Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3059/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında mediatorun iştirakı ilə bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs2 ona xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək hər ay 235 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüş və ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, bu dəyişikliyə əsasən ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Ancaq Maraqlı şəxs2 barışıq sazişindən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 355-25.2.maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xüsusi icraat qaydasında verilmiş ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: MŞB/8/2024-01159 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1-ci və 2-ci bəndlərindən görünür ki, İkinci tərəf Maraqlı şəxs2 Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10dək hər ay 235 manat sabit pul məbləğində aliment ödəyəcəyinə və ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, bu dəyişikliyə əsasən ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Həm ərizəsində, həm məhkəmə iclasında verdiyi izahatında ərizəçi bildirmişdir ki, birgə nikahdan dünyaya gələn övladlarının saxlanılması üçün aliment məbləğinin artırılması ilə bağlı aralarında barışıq sazişi bağlanmasına baxmayaraq Maraqlı şəxs2 alimenti hələ də Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğdə ödəyir. Bununla da, Maraqlı şəxs2 barışıq sazişi ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Məhkəmə hesab edir ki, iş materialları ilə barışıq sazişinin könüllü qaydada tam icra edildiyi sübut olunmadığından, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış MŞB/8/2024-01159 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi Maraqlı şəxs2 götürdüyü alimentin ödənilməsi öhdəliyinə dair hissədə təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2 ilə Ərizəçi arasında Maraqlı şəxs1nda bağlanmış MŞB/8/2024-01159 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin Maraqlı şəxs2 üzərinə götürdüyü öhdəliklərə dair 1-ci və 2-ci bəndləri aşağıdakı məzmunda təsdiq edilsin:
1. İkinci tərəf: Maraqlı şəxs2 bu sazişi imzalamaqla Birinci tərəf: (sabiq həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-9797/15 saylı qətnamədə göstərilən aliment məbləğinin artırılmasına razılaşaraq) xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək Birinci tərəf: Ərizəçi (Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına) 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürür.
2. İkinci tərəf: Maraqlı şəxs2 bu sazişi imzalamaqla Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn, yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci tərəfə ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öz üzərinə öhdəlik götürür. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Leyla Şövkətli-Mənsimli