Məhkəmə qərarları › İş №2(011)-3125/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3125/2025

11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3125/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Sabunçu rayon Bakıxanov qəsəbəsində yerləşən Şəhriyyar adına qəbirsanlıqda dəfn olunmuş xx.xx.2007-ci il tarixdə vəfat etmiş xx.xx.1987- ci il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü X8 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir, oğlu talassemiyadan əziyyət çəkmişdir, daimi olaraq talassemiya mərkəzində qan köçürülmüş, lakin sonradan vəziyyəti ağırlaşmışdır, sonuncu dəfə həkim qəbulunda olanda həkim 10 günlük ömrü qaldığını bildirmişdir, kəndi çox istədiyi üçün yoldaşı oğlunu kəndə aparmışdır ki, son günlərini orda keçirsin, orada vəziyyəti pisləşmiş, Bakıya gətirmişlər, lakin yolda vəfat etmişdir, təcili yardım bununla bağlı kağız vermişdir, lakin başları qarışıq olduğu üçün şəhadətnamə almamışlar, mərhumun dəfn olunduğu qəbirstanlıqdan AKT verilmişdir. Yaşadığı ünvan 1 ünvanın İcra hakimiyyəti tərəfindən verilmiş orderdə xx.xx.1987-ci il təvəllüdlü X3 adı getdiyi üçün özəlləşmədə maneə yaranır. Bununla bağlı xx.xx.2007-ci il tarixdə vəfat etmiş oğlu Emin Məhərrəmovun ölüm sənədini almaq tələb olunur. X1 ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X6 şahid qismində ifadə verərək bildirmişdir ki, Ərizəçi onun əmisinin yoldaşıdır. Mərhum əmisi oğlu olub, uşaq vaxtından xəstə olub, həmişə qan köçürülüb, 20 yaşında rəhmətə gedib, əmisigil Həzi Aslanov qəsəbəsində yaşayırdılar, əmisi oğlu rayonu istədiyi üçün ora aparmışdılar, orda halı pisləşib, xəstaxanaya çatmadan yolda vəfat etmişdir, yas mərasimində iştirak edib, Bakıxanovda dəfn edilib. İş materiallarında olan AZE seriyalı, 01603162 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1987-ci il tarixində anadan olmuşdur. İş materiallarında olan 484898 saylı Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X7 Ərizəçi oğludur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 3-16/5/8-15-N-15-186 saylı məktubundan görünür ki, X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin (forma 106) olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 38 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Məktubdan görünür ki, X4 38 nömrəli Şəhər Poliklinikasına müraciəti olmadığına görə ölüm haqqında şəhadətnamə (Forma 106) verilməmişdir. İş materiallarında olan “Milli Hematalogiya və Transfuzologiya Mərkəzi” X14 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş sənədlərdən görünür ki, X7 2003-cü ildə talassemiyadan müalicə almışdır. İş materiallarında olan Bakıxanov qəsəbə İƏD nümayəndəliyi tərəfindən tərtib edilmiş Aktdan görünür ki, X7 xx.xx.2007-ci il tarixində Bakıxanov qəsəbəsinə yerləşən Şəhriyar qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, “X7”nun məzar daşı üzərində doğum tarixi kimi xx.xx.1987, ölüm tarixi kimi 2007.16.02 göstərilmişdir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, xx.xx.1987 təvəllüdlü X7 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1987-ci il təvəllüdlü vətəndaş X7 talassemiya xəstəliyindən əziyyət çəkmiş xx.xx.2007-ci il tarixində vəfat etmiş, Bakıxanov qəsəbəsinə yerləşən Şəhriyar qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi mərhumun anasıdır, ölüm faktını təsdiq edən sənəd ona mənzilin özəlləşdirilməsi üçün lazımdır, o, ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü vətəndaş X2 xx.xx.2007-ci il tarixində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar