Məhkəmə qərarları › İş №2(011)-2886/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2886/2021

19.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2886/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nə və Cavabdeh1 qarşı “işə bərpa və maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nə və Cavabdeh1 qarşı – iddiaçının Cavabdeh2 ASC-nin İdarə Heyyətinin sədri vəzifəsinə bərpa edilməsi və təsisçisi Cavabdeh1 9890 manat məbləğində dəymiş maddi zərərin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə keçirilmiş Ümumi yığıncaqda səsvermə yolu ilə Xətai rayonu, ünvan 1 ünvanda fəaliyyət göstərən Cavabdeh2 ASC-nin İdarə heyyətinin sədri seçilmişdir. Nizamnaməyə əsasən Cəmiyyətdə sədrin seçilməsi üç ildən bir ümumi yığıncaqda səsvermə ilə aparılmalıdır. Cavabdeh2 ASC-nin təsisçisi Cavabdeh1 mühasib Kifayyət Vəliyeva ilə birlikdə iddiaçıdan xəbərsiz Xalça yuma sexindən alınmış 13428 manatlıq vəsaitin gizlədilməsi, yeni tikilmiş və bərpa olunmuş binalarda xərclərin uçotunun qeydə alınmamasını, qaz və enerji xərclərinin düzgün aparılmamasını illik hesabatda protokoldan kənar həyata keçirdiklərini bilib iddiaçı protokolun təsdiq olunmasına sədr kimi imza etməkdən imtina etmişdir. Əlavə olaraq iddiaçının xəbəri olmadan elektron imzasından istifadə edərək mühasib X5 Bağırovun tapşırığı ilə özünü və qonşusu Saleh adlı şəxsi iqtisadçı və mühəndis vəzifəsinə işə qəbul edib. İddiaçı öz etirazını bildirmiş. Bundan sonra onlar iddiaçıya qarşı “kompromat" hazırlamağa başlamışlar. Bundan sonra Cavabdeh2 ASCnin təsisçisi Cavabdeh1 mühasib Kifayyət Vəliyeva ilə birləşərək iddiaçı barəsində (guya əsassız yerə 3 gün işə çıxmamışdır) akt yazaraq iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək vəzifələrini kobud surətdə pozduğuna görə işinə xitam veriblər. Beləliklə, Cavabdeh2 ASC-nin təsisçisi Cavabdeh1 iddiaçıya 18 aylıq əmək haqqı ilə bərabər pensiya artımı (iddiaçıya əmrin surətini və əmək kitabçasını vermirlər) ilə birlikdə 9890 manat maddi və mənəvi ziyan vurub. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, “işə bərpa” barədə iddia tələbi üzrə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin iddiaçı tərəfindən artıq ötürüldüynü bildirdilər və iddia əsassız olduğundan, iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan işəgötürən Cavabdeh2 ASC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdən işçi İddiaçı Cavabdeh2 ASC-nin idarə heyətinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağının 01 nömrəli xx.xx.2018-ci il tarixli protokolundan görünür ki, cəmiyyətin idarə heyətinin sədri üç il müddətinə İddiaçı seçilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC-nin Müşahidə şurasının qərarı üzrə 15 saylı xx.xx.2019-cu il tarixli işdən çıxma haqqında əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə (kontrakta) xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir və istifadə edilməmiş kompensasiya - 300 gün ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 ASC-nin müşahidə şurasının 01 saylı xx.xx.2019-cu il tarixli iclas Protokolundan görünür ki, Cavabdeh2 ASC-nin nizamnaməsinin 7.11-ci bəndinə uyğun olaraq İddiaçı cəmiyyətin idarə heyətinin sədri vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən çıxarılması və idarə heyətinin sədrliyindən azad edilməsi və digər üzvü X2 idarə heyətinin sədri təyin edilmişdir. İddiaçı işdən çıxarılmasına səbəb onun uzun müddət işə çıxmaması, əmək funksiyalarını həyata keçirməməsi və cəmiyyətin normal iş fəaliyyətini pozmaq olmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin nizamnaməsinin surətindən görünür ki, Cavabdeh2 ASC-nin idarə heyətinin sədrinin tutduğu vəzifəsinə uyğunsuzluğunu müəyyən etmək cəmiyyətin müşahidə şurasına həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Cavabdeh2 ASC-nin 2019-cu ilin iyul ayı üzrə əmək haqqı və axırıncı hesablaşma haqqında vərəqindən görünür ki, İddiaçı 2770,84 manat, X3 425,74 manat ödənilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehin ümumi yığıncağının qərarı ilə idarə heyətinin sədri seçilmiş, xx.xx.2019-cu ildə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı “işə bərpa” tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsini ləğv edilə bilər. Göründüyü kimi, iş materialları ilə müəyyən olunur ki, iddiaçının işdən çıxarılma səbəbi onun üzrsüz səbəbdən işə çıxmaması ilə bağlı olmuşdur. İddiaçı isə məhkəmə iclasında həmin halın əksini sübuta yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh “xxxx” ASC əmək qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq işçi İddiaçıla əmək müqaviləsinə xitam vermişdir. Yəni, məhkəmə hazırkı mübahisə üzrə işəgötürən tərəfindən əmək qanunvericiliyin hər hansı müddəalarının pozulmasını aşkar etməmişdir. Odur ki, iddia tələbi “iddiaçının işə bərpa olunması” hissəsində əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. İddia digər tərəfdən ona görə rədd edilməlidir ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, İddiaçı əmək müqaviləsinin ləğv edildiyini bildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında öz izahatında bildirmişdir ki, onun xx.xx.2019-cu il tarixində işdən çıxarılması barədə məlumatı olmuşdur. Lakin, mövcud iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Sadalanan qanunvericilik aktları normalarına və işin hallarına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın “Cavabdeh1 9890 manat məbləğində dəymiş maddi zərərin tutularaq ona ödənilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. İddiaçı maddi ziyanın ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, göstərilən zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin onlara vurulmasını məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ona maddi dəyməsi barəsində tələbi üzrə ona maddi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə iddiaçıya maddi ziyan dəyməsi tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, iddia tələbi göstərilən hissədə də əsassızdır. Odur ki, iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 ASC-yə qarşı – Cavabdeh2 ASC-nin İdarə Heyyətinin sədri vəzifəsinə bərpa edilməsi və təsisçı Cavabdeh1 9890 manat məbləğində dəymiş maddi zərərin tutularaq ona ödənilməsi barəsində iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar