Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3198/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı keçmiş həyat yoldaşı X3 ilə Bakı 16 saylı Mediasiya Təşkilatında “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən barəşıq sazişi imzalamışdır. Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 atasının Ərizəçi olmadığını qəbul etmiş və bununla bağlı sənədləşmə işlərinin aparılması üçün 2 ay müddətində müvafiq icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət etməyi öz üzərinə götürmüşdür. Lakin 2 ay keçməsinə baxmayaraq Həsənova X2 irəli gələn öhdəliyin könüllü icrasından imtina etmişdir.
Ərizəçinin tələbi:
2. Bakı 16 saylı Mediasiya Təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-02028 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
3. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, tərəflər uşaqla bağlı barışıq sazişi bağlamışdırlar. Maraqlı şəxs ərizəçinin xəbəri olmadan süni mayalanma ilə uşaq dünyaya gətirmişdir. Onlar uşağın atanın adından çıxarılması üçün müraciət etmişlər, lakin Barışıq sazişinin məhkəmə tərəfindən təsdiqi tələb edilmiş, müraciətləri qəbul edilməmişdir. Tərəflər birgə nikahda olmuş, 2023-cü ildə nikah pozulmuşdur. Uşaq 2022-ci il tarixində anadan olmuşdur, lakin ərizəçi birgə nikah dövründə maraqlı şəxslə ayrı yaşamış, nikah formal xarakter daşımışdır. Məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
6. Bakı 16 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə əsasən tərəflər mübahisə ilə bağlı məsələnin barışıq yolu ilə həll edilməsi barədə razılığa gəlirlər, o cümlədən, Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 atasının Ərizəçi olmadığını qəbul edir və bununla bağlı sənədləşmə işlərinin aparılması üçün 2 ay müddətində müvafiq icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət etməyi öz üzərinə götürmüşdür.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
8. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
9. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi:
10. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir.
11. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin müddəalarını təhlil edərək hesab edir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcuddur.
12. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 atasının Ərizəçi olmadığını qəbul etmişdir. Barışıq sazişi üçüncü şəxsin yəni, xx.xx.2022-ci il təvəllüdlü X1 hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı üçün məhkəmə barışıq sazişinin təsdiqindən imtina etməlidir.
13. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən nikahda olan ata və ana arasında doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə həll edilə bilər.
14. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir.
Məhkəmə xərcləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. Ərizə rədd edilsin.
2. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova