Məhkəmə qərarları › İş №2(011)-2572/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2572/2025

10.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2572/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:

1. İddiaçı cavabdeh Maraqlı şəxs Ələddin oğlu ilə xx.xx.2021-ci il tarixdə 6 saylı Bakı "Asan Xidmət" Mərkəsi qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. 6 saylı Bakı "Asan Xidmət" Mərkəzi qeydiyyat Şöbəsində 224 №-li, xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə doğulmuş X4 adında övladları vardır.

2. Mediasiya müraciəti zamanı tərəflər arasında bağlanmış MŞB/16/2024-00518 saylı, xx.xx.2024-cü il tarixli barşıq sazişi əsasında onlar nikahın pozulması, birgə nikahdan xx.xx.2022-ci il tarixdə doğulmuş X1 anasının yanıda qalması və 18 yaşınadək saxlanılması üçün hər ay üçün 235 manat və uşağın 3 yaşınadək ayda 50 manat aliment ödənilməsi barədə razılığa gəlinmişdirlər.

Ərizəçinin tələbi:

3. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/16/2024-00518 saylı, xx.xx.2024-cü il tarixli barışıq azişi əsasında birgə nikahdan xx.xx.2022-ci il tarixdə doğulmuş X1 anasının yanıda qalması və 18 yaşınadək saxlanılması üçün hər ay üçün 235 manat və uşağın 3 yaşınadək ayda 50 manat aliment ödənilməsi hissəsində təsdiq edilməsi və həmin hissədə icraya yönləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında bildirmişdir ki, onlar arasında barışıq sazişi 15 aprel tarixində bağlanmış, lakin qarşı tərəf o vaxtdan bəri heç bir ödəniş ödəməmişdir. Həmçinin, qarşı tərəfin həmişə içkili gəldiyini, övladını buna görə ona göstərmədiyini bildirmişdir. Məhkəmədə ərizəsini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs öz izahatında qarşı tərəfin ona uşağını göstərmədiyini və hər ayın əvvəli uşaq üçün ondan pul tələb etdiyini bildirmişdir. Həmçinin, barışıq sazişi bağlanan zaman sazişin məzmununu başa düşmədən və əsəbi oduğu üçün oxumadan imzaladığını bildirmişdir. Bundan əlavə 235 manat və əlavə 50 manat ödənişi ödəməyə gücünün çatmadığını bildirmişdir. Məhkəməyə ərizə ilə razı olmadığını bildirmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. AZ-İ 503921 №-li Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Maraqlı şəxs və Ərizəçi arasındakı nikaha Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında pozulmuş, nikaha xx.xx.2024-c il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 879 № ilə qeyd edilmişdir.

8. AZ-İV 789501 №li Doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır.

9. Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Bakı şəhəri Xətai rayonu sektoru tərəfindən verilmiş 097 №-li, xx.xx.2025-ci il tarixli arayışa əsasən, Ərizəçi ünvan 1 ünvanında məskunlaşmışıdır.

10. MŞB/16/2024-00518 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən,

1. “Tərəflər Ərizəçi və Maraqlı şəxs nikahın pozulmasına razıdır və bununla bağlı qaldırılacaq iddianı qəbul edir.

2. Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X4 anası Ərizəçi himayəsində qalmasına razıdır.

3. Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün anası Ərizəçi (adına açılmış kart hesabına) 2024-cü ilin aprel ayından etibarən hər ay 235 (iki yüz otuz beş) manat və uşağın 3 yaşı tamam olanadək 50 (əlli) manat ümumilikdə 285 (iki yüz səksən beş) manat alimenti ödəyəcək.”

11. Digər sənədlər.

Tətbiq edilən hüquq: 12.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iş materiallarını, tərəfin izahını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.

16. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin “3. Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün anası Ərizəçi (adına açılmış kart hesabına) 2024-cü ilin aprel ayından etibarən hər ay 235 (iki yüz otuz beş) manat və uşağın 3 yaşı tamam olanadək 50 (əlli) manat ümumilikdə 285 (iki yüz səksən beş) manat alimenti ödəyəcək” məzmunda həmin hissəsində təsdiq edilməsidir.

17. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin qeyd edilən bəndini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin 3-cü bəndinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil.

18. Beləliklə, məhkəmə Barışıq sazişinin “3. Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün anası Ərizəçi (adına açılmış kart hesabına) 2024-cü ilin aprel ayından etibarən hər ay 235 (iki yüz otuz beş) manat və uşağın 3 yaşı tamam olanadək 50 (əlli) manat ümumilikdə 285 (iki yüz səksən beş) manat alimenti ödəyəcək” hissəsində təsdiq edilməsini mümkün hesab edir və ərizənin təmin edilməsi qənaətinə gəlir.

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış MŞB/16/2024-00518 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı bəndi (3-cü bəndi) bu məzmunda təsdiq edilsin: “3. Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün anası Ərizəçi (adına açılmış kart hesabına) 2024-cü ilin aprel ayından etibarən hər ay 235 (iki yüz otuz beş) manat və uşağın 3 yaşı tamam olanadək 50 (əlli) manat ümumilikdə 285 (iki yüz səksən beş) manat alimenti ödəyəcək.”

3. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar