Məhkəmə qərarları › İş №2(011)-2943/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2943/2023

26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2943/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi X1 “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1959-cu il təvəllüdlü X1 23 avqust 1976-cı il tarixində Bərdə rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən xx.xx.1959-cu il tarixində Bərdə rayonunda anadan olmuş X1 xx.xx.1976-cı il tarixində Bərdə rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X6 1959-cu il tarixdə anadan olmuşdur. 1959-cu il təvəllüdlü qardaşı xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. X2 rayonu Samux kəndində vəfat etməklə, Bərdə rayonu Samux kənd qəbirstanlığında xx.xx.1976-cı il tarixdə dəfn edilmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Azərbaycan Respublikası Maraqlı şəxsnə müraciət etmişdir. Həmin təşkilatdan ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan ölümün qeydiyyata alınmasının mümkün olmadığını və ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu bildirən imtina məktubunu vermişdirlər. X1 ölüm faktını və Bərdə rayonu Samux kənd qəbirstanlığında dəfn edilməsi faktını təsdiqləyən şahidləri var. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-26-5/8-15-134-2023 №-li cavab məktubundan görünür ki, şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyil, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmasını məsləhət görülür. Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X6 xx.xx.1959-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur, bu barədə xx.xx.1959-cu il tarixdə 74 nömrə ilə qeydə alınmışdır. X3, anası X11. Bərdə rayon İHB-nin Samux kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, mərhum X6 vəfat edən günədək Bərdə rayon Samux kəndində yaşamış, xx.xx.1976-ci ildə Bərdə rayon Samux kəndində vəfat etmiş və Bərdə rayon Samux kənd qəbirsanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X4 qəbirüstü daşı da vardır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X3, anası X12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, mərhumun atasıyla qohumdur, həmişə gediş-gəlişləri olub, ehtiyatsızlıqdan rəhmətə gedib. xx.xx.1976-ci ildə Bərdə rayon Samux kəndində vəfat etmiş və Bərdə rayon Samux kənd qəbirsanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, mərhum dostunun oğludur, 1976-ci ildə Bərdə rayon Samux kəndində vəfat etmiş və Bərdə rayon Samux kənd qəbirsanlığında dəfn olunub. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə xx.xx.1959-cu il təvəlllüdlü X4 xx.xx.1976-cı il tarixdə Bərdə rayonunda ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.1976-cı il tarixdə Bərdə rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar