Məhkəmə qərarları › İş №2(011)-2769/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2769/2025

11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2769/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1947-ci il təvəllüdlü X1 xx.xx.2010-cu il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası xx.xx.1947-ci il təvəllüdlü X5 xx.xx.2010-cu il tarixdə qəflətən vəfat etmişdir, mərhum şəkər xəstəliyindən əziyyət çəkmişdir. Həmin gecə çağrılan Təcili Yardım və X3 Şöbəsinin siqnal vərəqində mərhumun üzərində zorakılıq əlamətlərinin olmadığı öz əksini tapmışdır. Daha sonra anası Abşeron rayonu ərazisində yerləşən Saray qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin, mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə vərəsəlik hüquqlarının icrası üçün lazımdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1947-ci ldə Ağdam rayonunda anadan olmuşdur. Abşeron Mərkəzi Rayon Xəstəxanasının Təcili və X3 Şöbəsinin Siqnal vərəqəsindən görünür ki, xx.xx.2010-cu il tarixdə, Abşeron rayonu, Saray qəsəbəsində X1 həkimə qədər ölümü müəyyən edilmişdir, meyidin üzərində zorakılıq əlamətləri aşkar edilməmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, AR Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” haqqında Qərarının 4.3-cü bəndinə əsasən X1 ölümünü təsdiqləyən ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Abşeron rayonu Saray Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.2010-cu il tarixdə vəfat etmiş və Saray qəsəbə qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisi oğludur, mərhum X5 bibisidir, bibisi 2010-cu ilin mart ayında vəfat etmişdir, onu Saray qəsəbə qəbiristanlığında dəfn etmişlər, yasda da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisi oğludur, mərhum X5 bibisidir, Nahidin anası 26.03. 2010-cu ildə vəfat etmişdir, onu Saray qəsəbə qəbiristanlığında dəfn etmişlər, dəfndə və yasda iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə xx.xx.1947-ci il təvəllüdlü, Ağdam rayonunda anadan olmuş X1 xx.xx.2010-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2010-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü, Ağdam rayonunda anadan olmuş X1 xx.xx.2010-cu il tarixində Abşeron rayonu, Saray qəsəbəsində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar