Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3076/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 19.300 manat pulun və ödənilmiş 148 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə pul lazım olduğu üçün Xaçmaz şəhərində yerləşən ailələrinə məxsus evi satmış və həmin puldan borcunu ödədikdən sonra qalan məbləğə özü üçün qızıl-zinət əşyaları almışdır. İddiaçı pula ehtiyacı olduğu vaxtlarda yeni qızıllar almaq məqsədilə əvvəllər aldığı qızılları satmaq qərarına gəlmişdir. İddiaçı yaşadığı Yasamal rayonu, Bünyadzadə küçəsində qonşusu olan Cavabdeh2 qızıllarını satması barədə bildirmişdir. Qızıllarını baha və tez satması üçün Kifayət qızıl alveri ilə məşğul olan tanışı Aynurə adlı xanımla danışaraq, iddiaçıya məxsus qızılları 585 əyyarlı türk qızılının qramını 110 manatdan, 750 əyyarlı qızılın qramını 120 manatdan qiymətləndirməklə, ümumi dəyəri 40.000 manat olan qızıl-zinət əşyalarını satdıqdan sonra pulunu iddiaçıya ödəyəcəklərini bildirmişlər. Kifayət və Aynurə qızılların az miqdarını sataraq iddiaçıya az məbləğdə pul ödənişi etmişlər. Sonradan onlar qızılların hamısını satdıqlarını, lakin pulu öz ehtiyacları üçün xərclədiklərini bildirmişlər. İddiaçı pulu və ya qızıllarını tələb etsə də, onlar geri qaytarmamışlar. İddiaçı bununla bağlı Yasamal RPİ-nin 29-cu PB-nə şikayət etmiş, cavabdehlər qızılların bir qismini iddiaçıya qaytarsalar da, 19.255 manat dəyərində olan qızıllarını satıb pulunu xərclədiklərini bildirmişlər. 39-cu X1 və Aynurə ümumilikdə iddiaçıya 19.255 manat pul borclarının olduğunu etiraf etmişlər. Halbuki cavabdehlərin özlərində saxladığı iddiaçıya məxsus qızılların dəyəri 19.300 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 14 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Yasamal RPİ tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahat alınmışdır. Cavabdeh2 Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı zamanı verilmiş ifadəsində İddiaçı 18.685 manat məbləğində borcunun olduğunu, digər Cavabdeh1 isə ifadəsində İddiaçı 570 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. (AR MPM-nin 82.4-cü maddəsi) Məhkəmə cavabdehlər tərəfindən verilmiş ifadələrə qiymət verərək belə hesab edir ki, nə qədər ki, Cavabdeh2 cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində iddiaçıya 18.685 manat, digər Cavabdeh1 isə iddiaçıya 570 manat pul borcunun olmasını etiraf etmişdir, bu hal iş üzrə mübahisəsiz haldır. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində cavabdehlərdən 19.300 manat pulun tutulmasını xahiş etsə də, cavabdehlərin ona həmin məbləğdə borclarının olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə iclasında işin hər hansı halı ilə aşkarlanmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəflər arasında müəyyən öhdəliklərin olması qənaətinə gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 570 manat, digər Cavabdeh2 isə 18.685 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 148 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehlərdən 148 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 570 (beş yüz yetmiş) manat, digər Cavabdeh2 isə 18.685 (on səkkiz min altı yüz səksən beş) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3076/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3076/2022
29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver