Məhkəmə qərarları › İş №2(011)-2922/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2922/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2922/2020 21.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxx” MMMC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma və iddiaçının həmin mənzilə köçürülməsi” tələbinədair iddiası üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzilin alğı-satqısı barədə bağladığı xx xxxxx 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbəsindəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxx 2006-cı il tarixli, 111 saylı müqavilə əsasında “xxxxxxxxxxx” MMC-dən Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan birotaqlı mənzili dəyərini tam ödəyərək əldə etmişdir.”xxxxxxxxxxx” MMC-nin direktoru Kazım Kazımzadə qeyd edilən binada bir mənzili bir neçə nəfərə satdığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Kazım Kazımzadə barədə cinayət mühakimə icraatı davam edərkən göstərilən bina üzərində sərəncam vermə səlahiyyətləri Cavabdeh2 MMC-yə keçmişdir. MMC-nin direktoru X5 həmin vaxta, yəni xx xxxx 2012-ci il tarixində iddiaçını yanına çağıraraq həmin müqavilədə göstərilən mənzil üçün əlavə ödəniş 6000 manat almışdır. Həmçinin xx xxx 2014-cü il tarixdə iddiaçının razılığı ilə mənzilin başqasına satılmasına dair xx xxx 2014-cü il tarixli razılaşma protokolu tərtib edərək mənzili satmağı və 36.000 manat məbləği iddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmn şəxs mənzili satsa da, qeyd edilən məbləği iddiaçıya ümumiyyətlə ödəməmişdir. Yuxarıda qeyd edilən faktiki hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmündə hərfən qeyd edilmişdir. Cavabdeh2 MMC-nin direktoru X5 tərəfindən bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı çoxsaylı şikayətlər olduğundan onun da barəsində cinayət işi başlanılmışdır. Həmin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınanlardan biri də İddiaçı olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə X5 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmçinin həmin hökm ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan 50 saylı mənzillə təmin edilməsi qət edilmişdir. Bu hökmlə iddiaçının dələduzluq nəticəsində aldadıldığı təsbit edilmiş, bağlanmış razılaşma protokolunun aldatma və dələduzluq məqsədilə bağlanması nəticəsinə gəlinmiş və iddiaçının ilk olaraq həmin mənzilin dəyərini tam ödədiyindən həmin mənzil üzərində hüquqlarının tam bərpa edilməsi təmin edilmişdir. Xətai rayon İcra və Probasiya şöbəsində Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən başlamış olduğu icraat zamanı məlum olmuşdur ki, qeyd edilən mənzildə Cavabdeh1 yaşamaqdadır. Belə ki, icra qurumunun sorğusuna cavab olaraq “xxxxxxx” MMMC-nin xx xxxxxx 2019-cu il tarixli, A-25/2019 saylı cavab məktubunda Cavabdeh2 MMC ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 135 nömrəli alğısatqı müqaviləsi əsasında həmin mənzildə hazırda Cavabdeh1 yaşamaqdadır. Lakin hadisələrin baş vermə ardıcıllığından və Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən də göründüyü kimi Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsi qanunsuzdur və həmin şəxs sözügedən mənzildən çıxarılmalı və iddiaçının mənzildən çıxarılmalı və iddiaçının mənzil üzərində hüquqları real olaraq bərpa edilməlidir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxx” MMMC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər Cavabdeh2 MMC məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xətai rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iddiaçının iddia tələbinin əsasını Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm ilə mənzilin ona verilməsi təşkil edir. İddiaçı mənzilin hökm ilə ona verilməsinə istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə hökmün preyudisiallığına qiymət verərək Azərbaycan Respublikası MPMnin 82.4-cü maddəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin maddəyə əsasən cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında hadisənin olub-olmaması barədə məlumatın olması iddiaçını sübutetmə yükündən azad edir. Sözügedən qərar həmin hissədə məhkəmə üçün məcburidir. (AR MPM-nin 82.4-cü maddəsi) Maddədən də göründüyü kimi, preyudisiallıq yalnız həmin iş üzrə iştirak edən tərəfləri əhatə edir. Təhlil olunmuş iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, hazırkı iş üzrə cavabdeh Bakı Ağır Cinayətlər məhkəməsində işə baxılarkən hər hansı qismdə işdə iştiraka cəlb edilməmişdir. Halbuki prosesin gedişatında mübahisəli mənzilin üçüncü şəxsin xeyrinə özgəninkiləşdirildiyi faktı məlum idi. Beləliklə, hökmün preyudisial olmasını məhkəmə bu iş üzrə qəbul etmir. Daha sonra məhkəmə xx xxxxx 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissəyə qiymət verərək hesab edir ki, Mülki Məcəlləyə əsasən əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilik müəyyən müddət nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə, Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə qeyd edilən maddəyə münasibət bildirərək hesab edir ki, 354-cü maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Hazırkı iş üzrə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinin olmasına baxmayarq məhkəmə 354.2-ci maddənin tələblərindən irəli gələrək qeyd edir ki, burda söhbət iddia müddətindən deyil, kəsici müddətdən gedir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə 354-cü maddədən irəli gələn müddəalar hazırkı mübahisəyə tətbiq edərək iki halı yoxlamağı zəruri hesab edir. Birincisi maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Birinci məsələ ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmədə verilmiş izahatlardan iddiaçı tərəfin evin üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilməsi ilə bağlı məlumatı iddiaçı tərəf 2014-cü ilin may ayında əldə etmişdir. Belə ki, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunan Ramiz Bayramov öz izahatında bildirmişdir ki, hazırkı mübahisə predmeti onun qardaşı oğlu hazırkı iş üzrə iddiaçının adına müqavilə ilə rəsmiləşdirilsə də, mübahisəli evi əslində özü almış və 2006-cı ildən bu günə qədər olan proseslərlə özü maraqlanmışdır. 2006-cı ildə evin dəyərini Kazım Kazımzadəyə ödədikdən sonra MTK-nın rəhbərliyi dəyişdiyi dövrdə Əkbər Cəfərova əlavə olaraq 6000 manat ödəmiş və bununla bağlı ona maliyyə arayışı təqdim edilmişdir. Müəyyən müddət gözlədikdən sonra o, evin ona təhvil verilməməsini görmüş və 2014-cü ilin may ayında evinin başqa şəxsə satılmasını bildikdən sonra Əkbər Cəfərova yenidən müraciət etdiyini bildirmişdir. Həmin müraciətin nəticəsində Əkbər Cəfərovla etibarnamə üzrə nümayəndəsi olduğu iddiaçı arasında protokol imzalanmış və o protokola əsasən MTK üzərinə evi 36.000 manata satmağı və dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iddiaçı tərəfin hüquqlarının pozulduğunu bildiyi an kimi 2014-cü ilin may ayını müəyyən edir. Daha sonra məhkəmə qeyd edir ki, iddiaçı tərəfin 2014-cü ildə hüquqlarının pozulmasını bilmədiyi fərz olunsa belə, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən o, öz hüquqlarının pozulmasını bilməli olmuşdur. İknici hala münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia ilə xx xxxx 2020-ci ildə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı etibarsızlıqla bağlı qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin məhkəmə iclasında cinayət icraatı üzrə hökmün qüvvəyə minməsindən sonra məhkəməyə müraciət etmələri və müddəti ötürmədikləri dəlillərinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı cinayət mühakiməsi icraatı zamanı zərərçəkmiş şəxs qismində tanınmış və onun verdiyi mülki iddia xx xxxxxx 2017-ci il tarixli hökm ilə təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsində həmin hökm hazırkı iş üzrə iddiaçıya münasibətdə mübahisələndirilmədiyindən iddiaçıya münasibətdə həmin hökm 2017-ci ildə qanuni qüvvəsini almışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən cinayət mühakiməsi üzrə qəbul olunmuş hökmlər apelyasiya instansiya məhkəməsinin qərarından sonra qanuni qüvvəsini alır. Daha sonra məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 evində təmir işləri apardığı zaman iddiaçı tərəfin bununla bağlı məlumatı olmuş və iddiaçı tərəfindən qanunvericiliyin mülkiyyətin müdafiəsi ilə bağlı iddiaçıya verdiyi hüquqlardan heç biri istifadə olunmamışdır. İddiaçı mübahisəli mənzildə təmir işlərinin sair hərəkətlərin aparılmasının cavabdehə qadağan edilməsi ilə bağlı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Daha sonra məhkəmə qeyd edir ki, iddiaçı tərəfin mənzili 2006-cı ildə əldə etməsinə baxmayaraq bugünkü dövrə qədər həmin mənzillə bağlı hər hansı hərəkətlər edilməmişdir. Halbuki cavabdeh tərəf həmin mənzili təmir etdirməklə hazırda həmin mənzildən istifadə edir. 2014-cü ilin aprel ayından başlayaraq cavabdeh mənzildə deməsinə görə 52.000 manat dəyərində təmir işləri aparmışdır. Belə ki, cavabdehin hazırda sözügedən mənzildə yaşaması və mənzili təmir etdirməsi faktı işdə iştirak edən şəxslərin izahatları ilə təsdiq olunur. Göründüyü kimi 2014-cü ilin aprel ayından mənzil MTK tərəfindən cavabdehə təhvil vermiş, sonuncu həmin mənzilə yiyələnərək orada təmir işləri aparmışdır və hazırda orada yaşayır. Məhkəmə cavabdehə münasibətdə hesab edir ki, o, mübahisəli mənzili vicdanlı olaraq əldə etmişdir. Əmlakı vicdanlı əldə edən şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz, üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun xx xxxxxxx 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Göründüyü kimi cavabdeh mübahisəli mənzili MTK-dan əvəzi qabaqcadan ödənilməklə müqaviləyə əsasən əldə etmişdir və 2014-cü ilin aprel ayından mənzil onun sahibliyində, istifadəsindədir və o, mənzilə dair ondan əvvəl iddiaçı ilə müqavilə bağlanmasından açıq-aşkar məlumatsız olmuşdur. Məhkəmə iddia tələbinin Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbəsindəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması hissəsinə qiymət verərək hesab edir ki, nə qədər ki, cavabdehin həmin mənzil ilə bağlı bağladığı alğı-satqı müqaviləsi qüvvədədir, cavabdeh hazırkı gün də həmin mənzilin qanuni sahibidir. Odur ki, onun mənzildən çıxarılması ilə bağlı iddia təmin oluna bilməz. Məhkəmə iddia tələbinin İddiaçı həmin mənzilə köçürülməsi hissəsini araşdıraraq belə hesab edir ki, yuxarıda sadalananlara əsasən iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, İddiaçı ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzilin alğı-satqısı barədə bağladığı xx xxxxx 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbəsindəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar