonra Təcili və X8 Stansiyası tərəfindən xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir.
2. Ərizəçi qohumları ilə birlikdə mərhum əri X4 xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qərib Pir ziyarətgahında yerləşən qəbiristanlıqda dəfn etmişdirlər.
3. Ərizəçi ölüm haqqında şəhadətnaməni almaq üçün “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ-in 46 nömrəli şəhər polikilinikasına və Bakı 6 saylı “ASAN Xidmət” X11 müraciət etsə də ona ölüm kağızını verməkdən imtina etmişdirlər.
Ərizəçinin tələbi:
4. Ərizəçi xx.xx.1962-ci il təvəllüdlü əri X3 xx.xx.2024-cü il tarixində ölməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
5. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında bildirmişdir ki, əri X6 xx.xx.2024-cü il tarixində vəfat etmiş, lakin, o 2 aydır ölüm kağızını ala bilmir. Gecə 02:30, 03:00 radələrində ərinə baxmaq üçün getmiş və öldüyünü görmüşdür. Ərinin adına çoxlu kredit və digər sənədlər var, lakin ölüm kağızını ala bilmədiyi üçün sənədləşmə işləri ilə məşğul ola bilmir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir.
7. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bakı 6 saylı “ASAN Xidmət” X13 xx.xx.2024-cü il tarixində məhkəməyə məktubla müraciət edərək, iş yükünün çoxluğunu və müraciətlərin sayının artmasını nəzərə alaraq qeydiyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Şahid1 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, mərhum onun qonşusudur, yanvar ayının 3-ü gecə vəfat etmişdir. Gecə onu qonşusu çağırmış və ərini çağırdığını lakin, oyanmadığını bildirmişdir. O da getmiş və Bəcənov Firuddinin vəfat etdiyini görmüşdür. Təcili tibbi yardım çağırılmış və onlar da Bəcənov Firuddinin rəhmətə getdiyini bildirmişdirlər. Yas və dəfn mərasimlərində iştirak etmişdir. Mərhum “Qərib Pir” məscidinin yanında yerləşən qəbiristanlıqda dəfn edilmişdir.
9. Şahid3 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, mərhum onun yaxın qonşusu və dostu olmuşdur. xx.xx.2024-cü il tarixində gecə səsə oyanmış və onlara getmişdir. Daha sonra təcili tibbi yardım çağırmışdırlar. Əvvəldən xəstəliyi var idi. Yas və dəfn mərasimlərində iştirak etmişdir. Mərhumu Mərdəkanda dəfn etmişdirlər.
10. Şahid2 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, mərhum onun qonşusudur. Gecə saatlarında Nigaran xanımın səsinə çıxmış və qonşuların da orada olduğunu görmüşdür. X15 öldüyünü demişdirlər. Mərhum Mərdəkanda dəfn edilmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
11. İİ-ЖГ 402503 №-li nikah haqqında şəhadətnaməyə əsasən, Ərizəçi və X6 xx.xx.1980-cı il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 № ilə qeyd edilmişdir.
12. Təcili və X8 Stansiyası tərəfindən verilmiş ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən, xx.xx.2024-cü il tarixdə, saat 03:10 vaxtında çağırışa əsasən həkim X17 qəsəbəsi, Mürşəlan küçəsi ünvanında yaşayan xəstə X3 yanına gəlmiş, kişi cinsli meyit, həkimə qədər ölüm diaqnozu qoyulmuşdur.
13. Bakı 6 saylı “ASAN Xidmət” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/7xx-xx/2024 nömrəli məktuba əsasən, X9 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsi ərizənin təmin edilməsinin mümkün olmadığını bildirmişdir.
14. 46 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 14 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü X1 Mürşəlan ünvanında xx.xx.2024-cü il tarixində 03:10 radələrində vəfat etmiş, mərhumun 46 nömrəli Şəhər Polikilinikasında son 5 ildə qeydiyyatı olmadığı üçün ona ölüm haqqında şəhadətnamə verilməmişdir.
15. xx.xx.2024-cü il tarixli arayışa əssən, Xəzər rayonu, Şağan qəsəbəsi, Qərib Pir ziyarətgahının nəzarətçisi X10 bildirmişdir ki, X6 xx.xx.2024-cü il tarixində Şağan qəsəbəsi, Qərib Pir ziyarətgahında yerləşən qəbiristanlıqda dəfn edilmişdir.
16. Şağan Bələdiyyəsi tərəfindən verilmiş 02 nömrəli, xx.xx.2024-cü il tarixli Arayışa əsasən, mərhum X6 həqiqətən də “Qərib Pir” ziyarətgahında yerləşən qəbiristanlıqda dəfn olunmuşdur.
17. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-i tərəfindən verilmiş 206 №-li, xx.xx.2024-cü il tarixli arayışa əsasən, mərhum X2 rayon, Mingəçevir küçəsi, 34/87 saylı evin mənzilində xx.xx.2024-cü ilədək, ölən günədək qeydiyyatda olmuşdur.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
21. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı: 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, şahid ifadələrini nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
23. Belə ki, məhkəmə araşdırması zamanı X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğu və müvafiq qeydiyyat şöbəsinin X3 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi X3 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyi müəyyən edilmiş, o cümlədən X3 xx.xx.2024-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutlar ilə sübuta yetirilmişdir.
24. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, bu səbəbdən X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Məhkəmə xərcləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin. 2 xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin.
3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova