Məhkəmə qərarları › İş №2(011)-3020/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3020/2025

01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3020/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçinın “şəxsin ölməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə qəflətən vəfat etmişdir. Onun vəfatından sonra dəfn olunmuşdur.Ölüm haqqında şəhadətnamənin alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin mərhumun adına ölüm haqqında şəhadətnamə verilmədi. Faktiki olaraq onun vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, X3 onun atasıdır, 01 fevral tarixində ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə müraciət etmişdir. Hər hans quruma yaxınlaşdıqda bu sənəd tələb olunur. Ölüm zamanı təcili tibbi yardım çağırıblar lakin həmin vaxta qədər vəfat etmişdir. İş üzrə maraqlı şəxs 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə anadan olmuş, ata adı qrafasında X3 qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 3-16- 5/7-Ə-xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və X2 xx.xx.1978-ci ildə 61 nömrə ilə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən verilən xx.xx.2025-ci tarixli arayışdan görünür ki, X3 xx.xx.2025-ci il tarixində Əhmədli qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 Bakı Baş Səhiyyə X7 Şəxsi 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilən xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozu ünvanında yaşamış xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində X6 Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxsin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında xəstəliyi haqqında məlumat olmadığına görə TQS№106 verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, mərhum X3 qaynatası olmuşdur, mərhumun ürəyində problem var idi, sonuncu dəfə 29 yanvarda ad günü idi və oraya getmişlər, həmin gün narahatlıqlarını müşahidə etmişlər, lakin hər zaman olan ağrılarından olduğunu hesab etmişlər və mərhum 2 gün sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, mərhum X3 həyat yoldaşı olmuşdur, ürək problemi var idi, xəstəxanalara gedirdi, 1 saylı Şəhər Xəstəxanasında 1 ay müddətində müalicə almışdı, evdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahidlərin ifadələri və işin digər materialları ilə xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar