Məhkəmə qərarları › İş №2(011)-2944/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2944/2022

22.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2944/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DƏMX-nin Bakı şəhər İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmrin ləğv edilməsi, işə bərpa və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DƏMX-nin Bakı şəhər İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmrin ləğv edilməsi, işə bərpa və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2016-cı ildə cavabdeh “KDV” Azərbaycan” MMC ilə aralarında bağlanılmış müddətsiz əmək müqaviləsinə əsasən ərazi satışları şöbəsində supervazyzer vəzifəsinə qəbul olunmuşdur. Əmək funksiyanı yerinə yetirdiyi zaman həmişə satış planını yerinə yetirmiş və işlədiyi dövrdə barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Əksinə vətən müharibəsində iştirak etdiyi üçün xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixlərdə, xəstəliyi ilə bağlı isə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə tabeçiliyində olan işçi, ticarət nümayəndəsi X1 əmək funksiyasını yerinə yetirsə də, bir müddət başqa işçini əvəz etdiyi müddət üçün cavabdeh ona əlavə əmək haqqı ödəməmişdir. Bu barədə çoxsaylı şifahi müraciətlərindən və aidiyyatı orqana yazılı ərizəsindən sonra gec də olsa, cavabdeh qanunla nəzərdə tutulmuş əlavə əmək haqqını ödəməklə yanaşı yol verdiyi qanun pozuntusuna görə barəsində inzibati protokol tərtib edilmişdir. Bundan sonra cavabdeh ona qarşı onsuzda qərəzli olan mövqeyini daha da artırdı və tez-tez müxtəlif bəhanələrlə onu işdən çıxartmağa çalışırdı. Xüsusi ilə də cavabdehin təşkilatda müdir müavini vəzifəsində işləyən Valeri Seleznyov adlı şəxs 2 ildən artıq ki, heç bir əsas olmadan əmək funksiyasının icrasına mane olmaqla yanaşı ona göstərdiyi təzyiqlərə səhhətinə və ailə vəziyyyətinə uyğun olmayan işə keçirtməyə başladı. O, tutduğu mövqedən sui-istifadə edərək Bakı və cənub bölgəsində satış müdiri vəzifəsində işlədiyi vaxt tabeçiliyində olan işçiləri onun icazəsi olmadan tabeçiliyindən çıxartmaqla yanaşı qəsdən əmək haqqına əlavə aldığı pulu azaltmaq üçün nəzarətində olan əraziləri də ixtisara salırdı. O, dəfələrlə bu şəxsə müraciət edərək ona qarşı olan qərəzli mövqeyindən əl çəkməsini və ona olan təzyiqlərə son qoymasını tələb etsə də, heç bir nəticə olmamışdır. Hətta bu şəxs ona qarşı təzyiqlərini davam etdirərək tabeçiliyində olan işçilərə təzyiq göstərib əleyhinə izahat toplamaqla tənbeh tədbiri tətbiq etmişdir. Sonradan əmrin əsassız və qanunsuz olduğu başa düşdüyü üçün həmin əmr ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə isə cavabdeh qərəzli olaraq ixtisar adı altında onu işdən çıxartmışdır. O, hesab edir ki, mübahisələndirdiyi həmin əmr də qanunsuz olduğundan ləğv edilməlidir. Çünki əmrin verilməsi üçün heç bir zərurət olmamışdır. Əksinə cavabdeh ixtisar prosesini həyata keçirən zaman onun hüquqlarını pozmaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq o, iş axtardığı müddət ərzində cavabdehin ixtisarla bağlı ona göndərdiyi xəbərdarlıqda ixtisarın səbəbi kimi əmək funksiyasını lazımınca yerinə yetirməmək kimi göstərməsi onun başqa iş yerlərində işə qəbuluna mane yaratmış və o, bu günə kimi iş tapa bilməmişdir. İxtisasına və əmək stajına uyğun işlərlə bağlı müraciət etdiyi yerlərdə ona təklif olunan əmək haqqı 3500-4000 manat arası olmuşdur. Lakin cavabdehin qərəzli mövqeyi sayəsində iş axtardığı müddət ərzində onu işə qəbul etməmişlər. Bu isə ona maddi ziyan vurmaqla yanaşı səhhətində ciddi psixoloji problemlər yaratmış və mənəvi iztirab keçirtməsinə səbəb olmuşdur. Bu səbəbdən o, hesab edir ki, iş axtardığı 3 ay müddət ərzində cavabdehin ona qarşı qərəzli mövqeyi səbəbindən aylıq 3500 manat əmək haqqılı işdən məhrum olunduğu uçun 10500 manat (3x3500=10500) maddi və cavabdehin qərəzli mövqeyinə görə onun və ailəsinin keçirtidiyi mənəvi iztiraba görə isə 5000 manat məbləğində mənəvi ziyan cavabdehdən alınaraq ona ödənilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, 01 mart 2022-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və vurulmuş maddi ziyanın əvəzi kimi 10500 manat, mənəvi ziyanın əvəzi kimi isə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehin ixtisarla bağlı ona göndərdiyi xəbərdarlıqda ixtisarın səbəbi kimi əmək funksiyanı lazımınca yerinə yetirməmək kimi göstərməsi onun başqa iş yerlərində işə qəbuluna mane yaratmış və o, bu günə kimi iş tapa bilməmişdir. Buna görə də onun əmək stajına və ixtisasına uyğun gələn iş yerlərindən əmək haqqı 3500-4000 manat məbləğində olduğuna görə 3 ay müddətində bu gəlirdən məhrum qalmışdır, nəticə etibarı ilə ona cavabdeh tərəfindən 10500 manat məbləğində maddi ziyan vurulmuşdur. İlk öncə qeyd etmək istəyir ki, iddiaçının ixtisarının səbəbi Cavabdeh MMC-də istehsalat zərurəti ilə əlaqədar əmək şərtlərinin optimallaşdırılması və xərclərin azaldılması olmuşdur. İddiaçıya göndərilən xəbərdarlıqda onun əmək funksiyalarının lazımınca icra edilməməsi ümumiyyətlə göstərilməmişdir. Əgər iddiaçı öz əmək funksiyalarını lazımınca icra etməmiş olsaydı, əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə yox (ştatın ixtisarı ilə əlaqədar), 70-ci maddəsinin “ç” bəndi ilə (əmək funksiyalarının icra əməsi) xitam verilərdi və heç bir işdənçıxma müavinəti verilməzdi. Əlavə olaraq vəzifəsinə başqa işçi qəbul olunardı. Cavabdeh tərəfindən isə iddiaçının tutduğu vəzifəsi ixtisar olunmuş, həmin vəzifəyə təbii olaraq heç bir başqa işçi götürülməmiş, iddiaçıya ştatın ixtisarı ilə əlaqədar olaraq qanunvericilikdə göstərilən bütün tələblərə riayət olunaraq son iş günü cəmi 12121.76 manat məbləğində ödəniş olunmuşdur. Bu məbləğə aşağıdakılar daxildir: fevral ayı üçün qalan əmək haqqı – 837.09 manat, orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinəti – 3193.7 manat, bayram günlərində işə çıxdığına görə - 2783.71 manat, istifadə olunmamış məzuniyyətə görə kompensasiya – 5187.25 manat, 1 gecikdirilmiş gün üçün faiz – 120.01 manat; Hətta cavabdeh iddiaçıya ünvanlanmış ixtisarla bağlı xəbərdarlıqda AR Əmək Məcəlləsinin 77.4cü maddəsinə uyğun olaraq xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli əmək haqqının ödənilməsini təklif etmişdir, lakin iddiaçı bununla razı olmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının işdən çıxması ilə bağlı heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna görə də, iddiaçı tərəfindən cavabdehdən maddi və mənəvi ziyanın ödənilməsinin tələb edilməsi əsassızdır. Göstərilənləri nəzərə alaraq, nümayəndə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DƏMX-nin Bakı şəhər İdarəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı həmin MMC-də ərazi satışları şöbəsində supervayzer vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə 01 mart 2022-ci il tarixdə xitam verilmiş və xitam verilmənin əsası kimi Əmək Məcəlləsinin 70 B (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) maddəsi göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli, 23/04-21 №-li arayışın surətindən görünür ki, 29 mart 2021-ci il tarixli 193 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh MMC-nin işçisi İddiaçı 05 mart 2021-ci il ərizəsini qanunvericilik tərəfindən araşdırmaq zəruriyyəti yarandığından sorğuya cavab gecikdirilmiş, nəticə olaraq ərizədə göstərilən tarixlərə istinad edərək, 23 aprel 2021-ci il tarixində işçiyə əlavə əmək haqqı hesablanaraq əmək haqqı kartına köçürülmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli, 25/04-21 №-li arayışın surətindən görünür ki, 29 mart 2021-ci il tarixli 192 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh MMC-nin işçisi İddiaçı şirkətlərində işlədiyi müddətdə əmək funksiyasının icrası ilə bağlı hər hansı intizam xətası törətməsi, əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi, işçi kimi hüquqlarından sui-istifadə etməsi və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya keyfiyyətsiz səbəbindən intizam məsuliyyətinə (töhmət, cərimə, sonuncu xəbərdarlıq və s. kimi intizam tənbehi ) cəlb edilməsi halları baş verməmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, 29/04-21 №-li arayışın surətindən görünür ki, onun barəsində 19 aprel 2021-ci il tarixli xəbərdarlıq əmri tərəflərindən təkrar araşdırılaraq əsassız olduğunu nəzərə alaraq ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli, 008K nömrəli İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, cənub bölgə üzrə supervayzer vəzifəsinin (ştatının) ixtisar olunması ilə əlaqədar Cavabdeh MMC-də cənub bölgə üzrə supervayzer vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 01 mart 2022-ci il tarixdən xitam verilməsi əmr edilmiş, İddiaçılə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona aşağıdakı təminatların ödənilməsi, yəni 2022-ci ilin fevral ayı üçün əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, AR Əmək Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxma müavinətinin verilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 01 dekabr 2021-ci il tarixli ştatın ixtisar edilməsi ilə bağlı əmək müqaviləsinin ləğv edilməsinə dair xəbərdarlığın surətindən görünür ki, Cavabdeh MMC-də Qərb və Cənub bölgələr üzrə supervayzer vəzifəsinin ixtisarı ilə bağlı tədbirlərin keçirilməsi ilə əlaqədar olaraq, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 02 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən, ştatın ixtisarı ilə bağlı 01 mart 2022-ci il tarixdən ləğv edilməsi barədə İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əlavə edilmiş Arayışlardan görünür ki, İddiaçı 2021-ci ilin yanvar ayında işlə bağlı "xxxx" MMC-yə müraciət etmiş, lakin Cavabdeh MMC-də işlədiyi dövrün son aylarında göstəricilərinin yaxşı olmaması səbəbindən ona imtina edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əlavə edilmiş Arayışlardan görünür ki, İddiaçı 2021-ci ilin dekabr ayında işlə bağlı "xxxx" MMC-yə əmək haqqı 3000 manat olan satış şefi vəzifəsinə işə qəbulla bağlı müraciət etmiş, araşdırma zamanı əldə etdikləri məlumatlardan və İddiaçı Cavabdeh MMC tərəfindən işdən azad olunma ilə bağlı verilmiş xəbərdarlıqdan məlum olmuşdur ki, onun Cavabdeh MMC-də işlədiyi son aylarda əmək funksiyasının icrası ilə bağlı göstəriciləri qənaətbəxş olmamışdur. Bu səbəbdən, onun işə qəbul etmək məqsədəmüvafiq sayılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları təsbit edilmişdir. Həmin maddəyə görə:

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən həmin MMC-də 02 sentyabr 2016-cı il tarixdə ərazi satışları şöbəsində supervayzer vəzifəsinə işə qəbul edilmiş, Cavabdeh MMC-nin 01 mart 2022-ci il tarixli, 008K nömrəli İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən isə cənub bölgə üzrə supervayzer vəzifəsinin (ştatının) ixtisar olunması ilə əlaqədar Cavabdeh MMC-də cənub bölgə üzrə supervayzer vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən 01 mart 2022-ci il tarixdən xitam verilmişdir. İddiaçılə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona 2022-ci ilin fevral ayı üçün əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, AR Əmək Məcəlləsinin 77.3cü maddəsinə uyğun olaraq orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxma müavinətinin verilməsi ilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatlar ödənilmişdir. Məhkəmə mülki işdə olan sübutlara qiymət verib, yuxarıda göstərilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda vurulmuş maddi ziyanın əvəzi kimi 10500 manat, mənəvi ziyanın əvəzi kimi isə 5000 manat pul vəsaitinin ödənilməsi barəsində digər iddia tələblərini araşdıraraq hesab edir ki, iddia tələbləri həmin hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək qanunvericiliyinin normaları pozulmadığından, eyni zamanda həmin qanunvericilikdə nəzərdə tutulmuş əmək müqaviləsinə xitam verilərkən işçilərə verilən təminatlar yerinə yetirildiyindən, cavabdeh təşkilat tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulması sübutlarla təsdiq edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DƏMX-nin Bakı şəhər İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmrin ləğv edilməsi, işə bərpa və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçının hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 500 manat hüquqi yardım haqqı və 50 manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar