Məhkəmə qərarları › İş №2(011)-2952/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2952/2025

13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2952/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı xx.xx.1968-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə qəflətən vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri Quşçuluq qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişlər. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə vərəsəlik hüquqlarının icrası üçün lazımdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1968-ci ldə anadan olmuşdur. 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. “Respublika Təcili və X3 Mərkəzi” X11 Bakı şəhər Xətai Rayon Prokurorluğunun sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində saat 15:59-da “Respublika Təcili və X3 Mərkəzi” X11 Mərkəzi Çağrı Xidmətinə (103) Xətai rayonu, “Nargilə” kafesinin yaxınlığında yerləşən Aptek ünvanından Mahmud Rzayevin (56 yaş) adına “ölüm” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Xətai TTTYS bölməsinin həkimi Sevinc Əliyeva icra edərək, ünvanda X2 məxsus meyit ilə rastlaşmış, “həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoymuşdur. “Bakı Baş Səhiyyə Mərkəzi” X12 Zığ Sağlamlıq Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Ərizəçi Forma 106 almaq üçün Zığ Sağlamlıq Mərkəzinə müraciət etmiş, X1 xx.xx.2025-ci il tarixində Xətai rayonu, “Nargilə” kafesinin yaxınlığında yerləşən Aptek ünvanında ölməsi səbəbindən Forma 106 verilməsi onların imkanı xaricində olmuşdur. Suraxanı rayonu Hövsan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu y/s qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun anası, mərhum X4 isə atasıdır, 06 fevral 2025-ci il tarixdə o, evə gəldikdə atasının vəfat etdiyini bilmişdir, atası evin yaxınlığında aptekdə vəfat etmişdir, onu xx.xx.2025-ci il tarixdə Quşçuluq qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi X4 ilə ailə dostu olmuşlar, xx.xx.2025-ci il tarixdə onun vəfat etmə xəbərini eşitmişdir, mərhum aptekdə vəfat etmişdir, onu evə gətirərək, 07 fevral 2025-ci il tarixdə Quşçuluq qəbristanlığında dəfn etmişlər, dəfndə və yasda iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə xx.xx.1968-ci il təvəllüdlü, X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həyat yoldaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X1 06 fevral 2025-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar