Məhkəmə qərarları › İş №2(011)-3038/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3038/2023

07.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3038/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00435 nömrəli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları: xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00435 nömrəli Barışıq Sazişinə əsasən ərizəçinin oğlu Maraqlı şəxs xx.xx.2023-cü il tarixindən əmək haqqısının 40%-ni aliment kimi ərizəçiyə ödəməli idi. Ancaq bu günə kimi maraqlı şəxs heç bir ödəniş etməmişdir. Ərizəçinin tələbi: xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00435 nömrəli Barışıq Sazişininin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək, ərizənin təmin edilməsinə, yəni aralarında olan barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi və ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci, 355-25.2-ci maddəsinə əsasən, işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00435 saylı Barışıq sazişinə əsasən X1 və Maraqlı şəxs mediasiya prosesi nəticəsində mübahisənin həlli şərtlərinə dair razılığa gəlmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1983-cü ildə Azərbaycan Respublikası Şuşa şəhərində anadan olmuşdur. Valideynləri qrafasında atası “X3”, anası “X5” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Nikah haqqında şəhadətnamədən göründüyü kimi Ərizəçi nikaha daxil olduqdan sonra ərinin soyadını qəbul etmiş, yəni, soyadını “Cəfərova” olaraq dəyişdirilmişdir. Ərizəçi şəxsiyyətini təsdiq edən sənədinin surətindən müəyyən olunur ki, şəxsiyyət vəsiqəsi xx.xx.2011-ci il tarixdə verilmişdir və o, öz qızlıq soyadına qayıtmışdır. İş materiallarına əlavə edilmiş yaşayış yeri haqqında arayışa əsasən, Ərizəçi ünvan 1 ünvanında Şuşa şəhərindən məcburi köçkün olaraq qeydiyyatsız yaşaması faktı müəyyən olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 94.1. Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Məhkəmənin mövqeyi: Məhkəmə maraqlı şəxsin izahatını və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahında xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00435 nömrəli Barışıq Sazişinin məhkəmədə təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir (xx.xx.2023-cü il). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00435 nömrəli Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı şəxs Cəfərov X2 Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00435 nömrəli Barışıq Sazişinin 9-cu bəndinə əsasən Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, o cümlədən xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00435 nömrəli Barışıq Sazişinin 9-cu bəndinə əsasən maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355- 23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs oğu arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023- 00435 nömrəli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf oğlu Maraqlı şəxs qarşı aliment tələbi üzrə İkinci tərəfin bu aliment məbləğ xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay onun əmək haqqısının 40%-nə yönəldilməsinə dair götürdüyü öhdəliklə razıdır. İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılıq ilə həll olunduğunu təsdiq edir.

2. İkinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra Birinci tərəf anası Ərizəçi ona qarşı aliment tələbini qəbul edərək bu məbləğin hər ay onun əmək haqqısının 40%-nə yönəldilməsinə və sazişin xx.xx.2023-cü il tarixdən başlayaraq icra olunması üçün iş yeri üzrə təqdim edəcəyinə dair öhdəlik götürür. Birinci tərəfə qarşı qarşılıqlı tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Ərizəçi tərəfindən ödənilən rüsumun əvəzi olan 100 manat Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar