Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3115/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci il tarixdə doğulmuş həyat yoldaşı X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, X5 xx.xx.1950-ci il tarixdə Azərbaycan Respublikasının İsmayıllı rayonunda anadan olmuşdur. O, xx.xx.2023- cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün İsmayıllı rayonu Xankəndi kənd qəbirstanlığında dəfn olunmuşdur.Ərizəçi bildirir ki, ölüm haqqında şəhadətnamə alınması üçün AR ƏN 6 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum həyat yoldaşı X2 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi oğlu ərizəni müdafiə edərək və izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarındda olan, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 xx.xx.1998-ci il tarix, 343 nömrəli qeyd ilə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyil, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmasını məsləhət görmüşlər. Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 18:00 da ünvan 2 ünvanına X5 adına çağırış olmuş və kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Zeyvə bələdiyyəsinin verdiyi arayışdan görünür ki, X2 xx.xx.2023-cü il tarixində İsmayıllı rayonunun Xankəndi kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, X5 onun bacısının əri olub, Rusiyadan gəlmişdi, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində evində təsadüfən mətbəxə keçib orda yıxılaraq ölmüşdür. X1 onun iştirakı ilə xx.xx.2023-cü il tarixində İsmayıllı rayonunun Xankəndi kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, X5 onun bacısının əri olub, rəhəmətə gedendə qış olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində evində təsadüfən mətbəxə keçib orda yıxılaraq ölmüşdür. İsmayıllı rayonunun Xankəndi kənd qəbirstanlığında dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahid ifadələri və işin digər materialları ilə X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-3115/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3115/2023
31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver